Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər! (Qureyş surəsi)

    24.10.2022

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Qureyşin birliyi xatirinə,
2. onların qış və yay səfərlərindəki birliyi xatirinə
3. qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər.
4. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi.

"Qureyş" surəsinin təfsiri
Bu surə özündən əvvəl gələn əl-Fil surəsinə bağlıdır. Belə ki, Uca Allah “Qureyşin birliyi xatirinə” fillərin Məkkəyə hücum etməsinin qarşısını alır və fil sahiblərini məhv edir. Sonra bu birliyi izah edərək buyurur:

Onların qış və yay səfərlərindəki birliyi xatirinə
Bu ayədə qureyşlilərin ticarət məqsədi ilə qışda cənuba - Yəmənə, yayda isə şimala - Şama səfər etmələri nəzərdə tutulur. Onlar bütün ərəb qəbilələrinin yanında hörmətli olduqlarına görə səfərlərini sağ-salamat başa çatdıraraq Məkkəyə qayıdırdılar. Qureyşlilər Allahın müqəddəs Evi olan Kəbənin yerləşdiyi şəhərin sakinləri olduqlarına görə onları görən hər kəs onlara ehtiram göstərirdi. Bu, onların qış və yay səfərlərində olan vəziyyətləri idi. Onların Məkkə şəhərindəki vəziyyətinə gəlincə, bu haqda Allah buyurur: “Məgər onlar, ətraflarındakı insanlar yaxalandıqları halda, Məkkəni onlar üçün müqəddəs, təhlükəsiz bir yer etdiyimizi görmürlərmi?” (əl-Ənkəbut, 67). Sonra Allah bəxş etdiyi bu böyük nemətlərə görə onları şükür etməyə yönəldərək buyurur:

Qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər
Yəni, qoy onlar bu nemətlərə görə şükür edərək yalnız bu Evin Rəbbi olan Allaha ibadət etsinlər. Uca Allah buyurur: “De: "Mənə ancaq bu şəhərin (Məkkənin) Rəbbinə ibadət etmək əmr edilmişdir. O şəhər ki, Rəbbim onu haram buyurmuşdur. Hər şey yalnız Onundur. Mənə əmr olunub ki, müsəlman olum” (ən-Nəml, 91). Uca Allah Məkkəni əmin-amanlıq şəhəri etmiş və orada ağac kəsməyi, bitkiləri qoparmağı, ov ovlamağı və qan tökməyi haram etmişdir. Bundan sonra Allah buyurur:

Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi
Məhz o müqəddəs Evin Rəbbi Allah onlara ruzi verir və əmin-amanlıq bəxş edir. Ona görə də gərək onlar təkcə Allaha ibadət etsinlər və Onunla yanaşı heç bir bütə, insana, daşa, qəbirə ibadət etməsinlər. Beləliklə, hər kim tək Allaha ibadət etmək əmrini qəbul edərsə, Allah ona dünya və axirətdə əmin-amanlıq bəxş edər. Hər kim də Onun əmrinə qarşı çıxarsa, bu nemətdən məhrum olar. Bu surə bütövlükdə Allahın Qureyş qəbiləsinə bəxş etdiyi nemətlərin xatırlatmasıdır.

Paylaş: