"ət-Təkəsur" surəsinin izahı

    09.08.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki,
2. gömülməklə qəbirləri ziyarət etdiniz.
3. Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
4. Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!
5. Xeyr! Kaş ki, yəqin biləydiniz.
6. Siz Cəhənnəmi mütləq görəcəksiniz!
7. Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
8. Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız.
ət-Təkəsur (Çoxluğa hərislik) surəsinin izahı

Çoxluğa hərisliyiniz başınızı o qədər qatdı ki, gömülməklə qəbirləri ziyarət etdiniz
Bu ayədə "çoxluğa hərisliyiniz" dedikdə mal-dövlət və övlad çoxaltmağa olan hərislik nəzərdə tutulur. Uca Allah dünya həyatını axirətdən üstün tutan kəslərə xitab edərək belə demək istəyir: “Dünyaya, onun nemətlərinə və bər-bəzəyinə olan sevginiz və bunları çoxaltmağa olan hərisliyiniz sizi Allahı zikr etmək və Ona itaət etməkdən o qədər yayındırdı ki, nəhayət, dünyadan köçüb qəbirə gömüldünüz”. Abdullah ibn əş-Şixxir rəvayət edir ki, bir dəfə mən Peyğəmbərin yanına gəldikdə o, “ət-Təkasur” surəsini oxuyurdu. O mənə dedi: “Adəm övladı (öyünərək): “Mal-dövlətim, mal-dövlətim!”– deyir. Halbuki sənin var-dövlətin, ey Adəm oğlu, ancaq yeyib ifraz etdiyindən, geyib köhnəltdiyindən və sədəqə verib qazandığından ibarətdir” (Səhih Muslim).
Peyğəmbər – sallallahu aleyhi və səlləm - demişdir: “Əgər Adəm övla­dı­nın bir vadi dolusu qızılı olsa, ikincisini də istəyər. Onun ağzını yalnız torpaq yuma bilər. Tövbə edənləri isə Allah bağışlayar” (Səhih əl-Buxari).

Yox-yox! Siz aqibətinizi hökmən biləcəksiniz!
Yəni, siz axirət yurduna qədəm qoyduqda dünya nemətlərinə olan hərisliyinizin sizə heç bir fayda vermədiyini mütləq biləcəksiniz. Sonra Uca Allah bunu ikinci dəfə vurğuluyaraq: “Bir də yox! Siz aqibətinizi tezliklə biləcəksiniz!” – deyə buyurur.
Əbu Zər rəvayət edir ki, Peyğəm­bər Bəqi qəbirista­nlığına tərəf getdi. Mən də onun dalınca getdim. O, arxaya çönüb məni gördükdə dedi: “Ey Əbu Zər!” Mən dedim: “Canım sənə fəda olsun, ya Rəsulallah! Buyur, əmrinə müntəzirəm”. O dedi: “Bu dünyada var-dövlətini çoxaldanlar, Qiyamət günü savabı azaldanlardır. Yalnız buna bu qədər, ona bu qədər xərcləyənlər müstəsnadır...” (Səhih Ədəbul Mufrad).

Xeyr! Kaş ki, yəqin biləydiniz
Əgər bu deyilənləri yəqin bilsəydiniz, doğru yolda olmadığınızı və böyük səhv etdiyinizi mütləq görərdiniz. Sonra Uca Allah buyurur:

Siz Cəhənnəmi mütləq görəcəksiniz! Onu həqiqətən öz gözünüzlə mütləq görəcəksiniz!
Qiyamət günü hər kəs Cəhənnəmi öz gözləri ilə görüb onun həqiqət olduğuna şahid olacaq. Uca Allah buyurur: “Ən böyük fəlakətin gəldiyi zaman – o gün insan törətdiklərini xatırlayacaqdır. Cəhənnəm isə hər görmə qabiliyyətliyə göstəriləcəkdir. Kim həddi aşmışsa, dünya həyatını axirətdən üstün bilmişsə, həqiqətən, Cəhənnəm onun sığınacağı olacaqdır. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə, həqiqətən, Cənnət onun məskəni olacaq” (ən-Nəziət, 34-41).
 
Sonra, o gün nemətlər barəsində hökmən sorğu-suala tutulacaqsınız
Uca Allah bəndələrinə bəxş etdiyi sağlamlıq, əmin-amanlıq, ruzi və başqa nemətlər barəsində Qiyamət günü sorğu-sual edəcək. Allah Elçisi buyurmuşdur: “Şübhəsiz ki, Qiyamət günü Allahın bəndədən nemətlər barəsində ilk olaraq soruşacağı: “Sənin bədənini sağlam etmədimmi və səni sərin su ilə bəsləmədimmi?”- deməsidir”. (ət-Tirmizi, 3358).
Həmçinin demişdir: “Uca Allah Qiyamət günü buyuracaq: “Ey Adəm oğlu! Mən səni at və dəvə üstündə gəzdirdim, səni qadınlarla evləndirdim, səni qənimətlər­dən pay alan və itaət olunan başçı təyin etdim, bəs bunların şükrü hanı?”
 

Paylaş: