Yasir adlı səhabə olubmu və bu adın mənası nədir?
Aleykum salam. "Yasir" sözünün mənası isə asan, rahat, yüngül deməkdir. Yasir (Allah ondan razı olsun) əslən Yəməndən olub peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) görkəmli səhabələrindən biri idi. Yasir ibn Amir, qardaşları Haris və Maliklə birlikdə itkin düşən dördüncü qardaşlarını axtarmaq üçün Yəməndən Məkkəyə gəlmişdilər. Uzun müddət orada qalsalar da, qardaşlarından heç bir xəbər ala bilməmişdilər. Bundan sonra Malik və Haris Yəmənə qayıtmış, Yasir isə Məkkədə qalmağa qərar vermişdi. Bu müddətdə Yasir Məxzum qəbiləsinin başçısı Əbu Huzeyfə ibn əl-Muğira əl-Məxzumi ilə razılaşmış, onun işlərini öhdəsinə götürmüşdü. Əbu Huzeyfə, az vaxt ərzində diqqətini çəkən Yasiri kölələrindən biri olan Sumeyyə (Allah ondan razı olsun) ilə evləndirmişdi. Bu evlilikdən də bir neçə övladları, xüsusəndə Ammar və Abdullah (Allah onlardan razı olsun) dünyaya gəlmişdi. Əbu Huzeyfə Yasiri azad etmişdi. Daha bundan sonra Yasir Bəni Məxzum qəbiləsinin (Məxzum oğullarının) köməkçisi hesab edilirdi. İslamı qəbul edənə qədər Yasirin ailəsinə olunan qayğı və mehribançılıq davam etdi.
Məkkə müşrikləri İslamı qəbul edənlərə işgəncə verirdilər. Bir dəfə Bəni-Məxzum qəbiləsi Ammarı, atası Yasiri və anası Sumeyyəni (Allah onlardan razı olsun) küçəyə çıxardıb, günorta çağı Məkkə istisində onlara əzab verməyə başladılar. Bu zaman peyğəmbər onların yanından keçirdi. O, bu mənzərini gördü və buna çox üzüldü. Yasir; “Ya Rəsulallah! Ömrümüz daim belə işgəncə ilə keçəcək?”deyə sual verincə, peyğəmbər; "Səbr edin, ey Yasir ailəsinin üzvləri, sizin mükafat yeriniz Cənnətdir!" - deyə buyurdu və sonra da onlar üçün "Ya Rəbbi! Ammar ailəsindən heç kimə Cəhənnəm əzabını göstərmə" deyə dua etdi.
Müsəlmanlara qarşı növbəti işgəncələr zamanı Yasir, zövcəsi Sumeyyə və oğlu Abdullah müsəlman olduqlarına görə, digər oğulları Ammarın gözləri qarşısında ağır işgənclərə məruz qalaraq şəhid edildilər. Onlar İslamın ilk şəhidləri hesab olunurlar.