Hansı heyvanları evdə saxlamaq olar?

    24.01.2014
Sual: 
Salam aleykum. İt saxlamaq haramdır? Hansı heyvanları evdə saxlamaq olar?
Cavab: 

Aleykum salam. Şəriətə görə ovçuluq, mal-qaranı, əkini, kənd təsərrüfatını və böyük həyət sahəsi olan evi qorumaq məqsədi ilə it saxlamaq icazəlidir. Bundan digər hallarda isə islam şəriəti müsəlmanlara it saxlamağı qadağan edir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Kim sürünün keşiyində durmaq, ov etmək və ya əkinçilik (kənd təsərrüfatı) xaric, bunlardan başqa məqsədlə it saxlayarsa, həmin insanın savabından hər gün bir qirat əksilər". (Muslim, 1575). Bir qirat dedikdə, bir və ya iki uhud dağı boyda ölçü nəzərdə tutulur. Digər bir hədisdə isə belə demişdir: "Mələklər it olan evə daxil olmazlar". (əl-Buxari, Muslim).
Digər heyvanları isə həddi aşmamaq və haqqını vermək şərtilə saxlamaq olar. Həddi aşmaq dedikdə heyvanlarda böyük miqdarda pul və vaxt sərf etmək nəzərdə tutulur. Şəriətdə heyvanların da insanlar üzərində haqqı olduğu bildirilmişdir. Vaxtında yeməyini və suyunu vermək, hədindən artıq işlətməmək və ya lazım olan məqsəd üçün çox yormamaq, heyvanları bir-biri ilə döyüşdürməmək, onları çox soyuq və ya istidə saxlamamaq və digər haqlar bura daxildir. Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Vaxtı ilə bir adam yolla gedərkən çox susayır bir quyu tapır, içinə düşür, su içir və oradan çıxır. Çıxanda görür ki,  susuzluqdan dilini çıxarmış bir it nəmli torpağı yalayır. Həmin adam öz-özünə: - Bu köpək də mənim kimi susayıb deyir və dərhal quyunun içinə düşür. Ayaqqabısını su ilə doldurur, onu ağzında tutaraq yuxarıya qalxır və suyu itə verir. Həmin adamın bu hərəkətindən Allah razı olur və onu bağışlayır".Səhabələr (Allah onlardan razı olsun): - Ey Allahın Rəsulu! Heyvanlara görə bizə savab düşürmü? - dedilər. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm): "Hər canlıya (etdiyiniz yaxşılığa görə) görə savab vardır" - buyurdu. (əl-Buxari, Muslim).
Həmçinin buyurmuşdur: "Mənə Cəhənnəm göstərildi. Orada İsrail övladlarından pişiyi ölənədək bağlı saxladığı və onun sərbəst dolaşmasına mane olduğu üçün əzaba düçar olunan bir qadın gördüm. Qadın pişiyi bağlı saxladığı müddətdə onu nə yedizdirmiş, nə də içizdirmişdir. Hətta yerdəki həşəratları yeməsinə belə imkan verməmişdir və pişik aclıqdan ölmüşdür". (əl-Buxari, Muslim).

Paylaş: