"əl-İnfitar" surəsinin izahı

    04.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 
 1. Göy parçalanacağı zaman, 2. ulduzlar səpələnəcəyi zaman, 3. dənizlər daşıb bir-birinə qarışacağı zaman, 4. qəbirlər çevriləcəyi zaman, 5. hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir. 6. Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? 7. O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. 8. Səni istədiyi şəklə saldı. 9. Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz! 10. Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – 11. çox möhtərəm, əməllərinizi yazanlar. 12. Onlar sizin nə etdiklərinizi bilirlər. 13. Həqiqətən, itaətkarlar nemət içində olacaqlar. 14. Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar. 15. Onlar ora Haqq-hesab günü girəcəklər. 16. Onlar əsla ondan yayına bilməyəcəklər. 17. Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? 18. Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir? 19. O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!
əl-İnfitar (Parçalanma) surəsinin izahı

Göy parçalanacağı zaman, ulduzlar səpələnəcəyi zaman, dənizlər daşıb bir-birinə qarışacağı zaman, qəbirlər çevriləcəyi zaman,
Qiyamət qopduğu zaman göy yarılıb parçalanacaq və ulduzlar bir-birindən ayrılıb səpələnəcək. Dənizlər daşıb yer üzünə dolacaq və qəbirlərdə olanların hamısı üzə çıxıb Allahın qarşısında duracaqlar.     

hər kəs əvvəlcədən özü üçün nəyi tədarük edib, nəyi sonraya saxladığını biləcəkdir.
O gün hər bir insanın əməl kitabı açıq vəziyyətdə qarşısına qoyulacaq və günahkarlar orada yazılmış olanlardan qorxub deyəcəklər: "Vay halımıza! Bu necə bir kitab imiş! O nə bir kiçik, nə də bir böyük günahı buraxmadan hamısını sayıb yazmışdır!"

Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.
Yəni, ey insan, səni Peyğəmbərin gətirdiyi haqqı yalan sayıb səxavətli Allaha qarşı çıxmağa nə vadar edir? O ki, səni yoxdan yaradıb xilqətini kamilləşdirdi, sənə digər canlılardan fərqli olaraq düz qamət, gözəl görkəm bəxş etdi və istədiyi şəklə saldı.

Xeyr! Əksinə, siz Qiyaməti yalan hesab edirsiniz!
Uca Allah sizi yoxdan yaratdığına baxmayaraq siz: “Dünya həyatımızdan başqa heç bir həyat yoxdur, biz dirildiləcək deyilik” – deyərək Qiyamətin qopmasını yalan hesab edirsiniz.

Həqiqətən, sizin üstünüzdə nəzarətçilər vardır – çox möhtərəm, əməllərinizi yazanlar. Onlar sizin nə etdiklərinizi bilirlər.
Hər bir insanın üzərində nəzarətçi mələklər vardır. Uca Allah buyurur:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın” (Qaf, 16-18).
Bu mələklər insanın dediyi hər bir sözü, etdiyi hər bir əməli yazıb qeydə alırlar. Onlar çox möhtərəm olduqlarına görə heç kəsə haqsızlıq etmirlər; insanın etmədiyi bir əməli yazmır və ya etdiyini nəzərdən qaçırtmırlar.  

Həqiqətən, itaətkarlar nemət içində olacaqlar.
Xeyirxah əməllər edən möminlər Cənnətdə nemət içində əbədi həyat sürəcəklər. 

Şübhəsiz ki, günahkarlar da Cəhənnəmdə olacaqlar.
Burada günahkarlar dedikdə kafirlər nəzərdə tutulur. Onlar Cəhənnəm odunda olacaqlar.    

Onlar ora Haqq-hesab günü girəcəklər.
Onlar Cəhənnəm oduna insanların haqq-hesab ediləcəyi Qiyamət günü girəcəklər.

Onlar əsla ondan yayına bilməyəcəklər.
Onlar əsla əzabdan xilas ola bilməyəcəklər.

Sən haradan biləydin ki, Haqq-hesab günü nədir? Doğrudan da, sən haradan biləydin ki, Haqq-hesab günü nədir?
Yəni, sən insanların haqq-hesaba çəkiləcəyi Qiyamət gününün əzəmətini haradan biləsən.   

O gün heç kəs heç kəsə fayda verə bilməz və həmin gün hakimiyyət Allaha məxsus olacaqdır!
O gün Allahın izni olmadan insanlar bir-birilərinə fayda verə bilməyəcəklər və həmin gün insanların ixtiyarı öz əllərində olmadığına görə hakimiyyət bütövlükdə Allaha məxsus olacaq.  
 
 

Paylaş: