Salman Farisi ikiqat savab qazanan səhabədir

    13.11.2013

Salman Farisi Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - məşhur səhabəsi, ikiqat savab qazanan möminlərdəndir. Uca Allah belələri barədə buyurur: “Qurandan əvvəl özlərinə Kitab verdiyimiz kəslər ona iman gətirirlər. Onlara Quran oxunduğu zaman: “Biz ona iman gətirdik. O, həqiqətən də, Rəbbimizdən olan haqdır. Biz ondan əvvəl də müsəlman idik!”– deyirlər. Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər” (əl-Qəsəs, 52-54).
Peyğəmbər demişdir: “Üç sinif insan vardır ki, onlar ikiqat savab qazanır: Əvvəlcə öz peyğəmbərinə, sonra da Muhəmmədə iman gətirmiş Kitab əhli ikiqat savab qazanır. Həm Allahın, həm də ağasının haqqını ödəyən kölə (ikiqat savab qazanır). Kənizinə yaxşı təlim-tərbiyə keçən, sonra onu azad edib onunla evlənən kişi ikiqat savab qazanır” (Ədəbul-Mufrəd, 203).
Salmandan kimin oğlu olduğunu soruşduqda atasının adını deməz, sadəcə "mən Salman ibn İslamam"– deyərək özünün İslam dininə mənsub olduğunu bildirərdi. Salman Farisinin fəzilətinə dair ikicə hədis qeyd etsək kifayət edər: Əbu Hureyrə demişdir: “Bir dəfə biz Peyğəmbərin yanında ikən ona “əl-Cumuə” surəsi nazil oldu: “Allah səni hələ müsəlmanlara qoşulmamış, başqalarına da elçi göndərmişdir...” Mən soruşdum: “Kimdir onlar, ya Rəsulullah?” O, mənə cavab vermədi. Mən sualımı üç dəfə təkrar etdim. Həmin vaxt Salman Farisi bizim aramızda idi. Peyğəmbər əlini Salmanın ayağının üstünə qoyub dedi: “Hərgah iman Sürəyya ulduzunun yanında olsaydı, bu adamlar ora da gedib çıxardılar” (Səhih əl-Buxari, 4897). Digər hədisdə Peyğəmbər belə buyurmuşdur: “Cənnət üç nəfər üçün darıxır: “Əli ibn Əbi Talib, Ammar ibn Yasir və Salman Farisi”

Paylaş: