Hicab azadlıqdır!

    18.02.2015

Hicab Allahın əmridir. Uca Allah Qurani-Kərimdə buyurur: "Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah Bağışlayandır, Rəhmlidir" (əl-Әhzab, 59).
Həmçinin buyurur:
"Mömin qadınlara da de ki, (harama baxmayıb) gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini (zinadan) qorusunlar. Qoy onlar – görünənlər istisna olmaqla, zinətlərini (naməhrəmə) göstərməsinlər; örtüklərini yaxalarının üstünə salsınlar..." (ən-Nur, 31).

"Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin..." (əl-Əhzab, 33).
Hicab geyinməklə yanaşı vacib buyurulan əməlləri edən müsəlman qadın Cənnətə daxil olacaq. Peyğəmbərimiz - sallallahu aleyhi və səlləm - demişdir: "Qadın beş vaxt namazını qılar, Ramazan orucunu tutar, özünü haramdan qoruyar və ərinə itaət edərsə, Qiyamət günü ona: Cənnətin hansı qapısından istəyirsənsə, ora daxil ol – deyilər...". (İmam Əhməd, 1661).
Uca Allahın əmrindən çıxaraq açıq-saçıq geyinmək isə qadını axirət əzabına apara bilər. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Görmədiyim iki sinif insan vardır ki, onlar cəhənnəmin əhlidirlər. İnəklərin quyruğuna oxşayan dəyənəklə insanları döyənlər və geyindiyi halda çılpaq görünən, pisliyə meyl edən və meyl etdirən, başları dəvənin hörgücünə bənzəyən qadınlardır. Bu sinif insanlar cənnətə girməyəcək, heç qoxusunu da duymayacaqlar. Halbuki onun qoxusu filan qədər məsafədən hiss edilir". (Səhih Muslim, 5704, 3971).
Həmçinin, Allah Rəsulu demişdir: "Ən xeyirli qadınlarınız Allahdan qorxduqları təqdirdə ərlərini sevən, çox uşaq dünyaya gətirmək əzmində olan, ərinə itaət edən və üzüyola olanıdır. Ən pis qadınlarınız isə açıq-saçıq geyinən və forslananlardır, belələri münafiqlərdir. Onlardan yalnız ala qarğaya bənzəyənləri Cənnətə girəcəklər". (Sünən əl-Beyhəqi, 7/82; Səhih Hədislər Silsiləsi, 1849). Ala qarğa qanadları ağ olan, bəzisinin isə ayaqları ağ olandır. Bəzilərinin dimdiyi və ayaqları qırmızı olur. Bu cür təsvir olunan qarğalara çox nadir hallarda rast gəldiyi üçün hədisdə misal çəkilmişdir.

Hicab qadını qoruyur və onu ucaldır

Hər bir qadının arzusu ona şəxsiyyətinə görə hörmət edilməsi və sevilməsidir, çünki gözəllik keçicidir. Açıq-saçıq geyinən qadına isə pis niyyətli, şərli insanların yaxınlaşması qaçılmazdır. Bu səbəbdən Uca Allah hicabı vacib edərək buyurur: "Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir" (əl-Әhzab, 59).
Hicabın geyinilməsi cəmiyyətimizdə hörmətlə qarşılanır, çünki bu, milli-mənəvi dəyərlərimizdən irəli gəlir. Hicablı qadın öz ərinə, atasına, ətrafındakı kişilərə də nümunə olaraq təsir edir.
İslam dini qadını qoruyaraq onun şəxsiyyətini uca tutur, əsil hörmət və azadlıq da budur. Açıq-saçıqlığı təbliğ edənlər isə qadını yalnız şəhvət obyekti səviyyəsinə endirmək üçün bunu "gözəllik", "azadlıq" adlandırırlar. Reklamlarda açıq-saçıq qadınların göstərilməsi onlara olan hörmətə görədirmi, yoxsa məhsulların satılması üçün?!

Paylaş: