Valideyndən icazəsiz məscidə getmək olarmı və peyğəmbərimiz kafirlərin başını kəsibmi?

    29.09.2014
Sual: 
Salam aleykum.Valideynlerden xebersiz ve yaxud icazesiz mescide getmek olarmi? Bele getmek yaxsi sayilirmi? Peygemberimiz (s.a.s) musriklerin kafirlerin baslarini kesibmi? ALLAH razi olsun.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!" (əl-İsra,23).
Amma Allahın vacib buyurduğu şeyləri qadağan etdikləri halda yenə də xoş davranmaq şərtilə, valideynlərə itaət etmək olmaz. Məsələn, cümə namazı fərz buyurulduğu üçün bu namaza söz-söhbət çıxarmadan, gizli də olsa mütləq getmək lazımdır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) demişdir: "Xaliqə (Yaradana) asi olmaqda məxluqata (yaradılmışlara) itaət etmək olmaz". (İmam Əhməd "Musnəd", 1095). Həmçinin demişdir: "Allaha asi olmaqda heç kimə itaət edilməz, itaət yalnız yaxşı şeylərdədir". (əl-Buxari, 6830, 7257; Muslim, 1840).
Digər namazlara getməkdə isə onlardan icazə alsanız yaxşıdır. Buna icazə vermələri üçün isə onları gözəl şəkildə, əxlaqla və səbirlə İslama dəvət etməlisiniz: "Rəbbinin yoluna hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət et və onlarla ən gözəl tərzdə mübahisə et. Şübhəsiz ki, Rəbbin azğınlığa düşənləri də, doğru yolda olanları da yailə yaxşı tanıyır". (ən-Nəhl, 125).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) heç bir kafirin başını kəsməmiş və bunu qadağan etmişdir. Abdullah ibn Ömər (Allah onlardan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) vida həccində demişdir: "Ay yazıqlar! (yaxud: Ay biçarələr!) Məndən sonra bir-birinizin boynunu vuraraq kafir olmayın!" (Muslim).
İslam dinində hər hansı bir şəxs ölümə layiq olsa belə, onu əzab-əziyyət və işgəncə ilə öldürmək qəti surətdə qadağandır: “Dünyada insanlara işgəncə tətbiq edənlərə Allah da o biri dünyada cəza verir". (Muslim və Əbu Davud).
Rəvayətə görə bir dəfə ən zalım düşmənlərdən biri əsir düşüb müsəlmanların əlinə keçmişdi. Bəzi adamlar ona əzab vermək istədilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) bunu qətiyyətlə qadağan edib dedi: "Mən ona işgəncə vermərəm. Əgər belə etsəm, peyğəmbər olsam belə, Allah məni də eyni qaydada cəzalandırar". (Hədis səhihdir).
Uca Allah buyurur: "Sizinlə vuruşanlara qarşı Allah yolunda siz də vuruşun və həddi aşmayın! Həqiqətən, Allah həddi aşanları sevmir". (əl-Bəqərə, 190).
"Kim sizə qarşı təcavüz etsə, siz də ona qarşı onun təcavüz etdiyi qədər təcavüz edin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir". (əl-Bəqərə, 194).

Paylaş: