Kəbədəki qara daşın hikməti nədir?

    22.01.2014
Kimdən: 
müsəlman
Sual: 
Əs sələmu aleykum. Bildiyimiz kimi həcc vaxtı kəbə evi təvaf edilir, hətta insanlar oradakı qara daşa toxunmaq üçün can atır. Qara daşın orada olmasının hikməti nədir? Bu daşa bu qədər önəm verilməsini şübhə əhli müşriklərin əməllərinə oxşadırlar. Xahiş edirəm, ətraflı cavablandırardınız.
Cavab: 

Aleykum salam. Həmin "qara daş" Kəbə bina olunan gündən sonra orada qərar tutub. Bu daşla bağlı bir çox rəvayət vardır. Deyilənə görə bu daşı Uca Allah göndərmişdir.  Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər. "Qara daş"- a (hacərul əsvəd) verilən qiymətin bütlərlə heç bir əlaqəsi yoxdur. Bütpərəstlər bütlərini Allahla öz aralarında vasitəçi kimi tutur, bütlərin onları Allaha daha çox yaxınlaşdıracağına və şəfaət edəcəklərinə inanırdılar. Amma "qara daşa" belə bir xüsusiyyət aid edilmir. Həmin daş sadəcə olaraq təvafın (Kəbənin ətrafında fırlanmaq) başlanğıcını göstərir. Bizim onu öpməyimiz isə Peyğəmbərimizin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) öpməyindən irəli gəlir. Yəni zəvvarlar o daşı ona görə öpürlər ki, onu Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) öpüb. İkinci xəlifə Ömərin bu "qara daş" haqqında dediyi bu söz islam aləmində məşhurdur: "Bilirəm ki, sən bir daşsan. Nə bir faydan, nə də bir zərərin var. Mən Peyğəmbəri sənə əl vurub öpərkən görməsəydim, səni heç vaxt öpməzdim". (əl-Buxari "Həcc", 50, 57, 60). 
Rəsulullah (salləllahu aleyhi və səlləm), Ömərə (Allah ondan razıolsun) belə demişdir: "Ey Əbu Həfs, səndə çox güc-qüvvə var, zəifə əziyyət vermə. (Qara daşın olduğu) küncü boş görsən, yanaşıb öp, əgər (boş) deyilsə, təkbir (Allahu Əkbər, Allah Ən Böyükdür) gətirib keç". (İmam Əhməd, 1/23).

Paylaş: