Davud peyğəmbər Musa peyğəmbərdən (Onlara Allahın salamı olsun) əvvəl olubmu?

    02.11.2014
Sual: 
Salam Aleykum.Musa peyygenberden sonra hansi peygenber gelib? Davud(e) Musadan evvel gelib yoxsa sonra.Isa ile Musa arasinda peygenber olubmu? Yoxsa ard arda gelibler.Olubsa kim olub?
Cavab: 

Aleykum salam. Bu məsələ mübahisəli olsa da, səhih olan rəy budur ki, Davud Musadan (Onlara Allahın salamı olsun) sonra yaşayıb. Buna dəlil isə əl-Bəqərə surəsinin sonlarında Musadan (Ona Allahın salamı olsun) sonra yaşamış İsrail oğullarının hekayəsidir. Burada kafirlərlə vuruşan qoşunda Davudun (aleyhissələm) da iştirak etməsi və onun  döyüşdə kafirlərin başçısını öldürməsindən bəhs olunur: "Musadan sonra İsrail oğullarından bir dəstəni (onların başına gələnləri) bilmirsənmi? O zaman onlar öz peyğəmbərlərinə dedilər: "Bizə bir hökmdar təyin et ki, Allah yolunda vuruşaq!” O dedi: "Sizə vuruşma vacib edilsə, ola bilsin ki, vuruşmayasınız?" Onlar dedilər: "Madam ki, biz yurdumuzdan çıxarılmışıq və övladlarımızdan ayrılmışıq, onda nə üçün Allah yolunda vuruşmayaq?" Vuruşmaq onlara vacib edildikdə isə onlardan az bir qismi istisna olmaqla (hamısı döyüşdən) üz çevirdilər. Allah zalımları tanıyır. Peyğəmbərləri onlara dedi: "Allah Talutu sizə hökmdar təyin etdi!” Onlar dedilər: “O necə bizə hökmdar ola bilər ki, biz hökmdarlığa ondan daha çox layiqik və ona heç böyük var-dövlət də verilməmişdir". O dedi: "Allah sizin üzərinizə onu (hökmdar) seçdi, elm və bədəncə onun gücünü artırdı. Allah Öz mülkünü istədiyi kəsə verir. Allah (hər şeyi) Əhatəedəndir, Biləndir". Peyğəmbərləri onlara dedi: "Onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içərisində Rəbbinizdən bir təskinlik, Musanın ailəsindən və Harunun ailəsindən qalan (bəzi) şeylər vardır. Onu mələklər gətirəcək. Əgər siz möminsinizsə, bu sizin üçün bir dəlildir". Talut qoşunla birlikdə (döyüşə) yola düşdükdə (əsgərlərinə) dedi: "Allah sizi bir çayla imtahan edəcək. Kim ondan içsə, məndən deyildir. Bir ovuc götürən istisna olmaqla, kim ondan dadmasa, o, məndəndir”. Onların az bir qismi istisna olmaqla (hamısı) ondan su içdilər. (Talut) onunla olan möminlərlə birlikdə çayı keçdikdən sonra (bəziləri) dedilər: "Bu gün bizim Caluta və onun qoşununa gücümüz çatmayacaq". Allahla qarşılaşacaqlarını yəqin bilənlər isə dedilər: "Neçə-neçə az saylı dəstələr Allahın izni ilə çox saylı dəstələrə qalib gəlmişdir!" Allah səbr edənlərlədir. Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər: "Ey Rəbbimiz! Bizə səbr ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!" (Möminlər) Allahın izni ilə onları darmadağın etdilər. Davud Calutu öldürdü. Allah ona hökmranlıq və hikmət verdi, ona istədiyini öyrətdi. Əgər Allah insanların bəzilərini digərləri ilə dəf etməsəydi, yer üzü fəsada uğrayardı. Lakin Allah aləmlərə qarşı lütfkardır. Bunlar Allahın ayələridir. Biz onları sənə haqq olaraq oxuyuruq. Şübhəsiz ki, sən göndərilən elçilərdənsən". (əl-Bəqərə, 246-252).
Digər rəyin tərəfdarları isə, aşağıdakı ayədə sıralamada Davudun adı Musadan (Onlara Allahın salamı olsun) əvvəl çəkildiyi üçün, onun Musadan (Ona Allahın salamı olsun) qabaq yaşadığını iddia edirlər: "Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. (Bundan) əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq". (əl-Ənam, 84).
 

Teqlər: 
Paylaş: