Fitrə zəkatı

    12.03.2015

Hökmü:
Fitrə zəkatı hər bir müsəlmana vacibdir. İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) hər kölə və ya azad, kişi və ya qadın, kiçik və ya böyük müsəlmana fitrə zəkatını bir saa (2,6 kq) xurma və ya arpa çıxarmağı vacib etmişdir. Həmçinin camaat bayram namazını qılmadan öncə bu fitrəni çıxarmağı əmr etmişdir»[1].
 
Hikməti:
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[2].
 
Fitrə zəkatını vermək kimə vacibdir?
Fitrə zəkatı, özünün və ailəsinin bir sutkalıq yeməyi olan hər bir azad müsəlmana vacibdir. Bu zəkatı o həm özünün, həm də himayəsində olan hər kəsin əvəzinə verməlidir. Məsələn, arvad, uşaq və müsəlman xidmətçilər bura daxildir.
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını himayənizdə olan hər bir kiçik və böyük, azad və kölələrin əvəzinə verməyi vacib etmişdir»[3].
 
Fitrə zəkatının çıxarılan miqdarı:
Hər insanın boynuna yarım saa (yəni, 1,3 kq) buğda, yaxud bir saa (2,6 kq) xurma, kişmiş, arpa, quru süd, yaxud yaşadığın ölkədə bu yeməklərin əvəzləyicisi sayılan düyü, qarğıdalı və s. bu kimi qida məhsulları çıxarılır.
Buğdanın yarım saa (1, 3 kq) çıxarılması haqqında dəlil Urva ibn əz-Zubeyrin hədisidir. Hədisdə deyilir:
«Əsma bint Əbu Bəkr Peyğəmbərin (S.A.V.) vaxtında, öz ailəsinin, azad və kölə xadimələri də daxil olmaqla, hərəsinin əvəzinə iki ovuc (1,3 kq) buğda, bir saa (2,6 kq) xurma çıxarardı. Onlar məhsulu ya saa ilə, yaxud uvuc ilə ölçürdülər»[4].
Amma buğdadan başqa digər məhsulların bir saa (2,6 kq) çıxarılmasının sübutu Əbu Səid əl-Xudrinin hədisidir. O deyir: «Biz fitrə zəkatını bir saa (2,6 kq) yemək, arpa, xurma, quru süd və ya kişmiş çıxarırdıq»[5].
Əksər fiqh alimləri məhsulun qiymətini çıxarmağı məqbul saymırlar. Yalnız Əbu Hənifə buna icazə vermişdir. Bu məlumatı Nəvəvi Müslimin şərhində (7/ 60) qeyd etmişdir.
Mən isə deyirəm ki, Əbu Hənifənin bu sözü (yəni, məhsulun qiymətinin çıxarılması) məqbul sayılmır. Çünki, Allah unutqan deyildir. Əgər fitrə zəkatının qiymətini çıxarmağa icazə olsaydı, bunu Allah və rəsulu buyurardı. Biz gərək şəriət dəlillərini təhrif etmədən, mənasını yozmadan, olduğu kimi qəbul edək.
 
Fitrə zəkatının çıxarılan vaxtı:
İbn Ömər (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını, camaat bayram namazına çıxmadan öncə verməyi əmr etmişdir»[6].
Fitrə zəkatını toplayanlar[7] bunu bir-iki gün əvvəlcədən edə bilərlər.
Nafi deyir ki, «İbn Ömər fitrə zəkatını, fitrə toplayanlara verərdi. Onlar bunu bir-iki gün öncədən edərdilər»[8].
Fitrə zəkatını səbəbsiz yerə vaxtından gecikdirmək haramdır.
İbn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) fitrə zəkatını oructutan üçün boş danışıqlardan və naqisliklərdən paklıq, miskinlər üçün toxluq olsun deyə vacib etmişdir. Kim fitrə zəkatını bayram namazından öncə verərsə bu zəkat kimi məqbuldur. Kim bunu namazdan sonra verərsə sədəqə sayılar»[9].
 
Fitrə zəkatı kimlərə verilməlidir?
Fitrə zəkatı yalnız kasıblara verilməlidir. İbn Abbasın hədisində deyildiyi kimi Peyğəmbər (S.A.V.) demişdir: «... miskinlər üçün toxluq olsun deyə vacib etmişdir».
 
Könüllü sədəqə:
Könüllü sədəqəni, çox vermək müstəhəbdir. Uca Allah buyurur: «Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir».
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver»[10].
Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (S.A.V.) demişdir: «Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq»[11].

 
[1] Buxari: 3/ 367/ № 1503. Müslim: 2/ 677-679/ № 984, № 986. Tirmizi: 2/ 92-93/ № 670, № 672. Əbu Davud: 5/ 4-5/ № 1595, № 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ № 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1480. İbn Macə: 1/ 585/ № 1827. Əbu Davud: 5/ 3/ № 1594.
[3] Hədis səhihdir. əl-İrva: № 835. Darəqutni: 2/ 141/ № 12. Beyhəqi: 4/ 161.
[4] Təhavi: 2/ 43.
[5] Buxari: 3/ 371/ № 1506. Müslim: 2/ 678/ № 985. Tirmizi: 2/ 91/ № 668. Əbu Davud: 5/ 13/ № 1601. Nəsai: 5/ 51. İbn Macə: 1/ 585/ № 1829.
[6] Buxari: 3/ 367/ № 1503. Müslim: 2/ 677-679/ № 984, № 986. Tirmizi: 2/ 92-93/ № 670, № 672. Əbu Davud: 5/ 4-5/ № 1595, № 1596. Nəsai: 5/ 48. İbn Macə: 1/ 584/ № 1826. Lakin onun rəvayətində hədisin ikinci hissəsi qeyd edilməmişdir.
[7] Bura, xeyriyyə fondları və məscidlər aid edilir. Belə fondlar fitrəni bir-iki gün əvvəlcədən toplaya bilərlər ki, toplanan fitrəni kimə lazımdırsa ona çatdıra bilsinlər. (tərc.)
[8] Buxari: 3/ 375/ № 1511.
[9] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 1480. İbn Macə: 1/ 585/ № 1827. Əbu Davud: 5/ 3/ № 1594.
[10] Buxari: 3/ 304/ № 1442. Müslim: 2/ 700/ № 1010.
[11] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3858. Tirmizi: 2/ 84/ № 653.