Növləri

    15.04.2015

Əri ölən qadının iddəsi (gözləmə müddəti) dörd ay on gündür. Onların yaxınlıq edib-etməmələri fərq etmir. Uca Allah buyurur: «Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) özlərini gözləməlidirlər...»[1]. Yaxınlıq edilən qadın hamilə olarsa onun iddəsi hamiləliyinin başa çatmasıdır. Uca Allah buyurur: «Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır...»[2]
Misvar ibn Məxrəmə deyir ki, «Subeyə əl-Əsləmiyyə ərinin vəfatından az müddət sonra hamiləliyini bitirdi və Peyğəmbərin (S.A.V.) yanına gəlib nikah bağlamaq üçün izn istədi. O da ona nikah bağlamaq üçün izn verdi və qadın nikah bağladı»[3].
Yaxınlıq baş vermədən öncə boşanan qadın iddə gözləmir. Uca Allah buyurur:
«Ey iman gətirənlər! Əgər mömin qadınlarla evlənib onlara toxunmadan əvvəl talaqlarını versəniz, artıq onlar üçün sizə gözləmə müddəti saymağa ehtiyac yoxdur...»[4]
Yaxınlıq edildikdən sonra boşanan qadın hamilədirsə onun iddəsi hamiləliyini bitirməsidir. Uca Allah buyurur:
«Hamilə qadınların gözləmə müddəti isə onlar bari-həmlini yerə qoyduqda başa çatır...»[5]

Zubeyr ibn əl-Əvvam deyir ki, Ummu Kulsum bint Uqbə onun arvadı idi. Qadını hamilə ola-ola ona deyir ki, talaq ver könlümü xoş et. O da ona talaq verdi və namaz qılmağa getdi. Evə qayıdanda arvadının hamiləlikdən azad olduğunu gördü və dedi: Ona nə olub, məni aldadıb, Allah ondan bunun cəzasını alsın. Sonra Peyğəmbərin (S.A.V.) yanına gəldi və ona belə cavab verdi: «Allahın kitabına əsasən onun gözləmə müddəti bitmişdir. Onu yenidən nişanlaya bilərsən»[6].
Əgər yaxınlıq edildikdən sonra boşanan qadın heyz olursa gözləmə müddəti üç heyzdir. Uca Allah buyurur:
«Boşanan qadınlar üç vaxt (heyz görüb təmizlənincəyə qədər başqa ərə getməyib) gözləməlidirlər...»[7]

Ayədə deyilən vaxt heyz mənasındadır. Aişə (A.R.O.) deyir ki, «Ummu Həbibə istihazə olurdu. Bu haqda Peyğəmbərdən (S.A.V.) soruşdu və o da ona heyz günlərində namazı tərk etməyi əmr etdi»[8].
Əgər boşanmış qadın heyz yaşına yetişməyən azyaşlı, yaxud yaşa dolub heyzdən kəsilən qadındırsa onun iddəsi üç aydır.
Uca Allah buyurur: «(Yaşa dolmaqla) heyzdən kəsilmiş qadınlarınız (onların gözləmə müddəti) barədə şübhə etsəniz, (bilin ki) onların və həmçinin (yaşları müsaid olmadığı üçün) hələ heyz görməmiş olanların (heyz görməmiş gənc övrətlərinizin) gözləmə müddəti üç aydır (bu müddət başa çatdıqdan sonra başqası ilə evlənə bilərlər)».
 

 
[1] əl-Bəqərə: 234.
[2] ət-Talaq: 4.
[3] Buxari: 9/ 470/ № 5320. Müslim: 2/ 1122/ № 1485.
[4] əl-Əhzab: 49.
[5] ət-Talaq: 4.
[6] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 1646. İbn Macə: 1/ 653/ № 2026.
[7]əl-Bəqərə: 228.
[8] Səhihun liğeyrihi. Səhih Sünən Əbu Davud: № 252. Əbu Davud: 1/ 463/ № 278.