Lənətləşmək (Əl-LİAN)

    13.04.2015

Əgər kişi öz arvadını zinada ittiham edərsə və arvadı da onun yalançı olduğunu deyərsə, kişi bu sözünü isbat etməlidir. Əks halda cazalanmalı və ya lənətləşməlidir.
Uca Allah buyurur: «Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri özünün doğru danışanlardan olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billahi – Allahı şahid gətirirəm, deyə) şəhadət verməlidir. Beşinci dəfə: “Əgər yalan danışanlardandırsa, Allah ona lənət eləsin!” (deməlidir). Qadının da (hakimin hüzurunda) ərinin yalan danışanlardan olması barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: “Əgər (əri) doğru danışanlardandırsa, Allah ona (qadının özünə) lənət (qəzəb) eləsin!” (deməlidir)»[1].
İbn Abbas (A.R.O.) deyir ki, Hilal ibn Umeyyə Peyğəmbərin (S.A.V.) hüzurunda öz arvadını Şərik ibn Səhma ilə zinada ittiham etdi. Peyğəmbər (S.A.V.) dedi: «Sən bunu isbat etməlisən. Əks halda cəza artıq belində olacaq». O dedi: Ey Allahın elçisi, birimiz arvadının başqa kişi ilə yaxınlıq etdiyini görəndə bunun üçün sübut gətirməlidirmi? Peyğəmbər (S.A.V.) öz sözünü deyirdi: «Sən bunu isbat etməlisən. Əks halda cəza artıq belində olacaq». Hilal dedi: Səni haqq olaraq göndərənə and olsun ki, mən sözümdə sadiqəm. Tezliklə, uca Allah mənə cəza tətbiq edilməsin deyə bir xəbər göndərər. Az keçmədən Cəbrail (Aleyhis Səlam) nazil oldu və onun barəsində ayə gətirdi: «Arvadlarına zina isnad edib...», ayəsindən, “Əgər (əri) doğru danışanlardandırsa...» - ayəsinə qədər nazil oldu. Peyğəmbər (S.A.V.) çıxıb getdi. Sonra onun arvadına xəbər göndərdi. Hilal gəlib şəhadət verdi. Peyğəmbər (S.A.V.) isə bu sözləri deyirdi: «Həqiqətən Allah, ikinizdən birinizin yalançı olduğunu bilir. Aranızda tövbə etmək istəyən varmı?» Sonra arvad qalxıb şəhadət gətirdi. Beşinci dəfə şəhadət gətirmədən öncə ona dedilər ki, bu sonuncu şəhadət Allahın əzabını mütləq edəndir. İbn Abbas deyir ki, qadın bir anlığa susdu, duruxdu. Biz elə zənn etdik ki, indi o şəhadətdən imtina edəcəkdir. Amma qadın: "Bu gündən öz tayfamı biabır edən deyiləm!" – deyərək, şəhadət gətirdi. Sonra Peyğəmbər (S.A.V.) dedi: «Onun doğacağı uşağa baxarsınız. Əgər uşaq qara kiprikli, enli oturacaqlı və kök ayaqlı olarsa, o, Şərik ibn Səhmadandır». Həqiqətən də uşaq, deyilən vəsfdə doğuldu. Peyğəmbər (S.A.V.) dedi:
«Allahın kitabında deyilən hökm olmasaydı, mən onunla nə edəcəyimi bilirdim»[2].

 
[1] ən-Nur: 6-9.
[2] Hədis səhihdir. əl-İrva: № 2098. Buxari: 8/ 449/ № 4747. Əbu Davud: 6/ 341/ № 2237. Tirmizi: 5/ 12/ № 3229. İbn Macə: 1/ 668/ № 2067.