Seyyid anlayışı doğrudurmu?

    06.01.2014
Sual: 
Salam Aleykum. Muselmanlardan seyyid olanlar dogru anlayishdir?
Cavab: 

Aleykum salam. "Seyyid" sözü ərəb dilində ağa, başçı deməkdir. İslam dinində seyyid sözü hörmət əlaməti olaraq Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavtı olsun) nəslindən olan insanlara deyilir. Peyğəmbər demişdir: "Mən qiyamət günündə insanların seyyidiyəm!" (Buxari, "Ənbiyə", 3; Muslim, "İman", 367, 369). "Fatimə cənnətdəki qadınların seyyidəsidir" (Buxari, "Fədailu-l-Əshab" 29; "Mənəqib", 25).

Təəssüflər olsun ki, Azərbaycanda bu anlayış düzgün qəbul olunmamışdır. Birincisi, bir insanın Peyğəmbərin nəslindən olmasını təsdiqləmək üçün həmin şəxsin seyyidliyini təsdiq edən sənədi olmalıdır. Bu sənəd bəzi ərəb ölkələrində olan nəsil arxivlərindən alınır. İkincisi isə ölkəmizdə özlərinin seyyid olmalarını iddia edənlərin əksəriyyəti bu addan sui-istifadə edərək insanları özlərinə tabe etdirir, nəzir vermək adı ilə sədəqələr yığır, özlərini hamıdan üstün tutur və Peyğəmbərin əhli-beytinə, onun nəslinə yaraşmayan əməllər edirlər. Halbuki, Peyğəmbərimizin əhli-beytinə sədəqə yemək qadağan olunmuşdur. Həmçinin, İslam dinində əsil-nəsəbi ilə öyünmək günah hesab edilir. Qurani Kərimdə və Peyğəmbərin səhih hədislərində xəbər verilir ki, Allahın dərgahında insanlar arasındakı üstünlük Allaha olan imana və itaətə görədir. İslam dinində buna təqva deyilir. Təqva Allahın buyurduqlarını yerinə yetirmək və Onun qadağan etdiyi şeylərdən çəkinməkdir. Uca Allah buyurur: "Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır" (əl Hucurat, 13).
Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Zəkat Muhəmmədə, Muhəmmədin qohumlarına verilməz. Çünki zəkat malın kiridir". (Muslim, Zəkat: 167); Həmçinin buyurub: "Biz əhli-beytik və bizə sədəqə, zəkat halal deyil". (Əbu Dəvud, Zəkat:  29; Muslim, Zəkat: 161). Rəvayət edilir ki, Əbu Hureyra (Allah ondan razı olsun) demişdir: "Məhsul yığımı zamanı Pey­ğəm­bərə (sallallahu aleyhi və səlləm) xurma gətirərdilər. Bəziləri onu özü gətirər, bəziləri də (başqa birisi ilə) göndərərdi. (Bu ta o vaxta qədər davam edərdi ki,) axırda onun yanında bir to­pa xurma yığılardı. (Bir dəfə Pey­ğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) nəvələri) Həsən və Hüseyn (Allah onlardan razı olsun) hə­min xurmalarla oynamağa başladı­lar. Onlardan biri xurmalardan birini götürüb ağzına qoydu. Pey­ğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona baxıb xurmanı onun ağzından çı­xart­dı və dedi: "Məgər bilmirsənmi ki, Muhəmməd ailəsi (Haşimi qəbiləsi) sədəqə yemir?!" (əl-Buxari, 1485). 
Digər tərəfdən Peyğəmbərin nəslindən olan insanların adlarının qabağında əlavə titul qoyulmur. Lakin, günümüzdə özünə seyyid deyən insan adının qabağında hökmən "Mir" adını qeyd edir. Halbuki, müsəlman aləmində "Mir" adından seyyidləri fərqləndirmək üçün istifadə edilmir. "Mir" sözü hətta ərəb dilindən gəlmir. İslam terminlərində və İslam tarixində adının qarşısında "Mir" sözü ilə başlayan şəxsiyyət yoxdur. Peyğəmbərə (sallallahu aleyhi və səlləm) və onun nəslindən olanlara Mir Muhəmməd, Mir Əli, Mir Hüseyn, Mir Həsən və s. deyilməyib.

Paylaş: