Aşura gecəsi nə etmək lazımdır?

    19.01.2014
Sual: 
Salam aleykum necesiz? Ashura gunu gecesi ne etmek lazimdi?
Cavab: 

Və aleykum Salam. İslama görə aşura – hicri təqvimin ilk ayı olan məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi də elə "onuncu gün" deməkdir. Aşura günü Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) əziz və sevimli nəvəsi Hüseyn (Allah ondan razı olsun) öz yaxın qohumları və silahdaşları ilə birlikdə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilmişdir. Aşura günündə oruc tutmaq bəyənilən əməllərdəndir. Ya məhərrəm ayının 9-u və 10-u, yaxudda 10-u və 11-i, ya da ardıcıl olaraq 9-u, 10-u və 11-ci günləri oruc tutmaq məsləhətdir. Aşura günü oruc tutmaq Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsidir (adət-ənənəsidir). Rəvayətə görə Mədinə şəhərinə hicrət etdikdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) oradakı yəhudilərin məhərrəm ayının onuncu (aşura) günü bayram keçirdiklərini görüb bunun səbəbini soruşur. Yəhudilər cavab verirlər ki, bu gün Musanın (Allahın ona salamı olsun) başçılığı altında "Bəni-İsrail"in (İsrail oğullarının) fironun təqibindən xilas olduğu gündür. Bu münasibətlə yəhudilər həmin günü bayram edir və oruc tuturlar. Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurur: "Mən Musaya sizdən (yəni yəhudilərdən) daha layiqəm (yəni Musa (aleyhis-sələm), Peyğəmbərin (salləllahu aleyhi və səlləm) ənənəsini davam etdirməyə mən sizdən daha layiqəm)". Bundan sonra Muhəmməd peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutmağı müsəlmanlara tövsiyə edir". (əl-Buxari, Oruc fəsli, Hədis №: 2004).
Möminlərin anası və peyğəmbərimizin xanımı Aişə (Allah ondan razı olsun) buyurur ki, bu fikir, yəni aşura günü oruc tutmaq ənənəsi, cahiliyyə (islamdan öncəki dövr) dövründə də mövcud olub. Ərəblər hər ilin aşura günündə Kəbənin üzərinə örtük (kisvə) salır və oruc tuturdular. İslamın ilk dövrlərində də müsəlmanlar aşura günü oruc tuturmuşlar. Ramazan orucu fərz olandan sonra aşura gününün orucu qüvvədən düşdü; istəyən həmin gün oruc tutur, istəməyən tutmurdu". (əl-Buxari, 2001-2002).
Yuxarıda qeyd edildiyi kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) aşura günü oruc tutmaqdan başqa xüsusi bir ibadəti yerinə yetirməyi buyurmamışdır. Ona görə də Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) ibadətdə müsəlmanlara buyurduğu şeyləri yerinə yetirmək və bununla kifayətlənmək lazımdır.

Teqlər: 
Paylaş: