Öldükdən sonra orqanları bağışlamaq olarmı?

    10.01.2015
Kimdən: 
yegane
Sual: 
Salamu aleykum.xahis edirem ALLAH xetirine sualimi tezlikle cavablandirasiniz. Oldukden sonra orqanlarimi ehtiyaci olanlara vermek isteyirem.sizce bu duzgundurmu?
Cavab: 

Va Aleykum salam. Öldükdən sonra orqan bağışlamaq barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Konfransı Təşkilatının nəzdindəki İslam Fiqh Akademiyasının 6-11 Fevral 1988-ci il tarixdə qəbul etdiyi bir qərar var (İslam Fiqh Akademiyası IV Rüb Yığıncağı, 1 nömrəli qərar, Ciddə şəhəri, 6-11 Fevral 1988-ci il). Bu qərardakı hökmlər əslində müasir İslam alimlərinin ümumi qənaətini əks etdirir. Qərardan çıxan ümumi nəticə belədir ki, ölən insanın vəsiyyəti (icazəsi) və ya onun varislərinin icazəsi olarsa, ölən insanın faydalı olan bədən üzvlərini digər insana köçürmək olar. Lakin müəyyən şərtlər daxilində:

  1. Köçürülən bədən üzvü satış məqsədi daşımasın. Yəni, pul müqabilində olmasın. Çünki, heç bir halda bədən üzvünü satmaq olmaz. Əvvəl qeyd etdiyimiz kimi, orqan köçürülməsi yalnız orqan sahibinin vəsiyyəti və ya onun varislərinin izni ilə olmalıdır.
  2. Köçürülən bədən üzvü nəslin qarışmasına səbəb olan (xayalar, sperma və s.) bədən hissələri olmamalıdır.
  3. Bədən üzvünü hədiyyə edən şəxs mükəlləf (ağlı başında olan, həddi buluğa çatmış) olsun.

Orqan bağışlamağın icazəli olmasına dəlillər isə bunlardır:

  1. Uca Allah bizə insanlara yaxşılıq etməyi buyurur: "Həqiqətən, Allah ədalətli olmağı, yaxşılıq etməyi və qohumlara haqqını verməyi əmr edir" (ən-Nəhl, 90). İnsan bədən üzvləri ona Allah tərəfindən əmanət olsa da, digər insanların həyatını qurtarmaq məqsədilə öldükdən sonra orqanlarını başqalarına vəsiyyət etməsi yaxşılıq sayılır. Bədəni bizə bəxş edən Allah eyni zamanda yaxşılıq etməyi də əmr edir. Uca Allah həmçinin buyurur: "Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin" (əl-Maidə, 2). Həmçinin, bir insanın digərini özündən üstün tutması da bəyənilən əməldir. Uca Allah bu xüsusda buyurur: "Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır" (əl-Həşr, 9). 
  2. Uca Allah buyurur: "Kim də bir adamı ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar" (əl-Maidə, 32). Şəkk yoxdur ki, bir insan öldükdən sonra bədən üzvlərini hədiyyə etməsi ilə neçə-neçə insanları təhlükədən və ölümdən qurtara bilər.

Həmçinin oxuyun: Sağ ikən orqan bağışlamaq olarmı?

Teqlər: 
Paylaş: