Birinci təkbiri edərkən əlləri qaldırmaq olar

    14.04.2015

Abdullah ibn Abbas (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) cənazə üçün namaz qılarkən birinci təkbir zamanı əllərini qaldırar, sonra bir daha belə etməzdi»[1].
Demək cənazə namazında sağ əl sol əlin üzərinə qoyulub sinəyə yerləşdirilir.
Səhl ibn Səəd deyir ki, «insanlara, namaz əsnasında sağ əllərini sol dirsəkləri üzərinə qoymaları əmr olunurdu»[2].
Birinci təkbirdən sonra dərhal “əl-Fatihə” surəsini və əlavə bir surə oxuyur.
Talha ibn Abdullah ibn Ovf deyir ki, «mən İbn Abbasın (A.R.O.) arxasında cənazə namazı qıldım və o namazda əl-Fatihə və başqa bir surə oxudu. O nə oxuduğunu bizə eşitdirmək üçün aşkar səslə oxuyurdu. O, namazı bitirdikdən sonra mən onun əlindən tutdum və bu haqda soruşdum. O isə dedi: Mən qəsdən aşkar səslə oxudum ki, siz bunun sünnə və haqq olduğunu biləsiniz»[3].
Cənazə namazında qiraət səssiz oxunur. Demək, Əbu Umamə ibn Səhl deyir ki, «sünnəyə əsasən cənazə namazının birinci rükətindən sonra səssiz şəkildə əl-Fatihə surəsi oxunur. Sonra üç dəfə təkbir edilir və sonuncu təkbirdən sonra salam verilir»[4].
İkinci təkbirdən sonra Peyğəmbərə (S.A.V.) salavat deyilir. Demək Əbu Umamə deyir ki, Peyğəmbərin (S.A.V.) səhabələrindən biri ona xəbər vermişdir ki, «sünnəyə əsasən cənazə namazında imam birinci təkbiri etdikdən sonra səssiz şəkildə fatihə surəsini oxuyur. Sonra Peyğəmbərə (S.A.V.) salavat deyir və hər üç təkbirdə ölən üçün dua edir. Amma bu rükətlərin heç birində başqa quran ayəsi oxunmur. Sonra səssiz şəkildə salam verib namazı bitirir»[5].
Demək qalan təkbirləri edir və bu zaman yalnız ölən üçün dua edir. Belə ki, Peyğəmbər (S.A.V.) buyurmuşdur:
«Meyit üçün namaz qıldıqda yalnız onun üçün dua edin»[6].
Edilən dua səhih sənədlə Peyğəmbərdən (S.A.V.) rəvayət olunan dualar olmalıdır. Ovf ibn Malik (A.R.O.) deyir ki, bir dəfə Peyğəmbər (S.A.V.) cənazə üçün namaz qılarkən mən onun belə dua etdiyini əzbərlədim:
«اللَّهُمَّ اغْفِرْ لَهُ وارْحَمْهُ وعَافِهِ واعْفُ عَنْهُ وأكْرِم نُزُلَهُ وَوَسِّع مُدْخَلَهُ واغْسِلْهُ بِالماءِ والثَّلجِ وَالبَرَدِ وَنَقّهِ مِنَ الخَطَايَا كَمَا نَقّيتَ الثَّوبَ الأبيضَ مِنَ الدَّنَسِ وابْدِلهُ دارًا خَيرًا مِن دارِهِ وأهْلاً خَيرًا مِن أهْلِهِ وزَوجًا خَيرًا مِن زَوجِهِ وادْخِلهُ الجنَّةَ وأعِذهُ منَ عَذابِ القَبرِ وعَذَابِ النَّارِ»
«Allahumməğfir ləhu vərhəmhu və afihi vəfu anhu və əkrim nuzuləhu və vassi mudxaləhu vəğsilhu bilməi vəs səlci vəl bərəd. Və nəqqihi minəl xətayə kəmə yunəqqa əs-sovbul əbyədu minəd dənəs. Və əbdilhu darən xeyran min darihi və əhlən xeyrun min əhlihi və zovcən xeyrun min zovcihi və ədxilhul cənnətə və əizhu min azəbil qabr və azəbin nar».
«Allahım onu bağışla, ona rəhm et, onun əhvalını yaxşı et, onu əfv et, onun yerini yumşaq et, girdiyi yerini (qəbrini) geniş et, onu su, qar və dolu ilə yu və xətalarından ağ paltarı çirkdən təmiz­lədiyin kimi təmizlə və onun evinin əvəzinə daha yaxşı ev, ailəsinin əvəzinə daha yaxşı ailə, həyat yoldaşının əvəzinə daha yaxşı həyat yoldaşı ver! Onu Cənnətə göndər, onu qəbr və Cəhənnəm əzabından qoru». Səhabə deyir ki, mən bu duaları eşidərkən həmin meyitin yerində özümün olmasını təmənna etdim[7]».
Sonuncu təkbirlə salam arasında dua etmək caizdir. Demək Əbu Yəfur, Abdullah ibn Əbi Ovfədən (A.R.O.) rəvayət edir və deyir: «Mən onun cənazə namazı qıldığını gördüm. O, namazda dörd dəfə təkbir etdi, sonra bir müddət dayanıb dua etdi və dedi: Siz mənim beş dəfə təkbir edəcəyimi sanırdınız?! Orada olanlar: xeyr – deyərək cavab verdilər. O, dedi: Həqiqətən Peyğəmbər (S.A.V.) dörd dəfə təkbir edərdi»[8].
Sonra fərz namazlarda salam verdiyi kimi, sağ və sol tərəfə salam verir. Demək Abdullah Məsud (A.R.O.) deyir ki, «Peyğəmbərin (S.A.V.) etdiyi üç şey vardır ki, insanlar onları tərk ediblər. Onlardan biri cənazə namazında, fərz namazlardakı kimi salam verməkdir»[9].
Namazı bitirərkən bir dəfə də salam vermək olar. Demək Əbu Hureyrə (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bir cənazə üçün namaz qıldı, namazda dörd təkbir etdi və bir tərəfə salam verdi»[10].

 
[1] Sənədin rəvayətçiləri etibarlıdırlar. əl-Cənaiz: səh. 116.
[2] Hədis səhihdir. Müxtəsər Səhih əl-Buxari: № 402. Buxari: 2/ 224/ № 740. Malik: 111/ 376.
[3] Hədis səhihdir. əl-Cənaiz: səh. 119. Nəsai: 4/ 75. Cənazə namazında yalnız əl-Fatihə surəsinin oxunmasını isə bu alimlər rəvayət ediblər: Buxari: 3/ 203/ № 1335. Əbu Davud: 8/ 495/ № 3186. Tirmizi: 2/ 246/ № 1032. İbn Macə: 1/ 479/ № 1495.
[4] Hədisin sənədi səhihdir. əl-Cənaiz: səh. 111. Nəsai: 4/ 75.
[5] Hədis səhihdir. əl-Cənaiz: səh. 122. Şafii “əl-Umm”: 1/ 270. Beyhəqi: 4/ 39.
[6] Hədis həsəndir. əl-İrva: № 732. Səhih əl-Cami əs-Səğir: № 669. Əbu Davud: 8/ 496/ № 3183. İbn Macə: 1/ 480/ № 1497.
[7] Hədis səhihdir. əl-Cənaiz: səh. 123. Müslim: 2/ 662/ № 963. İbn Macə: 1/ 481/ № 1500. Nəsai: 4/ 73.
[8] Rəvayətin sənədi səhihdir. əl-Cənaiz: səh. 126. Beyhəqi: 4/ 35.
[9] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 127. Beyhəqi: 4/ 43.
[10] Hədisin sənədi həsəndir. əl-Cənaiz: səh. 128. Hakim: 1/ 360. Beyhəqi: 4/ 43.