Etikaf

    12.03.2015

Ramazan ayının sonuncu on günündə etikaf etmək sünnədir, müstəhəbdir. Etikaf etmədə məqsəd savab qazanmaq və qədr gecəsinə müvəffəq olmaqdır. Uca Allah buyurur: «Mərhəmətli, rəhmli Allahın adı ilə! Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi (lövhi-məhfuzda dünya səmasına) nazil etdik! (Ya Peyğəmbər!) Sən nə bilirsən (haradan bilirsən) ki, Qədr gecəsi nədir?! Qədr gecəsi (savab cəhətdən) min aydan daha xeyirlidir! O gecə mələklər və ruh (Cəbrail) Rəbbinin izni ilə (həmin gündən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir işdən dolayı (Allah dərgahından əmrlər alaraq) yerə enərlər. O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır) (Qədr gecəsi heç bir bəla nazil olmaz, o, bütünlüklə xeyir-bərəkətdən ibarətdir. O gecə mələklər yer üzündə gəzib Allahın müxlis bəndələrinə salam verərlər. Buna görə də Qədr gecəsi səhərə qədər oyaq qalıb ibadət etmək lazımdır!)»[2].
Aişə (A.R.O.) deyir ki, Peyğəmbər Ramazan ayının son on günü etikaf edər və deyərdi: «Qədr gecəsini Ramazan ayının son on günündə axtarın»[3].
Aişə (A.R.O.) digər rəvayətdə Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qədr gecəsini Ramazan ayının son on gününün tək günlərində axtarın»[4].
Peyğəmbər (S.A.V.) bu günlərdə ibadət etməyə təşviq edir və deyirdi:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kim qədr gecəsini imanla, savabını Allah diləməklə ibadət edərsə, keçmiş günahları bağışlanar»[5].
Uca Allahın bu ayəsinə görə etikaf yalnız məsciddə olur. Ayədə deyilir: «..məscidlərdə ibadətdə (etikafda) olduğunuz zaman onlarla (qadınlarınızla) yaxınlıq etməyin...»[6].
Həmçinin Peyğəmbər (S.A.V.) də etikafını məsciddə edərdi.
“Yaxşı olardı ki, etikaf edən kimsə vaxtını Allaha itaətə sərf etsin. Məsələn, namaz qılmaq, Quran oxumaq, sübhənəllah (uca Allah pis və eyibli sifətlərdən pakdır), əlhəmdulilləh (həmd Allaha məxsusdur), lə iləhə illəllah (Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur), Allahu əkbər (Allah ucadır) deməklə zikr etmək, əstəğfirullah (Allahdan günahlarımın bağışlanmasını diləyirəm) deyib günahların üçün bağışlanma diləmək, Peyğəmbərə (Allahummə salli alə Muhamməd və alə əli Muhəmməd - deyib) salavat demək, dua etmək, elmi məsələləri xatırlamaq və s.
Etikafda olanın, özünə aid olmayan söz və əməllərlə məşğul olması məkruhdur (bəyənilmir). Həmçinin adi danışığın bir ibadət olduğunu zənn edib, ondan çəkinmək də bəyənilməyən haldır (məkruhdur)[7].
Zəruri ehtiyac olduqda etikaf edilən yerdən çıxmaq olar. Həmçinin etikafda olarkən saç daramaq, başını qırxmaq, dırnaqlarını tutmaq və bədənini təmizləmək olar.
Etikaf iki halda batil olur: Ehtiyac olmadan etikaf edilən yerdən çıxdıqda və həyat yoldaşı ilə yaxınlıq etdikdə.

 
[1] Etikafın mənası: Ev-eşiyindən çıxıb bütün gününü məsciddə ibadətə həsr etməkdir. (tərc.)
[2] əl-Qədr surəsi.
[3] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 987. Buxari: 4/ 259/ № 2020. Tirmizi: 2/ 144/ № 789.
[4] Buxari: 4/ 259/ № 2017. Müslim: 2/ 628/ № 1169.
[5] Buxari: 4/ 255/ № 2014. Müslim: 1/ 523/ № 760. Əbu Davud: 4/ 146/ № 1359. Nəsai: 4/ 157.
[6] əl-Bəqərə: 187.
[7] Fiqhus sünnə: 1/ 404. Məlumat müxtəsər verilmişdir.