"əl-A’lə" surəsinin izahı

    27.07.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
1. Ən Uca Rəbbinin adına təriflər de! 2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi; 3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi, 4. O Rəbbin ki, otlağı cücərdib, 5. sonra da qaralmış samana çevirdi. 6. Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq. 7. Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır. 8. Səni ən asan olana müvəffəq edərik. 9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat! 10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. 11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar. 12. O kimsə ki, Cəhənnəmə atılacaq, 13. O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir. 14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır. 15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır. 16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz; 17. Axirət isə daha xeyirli və daha sürəklidir. 18. Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir – 19. İbrahimin və Musanın səhifələrində.
əl-A’lə (Ən Uca) surəsinin izahı

Ən Uca Rəbbinin adına təriflər de!
Bu ayədə Uca Allah öz Peyğəmbərinə - sallallahu aleyhi və səlləm - bütün məxluqatın fövqündə olan Uca Rəbbini bütün eyib və nöqsanlardan uzaq tutaraq Onun adını zikr etm‎əyi, “Subhənəllah” (Allah pak və nöqsansızdır) deyərək tərifləməyi buyurur.

O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi;
O Rəbb ki, bütün məxluqların hər birini xüsusi biçimdə yoxdan yaratdı. Uca Allah başqa bir ayədə belə buyurur:
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. Bunu etmək istəyən də aciz qalar, istənilən də! (əl-Həcc, 73).
 
O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi,
Uca Allah öz əzəli elmi ilə hər şeyin qədərini, yəni ölçüsünü müəyyən etmişdir. Uca Allah buyurur: «Şübhəsiz ki, biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər ilə) yaratdıq» (əl-Qəmər 49).  
Həmçinin, Uca Allah yaratdığı hər bir məxluqa xeyir əldə etməyin yolunu göstərmişdir. Uca Allah Qurani-Kərimdə Musa peyğəmbərin Fironun Allah barəsindəki sualına belə cavab verdiyini xəbər verir:
“Firon dedi: "Rəbbiniz kimdir, ey Musa?" Musa dedi: "Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstəndir!" (Ta ha, 49-50).
 
O Rəbbin ki, otlağı cücərdib, sonra da qaralmış samana çevirdi.
O Rəbb ki, bitkiləri cücərdərək yerdən çıxardır, sonra da keyfiyyətini dəyişdirib samana çevirir.  

Biz sənə Quranı elə oxumaq imkanı verəcəyik ki, o, yadından çıxmayacaq.
Bu ayədə Uca Allah Öz elçisinə Qurani-Kərimi oxutduracağını və onu unutmayacağını vəd edir. Peyğəmbərə Quran nazil olunduqda onu yadda saxlamağa tələsərdi. Uca Allah buyurur:
“Cəbrail sənə Quranı nazil etdikdə onu tələm-tələsik yadda saxlamaq üçün dilini tərpətmə! Şübhəsiz ki, sənin qəlbində onun qərar tutması və dilinlə onun oxunması Bizə aiddir. Biz onu oxuduğumuz zaman sən onun oxunuşunu izlə. Sonra, sözsüz ki, onu izah etmək də Bizə aiddir” (əl-Qiyəmə, 16-19).
Bu ayələr Peyğəmbərə nazil olandan sonra o, vəhy oxunub qurtarana qədər susar, sonra oxuyardı.
 
Əlbəttə, Allahın istədiyindən başqa. Həqiqətən, O, aşkardakından da, gizli qalandan da xəbərdardır.
Yəni, Uca Allahın unutdurmaq istədiyindən başqa oxuduqların yadından çıxmayacaq. Çünki bu, Allahın əlindədir. Uca Allah insanın aşkara çıxartdıqlarını və gizli saxladıqlarını bilir.
 
Səni ən asan olana müvəffəq edərik.
Bu ayədə Peyğəmbərə bütün işlərinin asanlaşdırılması vəd edilir. 

Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
Yəni, insanlara öyüd-nəsihətin fayda verdiyini görsən, onlara nəsihət et.
 
Allahdan qorxanlar öyüd-nəsihət götürərlər. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
Allahdan qorxan mömin bəndələrə öyüd-nəsihət fayda verər və onlar ibrət alarlar. Allaha iman gətirməyənlər isə öyüd-nəsihətdən üz döndərər və buna görə də ən bədbəxt kimsələrdən olarlar.  
 
O kimsə ki, Cəhənnəmə atılacaq, O orada nə ölə, nə də yaşaya bilməyəcəkdir.
Allaha iman gətirməyən kafirlər Cəhənnəm oduna atılacaq və orada verilən əzabdan nə canları qurtaracaq, nə də xoşbəxt həyat sürə biləcəklər. 
 
Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
İlk növbədə küfrdən və Allaha şərik qoşmaqdan, eləcə də pis əxlaqdan, gizlində və aşkarda olan günahlardan təmizlənən uğur qazanmışdır.
 
O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
Bu, Rəbbinə doğru can ataraq Onun adını xatırlayıb namaz qılan kimsədir. 
 
Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
Dünya həyatı tez ötüb keçən fani bir həyatdır. İnsan təbiətcə tələsən yaradıldığına görə tez əldə olunanı xoşlayır və buna görə də dünya həyatını Axirət həyatından üstün tutur. Əslində isə dünya müddət və keyfiyyət baxımından aşağı səviyyəli olan həyatdır. İnsan dünyadakı vəziyyətini düşünsə, burada daimi sevincin, daimi rahatlığın olmadığını görər. Dünya elə öz adı kimi bizə yaxın və aşağı səviyyəli olan həyatdır. Dünya sözünün mənası da məhz budur.

Axirət isə daha xeyirli və daha sürəklidir.
Cənnət həyatı dünya həyatından daha gözəl və daha sürəklidir. Oranın sevinci daimi, nemətləri isə tükənməzdir.

Həqiqətən də bu, əvvəlki səhifələrdə bildirilmişdir –  İbrahimin və Musanın səhifələrində.
Bu deyilənlər əvvəlki ümmətlərə göndərilmiş İbrahim və Musa peyğəmbərlərin səhifələrində bildirilmişdir. Uca Allah buyurur: 
“Yoxsa Musanın səhifərində olanlar barə ona xər verilmədi? Mər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?) Heç bir günahkar başqasının günah yükünü daşımaz. İnsan can atdığı şeyə nail olar. Əlbəttə, onun can atdığı (əməl) ona nəsib olacaqdır. Sonra da ona (bunun) əvəzi tam veriləcəkdir!” (ən-Nəcm, 36-41).
 

Paylaş: