Qətldən doğan nəticələr

    13.04.2015

Qəsdə oxşar və səhvən baş verən qətl hadisəsində kəffarə qatilin, qanbahası (diyə) isə qohumlarının boynuna düşür.
Uca Allah buyurur: «Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»[1]
Qəsdən törədilən qətl hadisəsində, ölən şəxsin varisləri qatildən qisas, yaxud onu bağışlayıb qanbahası ala bilərlər.
Uca Allah buyurur: «Ey iman gətirənlər! (Qəsdən) öldürülən şəxsdən sizin üçün qisas almaq hökmü qərara alındı (vacib oldu). Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində (öldürə bilərsiniz). (Öldürülən şəxsin) qardaşı (varisi) tərəfindən (müəyyən bir şey, qanbahası müqabilində) bağışlanmış (qatil) ilə adətə görə (yaxşı) rəftar edilməlidir. Bağışlanmış (qatil də) yaxşılıqla (qan sahiblərinə) “diyə” (qanbahası) verməlidir. Bu, (qisası qanbahası ilə əvəz etmək hökmü) Rəbbiniz tərəfindən sizin üçün bir yüngüllük və mərhəmətdir. Bundan (diyə müqabilində bağışlamaqdan) sonra təcavüzkarlıq edən (qatili öldürən və ya onun qohum-qardaşı ilə düşmənçilik edən) kimsəni (qiyamətdə) şıddətli əzab gözləyir!»[2]
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimin yaxını qətlə yetirilərsə o daha xeyirli saydığı seçimi edə bilər. Ya diyə alar ya da qisas tələb edər»[3].
Bu diyə qətlə görə vacib edilməmişdir. Sadəcə olaraq qisasın əvəzində verilir. Ona görə ölənin ailəsi diyədən başqa istədikləri şərtlə razılaşa bilərlər. Hətta təyin olunmuş diyədən artıq istəyə bilərlər.
Demək Peyğəmbər (S.A.V.) demişdir: «Kim qəsdən adam öldürərsə o, ölənin ailəsinə təslim edilər. Onlar istəsələr onu öldürər, yaxud diyə götürərlər. Diyənin miqdarı, otuz baş dörd yaşa keçmiş, otuz baş beş yaşa keçmiş və qırx baş boğaz dəvədir. Onlar istədikləri qiymətə də razılaşa bilərlər. Bu, çətinləşdirilmiş diyədir»[4].
Amma havayı əfv etmək isə daha yaxşıdır. Uca Allah buyurur: «...(Ey kişilər!) Sizin bağışlamağınız (güzəştə getməyiniz) müttəqiliyə daha yaxındır...»[5].
Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Allah, bağışlayan bəndəni yalnız yüksəldər, izzətləndirər»[6].

 
[1] ən-Nisa: 92.
[2] əl-Bəqərə: 178
[3] Buxari: 12/ 205/ № 6880. Müslim: 2/ 988/ № 1355.
[4] Hədis həsəndir. Səhih Sünən Tirmizi: № 1121. Tirmizi: 2/ 423/ № 1406. İbn Macə: 2/ 877/ № 2626.
[5] əl-Bəqərə: 237.
[6] Hədis səhihdir. Səhih Sünən Tirmizi: № 1894. Müslim: 4/ 2001/ № 2588. Tirmizi: 3/ 254/ № 2098.