Körpə ikən danışmış uşaqlar

    07.02.2014

      Sizə təqdim edəcəyimiz hədis uzaq keçmişdə yaşayanların əhvalatları haqqında olacaqdır. Hədisdə Peyğəmbər – ona və ailəsinə Allahın salavatı və salamı olsun - ancaq iki nəfərin beşikdə ikən danışdığını dedikdə İsrail oğulları arasında olanları nəzərdə tutur. Çünki, O başqa hədisdə belə buyurur: "Dörd uşaq körpə ikən danışmışdır." Onlardan üçü burada qeyd olunmuşdur, dördüncüsü isə Yusuf peyğəmbərin günahsız olduğunu söyləyən körpədir. Bu hədis ilahi möcüzə, valideyn haqqı, Allahın öz sadiq bəndəsinə yardım etməsi barəsində danışır.
      Peyğəmbər demişdir: “Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa və Cureycin müsahibi danışmışdır.” Səhabələr soruşdu: “Ey Allahın peyğəmbəri! Cureycin müsahibi kimdir?” O dedi: “Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan pozğun bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi.
      Günlərin bir günü Cureycin anası gəlib: “Ey Cureyc!” deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: “Anammı, ya namazmı?”– dedi, sonra da namazı anasından üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı, ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: “Anammı, ya namazmı?”– dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: “Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca, Allah səni öldürməsin!”– dedi, sonra da çıxıb getdi.
      Naxırçı ilə yaxınlıq etmiş o qadını zinadan doğulmuş körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: “Uşaq kimdəndir?” Qadın: “Cureycdəndir!”– deyə cavab verdi. Padşah yenə soruşdu: “Komanın sahibimi?” Qadın: “Bəli!”– deyə cavab verdi. Padşah dedi: “Onun komasını dağıdın, özünü də yanıma gətirin!” Onun komasını yerlə-yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu padşahın yanına apardılar. Cureyc zinakar qadınların yanından keçərkən, onları görüb gülümsədi. Onlar da camaatın arasından ona baxırdılar. Padşah dedi: “Bilirsənmi bu qadın nə iddia edir?” Cureyc soruşdu: “Nə iddia edir ki?” Padşah dedi: “İddia edir ki, uşağı səndəndir”. Cureyc qadına dedi: “Doğrudanmı sən belə iddia edirsən?” Qadın: “Bəli!”– deyə cavab verdi. Cureyc soruşdu: “O körpə haradadır?” Dedilər: “Budur, qadının otağında!” Cureyc ona yaxınlaşıb soruşdu: “Atan kimdir?” Körpə: “Naxırçıdır!”– deyə cavab verdi. Padşah Cureycin təqsiri olmadığını anlayıb dedi: “Komanı qızıldan düzəldəkmi?” O: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs gümüşdən necə?” O yenə də: “Xeyr!”– deyə cavab verdi. Padşah dedi: “Bəs necə edək?” O dedi: “Onu əvvəlki şəklinə qaytarın!” Padşah dedi: “Bəs nə üçün gülümsədin?” O: “Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi”– dedi, sonra da başına gələni onlara danışdı” (Səhih əl-Buxari və Səhih Muslim).
      Digər rəvayətdə isə üçüncü körpə haqqında belə deyilir: "İsrail oğullarından olan bir qadın öz uşağını əmizdirərkən yaraşıqlı bir atlı onun yanından keçdi. Uşağın anası atlını görüb dedi: “Allahım, mənim oğlumu da bunun kimi et!” Bu vaxt uşaq anasının döşünü buraxıb atlıya tərəf üz tutdu və dedi: “Allahım, məni onun kimi etmə!” Əbu Hureyra dedi: “Mən sanki Peyğəmbərin öz barmağını sovurduğunu görürəm.” Peyğəmbər dedi: “Sonra bir kəniz oradan keçdi və uşağın anası dedi: “Allahım, mənim oğlumu bunun kimi etmə!” Bu vaxt uşaq anasının döşünü buraxıb dedi: “Allahım, məni onun kimi et!” Sonra yenə anasının döşünü əmməyə başladı. Anası dedi: “Niyə belə?” Uşaq dedi: “O atlı qəddar adamlardan biridir. Bu kəniz barəsində isə: “O, zina edib, oğurluq edib”- deyirlər, halbuki o belə bir iş tutmayıb.” (əl-Buxari, 3436).

Paylaş: