Zəkatdan imtina etməyin qadağan olunması

    12.03.2015

 
Allah təala buyurur: "Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır!"[1]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə buyurduğunu deyir: «Allahın mal-dövlət bəxş etdiyi kəs onun zəkatını vermirsə, Qiyamət günü Allah onun mal-dövlətini, gözlərinin üstündə qara xal olan zəhərli ilana döndərəcəkdir. İlan onun boynuna sarılacaq və onun yanaqlarından yapışıb deyəcək: mən sənin xəzinənəm, mən sənin mal-dövlətinəm. Sonra Peyğəmbər (S.A.V.) bu ayəni oxudu: «Allah tərəfindən bəxş olunmuş mal-dövləti sərf etməyə xəsislik edənlər heç də bunu özləri üçün xeyirli hesab etməsinlər. Xeyr, bu onlar üçün zərərlidir. Onların xəsislik etdikləri şey qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allaha məxsusdur. Allah hər bir əməlinizdən xəbərdardır! [2]»[3]
Uca Allah başqa bir ayədə buyurur: «... (Ya Rəsulum!) Qızıl-gümüş yığıb onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ! O gün (qiyamət günü) yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq (və onlara): “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Yığdığınız mal-dövlətin (əzabını, acısını) dadın!” - (deyiləcəkdir!)»[4]
Əbu Hureyrə  (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Malının zəkatını verməyən qızıl və gümüş sahibi üçün qiyamət günü cəhənnəm odundan bir qapı açılacaq və yığdıqları qızıl-gümüş cəhənnəm atəşində qızdırılıb alnına, böyürünə və kürəyinə dağ basılacaq. Hər dəfə soyuduqda yenidən təkrarlanacaqdır. Bu əzab, müddəti əlli min il olan bir gündə bəndələr arasında haqq-hesab başlayana və özünün ya cənnətlik ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir.
Orada olanlar dedilər: Ey Allahın elçisi, bəs dəvəsinin zəkatını verməyən?
Peyğəmbər (S.A.V.) dedi: Həmçinin dəvə sahibi də, onun haqqını (zəkatını) verməsə qiyamət günü üzü üstə bir çuxura atılacaq, hər bir dəvə ayaqları ilə onu tapdalayacaq və dişləyəcək, onun isə qaçmağa yeri olmayacaq. Birinci dəvə bunu etdikdən sonra digəri onu əvəz edəcəkdir. Bu əzab, müddəti əlli min il olan bir gündə, bəndələr arasında haqq-hesab edilənə və özünün ya cənnətlik ya da cəhənnəmlik olduğunu bilənə qədər davam edəcəkdir»[5].
 

 
[1] Ali İmran: 180.
[2] Ali İmran: 180.
[3] Hədis səhihdir. Səhih Sünən Nəsai: № 2327. Buxari: 3/ 268/ № 1403.
[4] ət-Tövbə: 34-35.
[5] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 5729. Müslim: 2/ 680/ № 987. Əbu Davud: 5/ 75/ № 1642.