Peyğəmbərlərin vəsfi

    15.11.2013

Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - demişdir: “Peyğəmbərlər mənə göstərildi. Baxdım ki, Musa Şənuə qəbiləsinin kişiləri kimi nə çox kök, nə də arıqdır. Məryəm oğlu İsanı da gördüm. Baxdım ki, o, hamıdan çox Urva ibn Məsuda oxşayır. İbrahimi də gördüm. Ona ən çox oxşayan isə dostunuzdur. (Burada Peyğəmbər özünü nəzərdə tuturdu.) Cəbraili də gördüm. Baxdım ki, o, ən çox Dihyəyə oxşayır.” (Urva ibn Məsud və Dihyə Peyğəmbərin səhabələridir). Peyğəmbər İbrahim haqqında demişdir: “Bu gecə yuxuda yanıma iki nəfər gəldi. Sonra biz hündürboylu bir adamın yanına gəldik. Adamın boyu çox uzun olduğundan mən onun başını əməlli görə bilmədim. Bu, İbrahim idi.” (əl-Buxari, 3354). “Bizim İbrahimdən daha çox belə deməyə haqqımız çatır: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” Rəbbi ona: “Məgər sən inanmırsan?”– dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun” . Allah Luta rəhmət eləsin! Həqiqətən, o, möhkəm bir dayağa söykənirdi . Əgər mən Yusuf qədər zindanda qalsaydım, (sonra da padşahın elçisi gəlib məni çağırmış olsaydı,) mən onun çağırışını dərhal qəbul edərdim.” (əl-Buxari, 3372). “İbrahimin oğlu İshaq, onun oğlu Yaqub, onun da oğlu Yusuf, möhtərəm peyğəmbərdir, özü də möhtərəm (peyğəmbərin) oğludur, (atası da) möhtərəm (peyğəmbərin) oğludur, (babası da) möhtərəm (peyğəmbərin) oğludur.” (əl-Buxari, 3382). Peyğəmbər Musa haqqında demişdir: "Musa qarabuğdayı, hündürboylu və qıvrımsaçlı bir adam idi." Başqa bir hədisdə demişdir: “Musa isə qarayanız, cüssəli və dalğavarı saçları olan birisi idi...” Peyğəmbər İsa haqqında demişdir: "Məryəm oğlu İsa ortaboylu, alyanaq, ağbəniz və naziksaçlı bir adam idi" (Səhih əl-Buxari, 3239). Başqa bir hədisdə demişdir: "İsa dolubədənli, ortaboylu bir adam idi.” “Dünyada da, axirətdə də insanların Məryəm oğlu İsaya ən yaxın olanı mənəm. Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Anaları ayrı olsa da, dinləri birdir.” (əl-Buxari, 3443) Peyğəmbər demişdir: “İnsanların Məryəm oğluna ən yaxın olanı mənəm. Peyğəmbərlər ata bir, ana ayrı övladlardır. Mənimlə onun arasında heç bir peyğəmbər olmamışdır.” (əl-Buxari, 3442) Peyğəmbər Xədir haqqında demişdir: “Xədirə belə bir adın verilməsinin səbəbi bu idi ki, bir dəfə o, ot bitməyən ağ torpaqda oturmuş və birdən onun arxa tərəfində hər yan yaşıllaşmışdı.” (əl-Buxari, 3402) Peyğəmbər Davud haqqında demişdir: “Zəburu oxumaq Davuda asanlaşdırılmışdı. Çox vaxt o, atların yəhərlənməsini əmr edər və atlar yəhərlənməmişdən əvvəl Zəburu oxuyub bitirərdi. O ancaq öz əlləri ilə qazandığı ruzidən yeyərdi.” (əl-Buxari, 3417)

Paylaş: