Dırnaq tutub yerə tökmək günahdırmı?

    22.01.2014
Sual: 
Allahin Salami Olsun size. Sualim budur ki, dirnagi tutub yere tokmek gunahdir?
Cavab: 

Aleykum salam. Şəriətə görə dırnaqları tutub yerə tökmək günah sayılmır. Bu kimi məsələlər xurafat və uğursuzluq kimi batil inanclardan meydana gəlib. İslamda isə uğursuzluq inancı yoxdur. Bu cür inanclar, tamamilə insanların güman və lazımsız yerə xoflanmağından irəli gəlir. Bir hədisidə Ənəs (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) belə buyurduğunu rəvayət edir: "Uğursuzluq adlı bir inanc yoxdur. Mənim xoşuma gələn isə "təfəüldür". Məclisində olan səhabələr (radıyəllahu anhum): "Təfəül" nədir, ya Rəsulallah?" - deyə soruşdular. "Gözəl sözdür (hadisələri xeyrə yozmaqdır)", - deyə cavab verdi. (əl-Buxari: "Tibb", 19; Muslim: "Salam", 102).
Urvə ibn Amir (Allah ondan razı olsun) nəql edir ki, peyğəmbərin (salləllahu aleyhi va səlləm) yanında uğursuzluqdan söz açıldı və o (salləllahu aleyhi va səlləm) da bu haqda belə buyurdu: "Ən yaxşısı xeyrə yozmaqdır. Uğursuzluq düşüncəsi heç bir müsəlmanı yolundan ayırmasın. Hər şeyə gücü yetən yalnız Allahdır. Əgər xoşagəlməz bir şey görsəniz, bu duanı oxuyun: "Allahummə lə yəti bil-həsənəti illə əntə va lə yədfəus seyyiəti illə əntə va lə havlə və lə quvvatə illə bik - Allahım! Xeyirlər ancaq Səndəndir, şəri də ancaq Sən uzaqlaşdıra bilərsən. Yeganə güc və qüvvət sahibi Sənsən, həqiqi güc və qüvvət Səndəndir)". (Əbu Dəvud: "Tibb", 24).
Üzərlik yandırmaq, başdan duz səpələmək, göz-muncuğu, at nalı, dağdağan ağacı, bayquşun ulamağı, itin hürməsi, qara pişiyin kiminsə qabağından keçməsi, nərdivanın altından və sabunlu suyun üstündən keçmək, çərşənbə axşamı işə başlamaq, yaxud yola çıxmaq, gecə vaxtı güzgüyə baxmaq və ya dırnaq tutmaq, kəbinləri kəsilən ər-arvadın axşam vaxtı çölə çıxması, iki bacının eyni ildə kəbinlərinin kəsilməsi, düşər-düşməzlik, nəhs gətirmək, sınaq eləmək, rəqəmlər və ya bürclərlə hərəkət eləmək və bir çox bunlara bənzər əməllərdə uğursuzluğun olduğuna inanmaq batil bir inancdır. Başqa sözlə, bu, əsassız və səhv bir fikirdir. İmran ibn Huseyn (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurmuşddur: "Kim (düşər-düşməzlik, nəhs gətirmək və s mövhumatı) sınaq etsə, yaxud etdirsə, kim baxıcılıq etsə, yaxud öz falına baxdırsa, kim sehr etsə, yaxud sehrbaza müraciət etsə bizdən deyildir. Kim də kahinin yanına gedib onun dediklərini təsdiqləsə Məhəmmdə nazil olanı inkar etmiş olur". (əl-Munziri: "Tərğib vat-Tərhib", 4/52; əl-Heysəmi, 5/117). 

Teqlər: 
Paylaş: