"əl-Leyl" surəsinin izahı

    01.04.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə! 2. And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə! 3. And olsun kişini və qadını yaradana! 4. Sizin can atdıqlarınız başqa-başqadır. 5. Kim haqqını verir və Allahdan qorxursa, 6. və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, 7. Biz onu ən asan olana nail edəcəyik. 8. Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə 9. və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, 10. Biz onun üstünə ən çətin olanı yükləyəcəyik. 11. Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək. 12. Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir. 13. Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir. 14. Mən sizi alov saçan bir odla qorxutdum. 15. Ona ancaq ən bədbəxt kimsə girər. 16. O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir. 17. Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar. 18. O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir. 19. Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. 20. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. 21. O, mütləq razı qalacaqdır!
əl-Leyl (Gecə) surəsinin izahı
 
And olsun yer üzünü zülmətə bürüməkdə olan gecəyə! And olsun günəşin çıxması ilə aydınlaşan gündüzə! And olsun kişini və qadını yaradana!
Bu ayələrdə Uca Allah bir-birinə zidd olan məxluqlara – zülmətə bürüməkdə olan gecəyə və aydınlaşan gündüzə, həmçinin, kişini və qadını yaradana, yəni Özünə and içir və belə buyurur:
 
Sizin can atdıqlarınız başqa-başqadır.
Bu and içilən şeylərin bir-birinə zidd olması açıq-aydın bilindiyi kimi insanların cəhdləri və qazandıqları əməllər də aydın şəkildə bir-birindən fərqlənir. Belə ki, insanlardan bəziləri xeyirxah əməllər edir, digərləri isə şər işlər görürlər. Sonra Uca Allah insanların cəhdləri arasındakı fərqi izah edərək belə buyurur:
    
Kim haqqını verir və Allahdan qorxursa, və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə, Biz onu ən asan olana nail edəcəyik.
Yəni, kim malının və ya elminin, yaxud cəmiyyətdəki yüksək mövqeyinin haqqını verər, Allahdan qorxub günahlardan çəkinər, Allahın və Onun elçisinin sözünü təsdiq edərsə, Uca Allah onun həm dini, həm də dünyəvi işlərini asanlaşdırar. İnsan Allahın əmr və qadağalarına riayət edərək Ondan qorxduqca onun işləri asanlaşır. Həmçinin, insan Allaha asi olaraq Ondan uzaqlaşdıqca işləri çətinləşir. Ona görə də Uca Allah buyurur:
 
Kim də xəsislik edərək Rəbbinə ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı (lə ilahə illəllahı) yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.
Yəni, kim də əmr olunanı verməz, özünü Allahın mərhəmətinə ehtiyacsız olduğunu görər, Allahdan qorxub günahlardan çəkinməz, Allahın və Onun elçisinin sözünü yalan hesab edərsə, Uca Allah onun bütün işlərini çətinliyə salar.
 
Cəhənnəmə düşdükdə var-dövləti ona fayda verməyəcək.
O, xəsislik edib öldükdə var-dövləti ona fayda verməyəcək.

Şübhəsiz ki, doğru yola yönəltmək Bizə aiddir.
İnsanlara doğru yolu göstərmək Allaha aiddir. O, Muhəmməd peyğəmbəri - ona və ailəsinə Allahın salavatı və salamı olsun - bütün bəşəriyyətə elçi olaraq göndərmiş və onun vasitəsilə doğru yolu bəyan etmişdir. Peyğəmbər insanlara düzgün əqidəni, ibadətləri, gözəl əxlaqı və hər bir şeyi bəyan etmişdir. Uca Allah buyurur: Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və bir din olaraq sizin üçün İslamı bəyənib seçdim” (əl-Məidə, 3).
 
Sözsüz ki, Axirət də, dünya həyatı da Bizimdir.
Bunların hər ikisi də Allahın mülküdür və onların hökmranlığı Allaha məxsusdur.
 
Mən sizi alov saçan bir odla qorxutdum.
Burada “alov saçan bir od” dedikdə Cəhənnəm odu nəzərdə tutulur. Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində Cəhənnəm odunu vəsf edən bir çox məlumatlar vardır. Peyğəmbər demişdir: “Qiyamət günü ən yüngül əzaba məruz qalacaq od sa­kin­ləri o kimsələr olacaq ki, onların hər ayağının altına qızmar bir köz qoyu­la­caq və onun istisindən onların beyni, mis qa­zan və ya kiçik su qabı qay­nadığı kimi, qaynayacaqdır.” (əl-Buxari, 6562).
 
Ona ancaq ən bədbəxt kimsə girər.
Cəhənnəm oduna ancaq bədbəxt kimsələr girəcək. Uca Allah digər ayədə belə buyurur: “Qiyamət gəldiyi gün Allahın izni olmadan heç kəs danışa bilməz. Onlardan kimi bədbəxt, kimi də xoşbəxt olacaq. Bədbəxtlərə gəlincə, onlar Od içərisində qalacaqlar. Onlar orada bağıracaq və zarıyacaqlar. Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxtlərə gəldikdə isə, onlar Cənnətdə olacaqlar. Rəbbinin dilədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Bu, tükənməz bir sovqatdır(Hud, 105-108).
 
O kimsə ki, haqqı yalan sayır və ondan üz döndərir.
Bu, Uca Allahın öz Peyğəmbərinə nazil etdiyi doğru xəbərləri yalan sayan və Allaha itaət etməkdən boyun qaçıran kimsədir. Məhz belələri Qiyamət günü ziyana uğrayıb Cəhənnəm odunda əbədi qalan bədbəxt kimsələrdir.
 
Allahdan ən çox qorxan isə o Oddan uzaqlaşdırılar.
Allahın əmr və qadağalarına riayət edərək Ondan qorxan kimsələr isə Cəhənnəm odundan uzaqlaşdırılar.
 
O kimsə ki, malını Allah yolunda verir, günahlardan təmizlənir.
Bu, o kimsədir ki, günahlardan təmizlənmək üçün xəsislik və israfçılıq etmədən malını haqqı olana verir. Malın verilməsi günahlardan təmizlənmək üçün yerinə yetirilir. Ona görə də Qurani-Kərimin bir çox ayələrində təmizlənmə xüsusi olaraq qeyd olunur. Uca Allah bəzi insanlara çoxlu mal-dövlət verir, lakin onlar hətta zövcələrinə, övladlarına və yaxın qohum-əqrabalarına belə mallarından verməyə xəsislik edirlər. Həmçinin, Uca Allah bəzi insanların ruzisini azaldır və onlar bəzi şeyləri edə bilmir, buna baxmayaraq onlar insanlar arasında qürrələnmək üçün başqalarının evi kimi evi və ya avtomobili kimi avtomobili olsun deyə borca girirlər. Sözsüz ki, bu ikisi də batil yoldur. Hər bir insana malından sərf etməsi halına görə olmalıdır.
 
Əvəzi veriləcək nemət üçün onun heç kəsə minnəti olmaz. O bunu ancaq Ən Uca Rəbbinin Üzünü dilədiyindən edər. O, mütləq razı qalacaqdır!
Yəni, o, malını heç bir kəsdən əvəzini almaq üçün vermir, o, malını yalnız Allahın razılığını umaraq verir. Uca Allah da bu əməlinə görə Axirətdə ona bol mükafat verib razı salacaq. Uca Allah buyurur: “Mallarını Allah yolunda xərcləyənlərin məsəli yeddi sünbül verən bir toxumun məsəlinə bənzəyir ki, sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsənin mükafatını artırar. Allah hər şeyi Əhatəedəndir, Biləndir” (əl-Bəqərə, 261).
 
 

Paylaş: