"əl-Adiyat" surəsinin izahı

    08.10.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. And olsun tövşüyə-tövşüyə çapanlara!
2. And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
3. And olsun sübh çağı həmlə edənlərə ki,
4. hücuma keçib tozanaq qaldıraraq
5. qoşunun içərisinə soxulurlar.
6. Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur.
7. Özü də bunun şahididir.
8. Həqiqətən, o, mal-dövlətə çox hərisdir.
9. Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
10. və kökslərdə olanlar aşkar ediləcəyi zaman –
11. məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır?

əl-Adiyat (Çapanlar) surəsinin izahı
And olsun tövşüyə-tövşüyə çapanlara!
Uca Allah bu ayədə Onun yolunda cihadda sürətlə çapan atlara and içir.

And olsun dırnaqları ilə qığılcım çıxaranlara!
Bu atlar irəliyə can ataraq o qədər güclü çapırlar ki, dırnaqlarını basdıqda yerdəki daşlar bir-biri ilə toqquşub qığılcım əmələ gətirir.
 
And olsun sübh çağı həmlə edənlərə ki,
Bu atlar sübh çağı düşmənə hücum edir. Sübh çağı düşmənin üzərinə hücum etmək ən yaxşı vaxtdır. Çünki bu vaxt yuxu və diqqətsizlik hökm sürür.
 
Hücuma keçib tozanaq qaldıraraq qoşunun içərisinə soxulurlar
Bu atlar sürətlə hücuma keçdiklərinə görə tozanaq qaldırır və qorxmadan, yorulmadan düşmən dəstəsinin içərisinə soxulurlar. Atların bu xüsusiyyəti xeyirli olmalarından irəli gəlir. Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun – demişdir: “Qiyamət gününədək atların yüyənində xeyir qalacaqdır”. (əl-Buxari, 2850). Sonra Uca Allah buyurur:
 
Həqiqətən, insan Rəbbinə qarşı yaman nankordur
Doğru yola hidayət olunmayan insan Allahın nemətlərinə qarşı çox nankordur. Uca Allah onu nemətlərlə ruziləndirir, o isə Allaha şükür etmək və itaət göstərmək əvəzinə öz dikbaşlığını və ədavətini artırır. O, özünün dövlətli olduğunu gördüyü üçün azğınlıq edir.
 
Özü də bunun şahididir
Uca Allah insanın qəlbində olanlara və əməlinə şahiddir, həmçinin, insan özü də özünə şahiddir.
 
Həqiqətən, o, mal-dövlətə çox hərisdir
İnsanın mal-dövlətə olan hərisliyi açıq-aşkardır və elə bir kəs yoxdur ki, mal-dövlətə olan hərislikdən qurtula bilsin. Hər bir insan mal-dövlətə can atır, lakin hədsiz dərəcədə hərislik hər kəsdə olmur. Bəzi insanlar öz ehtiyaclarını qarşılamaq və Allahın bəndələrinə möhtac olmamaq üçün mal-dövlət istəyir, bəziləri bundan daha çox, digərləri isə həddən artıq olana hərislik edirlər. Sonra Uca Allah buyurur:
 
Məgər o bilmir ki, qəbirlərdə olanlar çıxardılacağı
Məgər o, Qiyamət günü insanların qəbirlərdən çıxardılaraq Allahın hüzuruna gətiriləcəklərinə inanmır ki, yaxşı əməllər edib o gün üçün tədarük görsün və həyatının məqsədini mal-dövlət toplamağa həsr etməsin?
 
və kökslərdə olanlar aşkar ediləcəyi zaman
Qiyamət günü insanların qəlblərində olan niyyətlər, həmçinin, təvəkkül, rəğbət, qorxu, ümid kimi digər qəlb əməlləri də aşkar ediləcək. Burada Uca Allah qəlblərdə olanları əsas götürür, çünki axirətdə əməllər qəlblərdə olanlara görə hesaba alınacaq.
 
məhz o gün Rəbbi onlardan xəbərdar olacaqdır
Uca Allahın öz bəndələrindən məhz Qiyamət günü xəbərdar olacağını vurğulaması, o günün haqq-hesab günü olmasına görədir. Çünki, Uca Allah həm Qiyamət günü, həm də ondan əvvəl baş verənlərdən xəbərdardır. O, keçmişdə və gələcəkdə olan hər şeyi bilir.
 

Paylaş: