Qanbahası

    13.04.2015

Tərifi:
Şəriət istilahında "əd-Diyə" sözü, cinayət səbəbi ilə verilməsi vacib olan mal-dövlətdir. Bu mal-dövlət, zərərçəkənin özünə və ya onun hamisinə (vəlisinə) verilir. Diyə, qisas almaq mümkün olan və ya olmayan cinayətlərdə ola bilər.
Diyə həmçinin "əl-Əql" adı ilə də adlanır. Bu adlanmanın səbəbi belədir. Demək qatil bir insanı öldürdükdə dəvədən ibarət diyəni toplayıb, həmin heyvanları ölən şəxsin hamilərinə təslim etmək üçün dəvələri onların həyətində çidarlayır.
Bu qaydanın əsasını uca Allahın bu ayəsi təşkil edir: «Heç bir möminə başqa bir mömini öldürmək yaraşmaz. Bu ,səhvən (xəta üzündən) olduqda müstəsnadır. Hər kəs bir mömini səhvən öldürərsə, o zaman o, mömin bir qul azad etməli və öldürülmüş şəxsin ailəsi qanbahasını sədəqə olaraq bağışlamadıqda, onlara (ölən şəxsin varislərinə) tam şəkildə qanbahası verməlidir. Əgər (öldürülən şəxsin özü) mömin olduğu halda, sizə düşmən olan bir tayfadandırsa, o vaxt (öldürən şəxs) mömin bir qul azad etməlidir. Əgər (öldürülən şəxs) sizinlə əhd (müqavilə) bağlamış bir tayfadan olarsa, o zaman onun ailəsinə qanbahası verməklə bərabər, mömin bir qul dəxi azad etmək lazımdır. Hər kəs (azad etməyə qul) tapa bilməsə, o, Allah tərəfindən tövbəsinin qəbul edilməsi üçün bir-birinin ardınca (arası kəsilmədən) iki ay oruc tutmalıdır. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!»[1]
Amr ibn Şueyb atasından, o da babasından rəvayət edir ki, «Peyğəmbər (S.A.V.) səhvən qətl törədən insana, yüz baş dəvədən ibarət diyə verməyi hökm etmişdir. Yüz dəvənin otuzu iki yaş içində olan dişi dəvə, otuzu üç yaş içində olan dişi dəvə, otuzu dörd yaş içində olan dişi dəvə və onu isə üç yaş içində olan etkək dəvə olmalıdır»[2].
Həmin səhabə digər rəvayətində deyir: «Peyğəmbərin (S.A.V.) vaxtında diyənin dəyəri səkkiz yüz dinar, yaxud səkkiz min dirhəm idi. Həmin vaxtlar əhli kitabın diyəsi isə müsəlmanın diyəsinin yarısı qədər idi. Bu, Ömər, Allah ona rəhmət etsin xəlifə olana qədər davam etdi. O, insanlara müraciət edərək dedi: Artıq dəvələrin qiyməti bahalaşıb... Sonra Ömər (A.R.O.) diyənin dəyərini, qızıl sahibləri üçün min dinar, gümüş sahibləri üçün on iki min dirhəm miqdarında, inəyi olanlara iki yüz inək, qoyunu olanlara iki min qoyun, paltar[3] sahiblərinə isə iki yüz paltar diyə verməyi təyin etdi.
Rəvayətçi deyir ki, zimmilərin diyəsini isə olduğu kimi saxladı və onu artırmadı[4].

 
[1] ən-Nisa: 92.
[2] Hədis həsəndir. Səhih Sünən İbn Macə: № 2128. Əbu Davud: 12/ 283/ № 4518. İbn Macə: 2/ 878/ 2630. Nəsai: 8/ 43.
[3] Hədisdə "əl-Hullə" qeyd olunur. Bu sözün mənası, istənilən parçadan hazırlanmış alt və üst hissədən (izar və ridadan) ibarət olan paltar növüdür. Bu paltar həcc zamanı geyinilən ihram paltarına bənzəyir. Digər mənaya görə isə, "əl-Huləl" sözü Yəməndən gətirilən xüsusi paltar növüdür. Bax: Ovnul Məbud kitabı, 12/ 285.
[4] Hədis həsəndir. əl-İrva: № 2247. Əbu Davud: 12/ 284/ № 4519.