Əli ibn Əbu Talibin Fatimə vəfat edənədək ikinci dəfə evlənməməsinin səbəbi nə olub?

    14.10.2015
Sual: 
Əs-Sələmu aleykum va rahmətullah.İnsanlara çox evliliyə pis baxmiram, baxa bilmerem, cunki Peygemberimiz sallallahu aleyhi və səlləm'də pis baxmiyib eksine destekliyib, dedikde,mene Peygemberimiz sallallahu aleyhi va salləm Xədicə anamizin dovrunde ikinci defe evlenmiyib deyirler, ve Əli radiyallahu anhu'ile Fatimə radiyallahu anhə'ni misal cekirlerki, Əli radiyallahu anhu ikinci defe evlenmek istedikde Fatimə radiyallahu anhə narazi olub, ve peyğəmbər sallallahu aleyhi va salləm, Fatiməni incidən məni incidər yə Əli, deyib. Yəni məhs bunlari misal cekirler, bunu aciqlayardiz xahis edirem. Allah razi olsun, əs sələmu aleykum va rahmətullah.
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Əvvəla onu qeyd edək ki, peyğəmbər (Allahın ona salavatı və salamı olsun) nəyi buyurubsa, onun hikmətini, səbəbini bilsək də, bilməsək də, bizə düşən ona tabe olub qəbul etməkdir: "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin...". (əl-Həşr, 7).
Alimlər peyğəmbərin (salləllahu aleyhi və səlləm) Fatimənin sağlığında Əliyə (Allah onlardan razı olsun) ikinci evliliyi qadağan etməsinin müxtəlif səbəblərini bildirmişlər:

  1. Bu evlilikdə Fatiməyə əziyyət var. Fatiməyə verilən əziyyət isə Allah Rəsuluna verilmiş sayılır. Allah Rəsuluna əziyyət vermək böyük günahlardandır. Uca Allah buyurur: "...Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!​(əl-Əhzab, 53). Mistər əl-Məxrəmə rəvayət edir ki: "Haşim ibn Muğirə oğulları, qızlarını Əli bin Əbu Talibə vermək üçün peyğəmbərdən izn istədilər. Rəsulullah 3 dəfə izn vermirəm dedi. Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu narahat edən şey məni də narahat edir, ona əziyyət verən şey mənə də əziyyət verir". (Səhih əl-Buxari; Kitabun-Nikah, 110/159). Sonra rəvayətçi deyir ki, bunu eşidən Əli, həmin evliliyi tərk edir. (Səhih əl-Buxari, 3110; Səhih Muslim, 2449). Başqa bir rəvayətdə isə: "Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə, məni qəzəbləndirmiş olur". (Səhih əl-Buxari; Kitabul-Fədaailul-Əshab, 12/61, 31/107).
  2. Allah Rəsulunun və Allahın düşmənin (Əbu Cəhl) qızının bir kişinin himayəsi, isməti altında olmasına etiraz etmək. Əli ibn Əbu Talib Fatimə ilə (Allah onlardan razı olsun) evli olarkən Əbu Cəhlin qızına elçi getdi. Bu məsələyə görə Fatimə narahat oldu və şikayətini məscidə peyğəmbərə deməyə getdi. Peyğəmbər məsələdən agah olduğdan sonra belə buyurdu: "Fatimə bədənimin bir parçasıdır. Mən sevmirəm kimsə onu narahat etsin, Allaha and olsun ki, peyğəmbərin qızı ilə Allahın düşməninin qızı gərək bir nəfərin yanında cəm olmasın!" (Səhih əl-Buxari, Səhabələrin fəzilətləri kitabı: 1364,1365-ci səhifələr, 3523-cü hədis). Alimlər bu hədisi şərh edərkən demişlər ki, burada məqsəd, çoxevliliyə etiraz yox, Fatimənin məqamının, fəzilətinin nə qədər üstün olmasını bildirməkdir. Şübhəsiz ki, Fatimə ilə Əbu Cəhlin qızı eyni dərəcədə, məqamda, fəzilətdə ola bilməzdi. Yəni, Allah Rəsulunun bu evliliyi bəyənməməsi, çoxevliliyi haram etməsi yox, Fatiməyə hörmət əlaməti olaraq, onun xətrinə görə idi. (İmam Nəvəvi, Səhih Muslimin şərhi əsəri, 8/199; İbn əl-Qayyim, Zadul-Məad kitabı, 5/119; Sahih İbn Hibbən, 15/407; İbn Həcər, Fəthul-Bəri, 9/329).

Bu qadağa xüsusi olaraq Əliyə aid idi və şəriətin icazə verdiyi çoxevliliyə heç bir maneə yaratmır. Əgər belə olsaydı, Əli Fatimənin, Allah Rəsulu da Xədicənin vəfatından sonra bir neçə qadınla evlənməzdilər. Allah Rəsulu özü demişdir ki, "Mən halalı haram, haramı da halal edən deyiləm". (Səhih əl-Buxari, 3110; Səhih Muslim, 2449). Həmçinin oxuyun:
İslamda 1-dən çox evliliyə icazə varmı? 
Birinci zövcənin razılığı olmadan ikincini almaq olarmı
Nigahdan öncə oğlanın qarşısına 2-ci zövcə almayacağına dair şərt qoymaq olarmı?

Teqlər: 
Paylaş: