"əl-Mutaffifin" (Çəkidə və ölçüdə aldadanlar) surəsinin izahı

    19.10.2015

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
 
Çəkidə və ölçüdə aldadanların vay halına! O kəslərin ki, camaatdan bir şey aldıqda onu tam almaq istəyərlər, onlar üçün bir şey ölçdükdə və ya çəkdikdə onu ziyana salarlar. Onlar dirildiləcəklərini fikirləşmirlərmi? Həm də əzəmətli bir gündə. O gündə ki, insanlar aləmlərin Rəbbinin qarşısında dayanacaqlar.
Burada Uca Allah “vay halına!” deyərək çəkidə və ölçüdə aldadanlara xəbərdarlıq edir. Bunlar o kəslərdir ki, insanlardan bir şey aldıqda onu tam çəkisi və ya ölçüsü ilə almağa çalışırlar. Hərçənd,  özləri insanlara bir şey satdıqda çəkini və ya ölçünü azaldarlar. Burada Uca Allah çəkidə və ölçüdə aldadanları misal gətirsə də, bu xəbərdarlıq öz haqqını tam olaraq tələb edən və başqasının haqqını kəsən hər kəsə ünvanlanır. 
Məgər onlar Qiyamət günü dirilib aləmlərin Rəbbi olan Allahın hüzurunda dayanacaqlarını bilmirlərmi?
 
Xeyr! Həqiqətən, günahkarların kitabı Siccindədir.
Siccin sözü darısqal yer deməkdir. Bu darısqal yer Cəhənnəm odudur. Uca Allah buyurur:
Lakin onlar (Saatı) Qiyaməti də yalan saydılar. Biz də onu yalan sayanlardan ötrü yandırıb-yaxan bir od hazırladıq. Onlar Cəhənnəm odunu uzaq məsafədən gördükdə belə onun necə qəzəblə qaynamasını duyacaq və xışıltısını eşidəcəklər. Onlar əlləri boynunda bağlı halda Cəhənnəmin dar bir yerinə atıldıqları zaman ölüm diləyərlər. Onlara deyilər: "Bu gün özünüzə bir ölüm deyil, çoxlu-çoxlu ölümlər istəyin!" (əl-Furqan, 11-14).
 
Sən haradan biləsən ki, Siccin nədir?! O, yazılı bir kitabdır!
Yəni, sən Siccinin əzəmətini haradan biləsən?! O, əbədi Cəhənnəm əzabına layiq görülən günahkar kafirlər barədə olan qeydlərin yazıldığı bir kitabdır.    
 
O gün haqqı yalan hesab edənlərin vay halına! O kəslərin ki, Haqq-hesab gününü yalan hesab edirlər. Amma bunu, həddini aşan günahkardan başqa, heç kəs yalan hesab etməz. Ayələrimiz ona oxunduğu zaman: "Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!"– deyir. 
Burada Uca Allah “vay halına!” deyərək insanların haqq-hesaba çəkiləcəyi Qiyamət gününü yalan hesab edənlərə xəbərdarlıq edir. Qiyamətin qopacağını isə yalnız həddini aşan günahkar yalan hesab edər. Uca Allahın ayələri ona oxunduğu zaman: “Bu, keçmişdəkilərin uydurduğu əfsanələrdir!” – deyərək özünə təsəlli verir. O, Qurana iman gətirmir və Uca Allahın ayələrini yaşlılardan eşitdiyi uydurma əfsanələr olduğunu hesab edir.
 
Xeyr! Onların qəlbini qazandıqları günahlar bürümüşdür. Xeyr, həmin gün onlarla Rəbbi arasına pərdə çəkiləcək!
Uca Allah “Xeyr!” deyərək onun fikirləşdiyini inkar edir və kafirlərin qazandıqları günahlar səbəbi ilə qəlblərinin kor olub haqqı görmədiklərini bildirir. Həqiqətən, onlar Allahın haqq ayələrini görməyərək onları yalan hesab etdikləri kimi Qiyamət günü də onlarla Rəbbi arasına pərdə çəkiləcək. 
 
Sonra onlar Cəhənnəmə girəcəklər və onlara deyiləcək: "Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm!"
Sonra o günahkarlar Cəhənnəm oduna girib əzaba düçar olacaqlar və məzəmmət olunaraq onlara deyiləcək: “Budur sizin yalan hesab etdiyiniz Cəhənnəm əzabı!” Uca Allah buyurur:
Odun üzərində dayandırıldıqları vaxt onların: "Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq"– dediklərini görəydin! Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar” (əl-Ənam, 27-28).
Uca Allah günahkar kafirlərin Axirətdəki halını qeyd etdikdən sonra itaətkar möminlərin halını qeyd edərək belə buyurur: 
 
Xeyr! Həqiqətən, itaətkarların kitabı İlliyyundadir!
Həqiqətən, itaətkar möminlərin kitabı Cənnətin ən yüksək yerindədir. Uca Allah onlar barədə olan qeydləri bu kitaba yazmışdır.
 
Sən haradan biləsən ki, İlliyyun nədir?! O, elə bir yazılı kitabdır ki, onu yalnız Allaha yaxın olanlar görürlər! Həqiqətən, itaətkarlar nemətlər içində olacaqlar. 
Yəni, sən İlliyyunun əzəmətini haradan biləsən?! O, yazısı heç vaxt dəyişilməyən və Uca Allaha itaət edərək ona yaxın olan kəslərin gördüyü bir kitabdır. Həqiqətən, Allaha itaət edən möminlər əbədi Cənnətdə heç vaxt tükənməyən nemətlər içində xoşbəxt həyat sürəcəklər. Uca Allah buyurur:
Onlar üçün qızıl sinilər və piyalələr dolandırılacaqdır. Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. Xeyirxah əməllərinizin nəticəsi kimi varis olduğunuz Cənnət budur” (əz-Zuxruf, 71-72).
 
Onlar taxtlar üstündə seyrə dalacaqlar. Sən onların çöhrəsində səadət parlaqlığı görəcəksən. Onlara möhürlü şərabdan içirdiləcəkdir. Onun möhürü müşkdür.
Onlar bəzənmiş taxtların üstündə Uca Allahın onlara bəxş etdiyi nemətləri seyr edəcəklər. Kim onlara baxarsa, onların üzündə səadət parlaqlığını görəcək. Xidmətçiləri onlara dünyadakından fərqli olaraq heç bir qatışığı və ağıla zərəri olmayan xalis şərab içirdəcəklər. Onun axıra qalan hissəsi xoş qoxulu müşkdən olacaq. Uca Allah buyurur:
Onlar bəzənmiş taxtlar üstündə qarşı-qarşıya əyləşib dirsəklənəcəklər. Onların ətrafında həmişəcavan xidmətçi oğlanlar fırlanacaqlar; çeşmə şərabı ilə dolu badələr, bardaqlar və qədəhlərlə – ondan başları ağrımaz və məst olmazlar, bəyənib seçdikləri meyvələr və istədikləri quş əti ilə fırlanacaqlar” (əl-Vaqiə, 15-21).
 
Qoy çalışanlar onun üçün səy göstərsinlər! Onun qatışığı isə təsnim bulağındandır. O təsnim elə bir bulaqdır ki, ondan Allaha yaxın olanlar içərlər.
Qoy xeyirxah əməllər etməkdə çalışanlar bu mükafatı qazanmaq üçün səy göstərsinlər. Həmin şərabın qatışığı isə təsnim adlı bulaqdandır. Bu bulaq yüksəkdə yerləşən Ədn cənnətindən qaynayıb axır. Bu elə bir bulaqdır ki, ondan axan çaylardan Allaha yaxın olan insanlar içərlər.
 
Doğrudan da, günah edənlər iman gətirənlərə gülürdülər, onların yanından keçdikdə bir-birinə qaş-göz edirdilər, öz ailələrinin yanına fərəhlə qayıdırdılar, möminləri gördükdə isə deyirdilər: "Həqiqətən, bunlar azmışlardır!"
Dünyada ikən günahkarlar möminləri ələ salırdılar, onların yanından keçdikdə isə bir-birilərinə qaş-göz edirdilər. Onlar möminlərə üstün gəldiklərini hesab etdikləri üçün öz ailələrinin yanına sevincək qayıdırdılar. Möminləri gördükdə isə deyirdilər: “Həqiqətən, bunlar geridə qalmışlardır!”
 
Halbuki bu günahkarlar onlara gözətçi qoyulmamışdılar. Bu gün məhz iman gətirənlər kafirlərə güləcəklər. Onlar taxtlar üstündə ətrafa baxacaqlar. Kafirlər törətdiklərinin cəzasını aldılarmı?!
Halbuki bu günahkarlar onları güdmək və mühakimə etmək üçün gözətçi təyin edilməmişdilər. Qiyamət günü gəldikdə isə möminlər kafirlərə güləcəklər. Onlar Cənnətə daxil olub təmtəraqlı taxtlar üstündə Uca Allahın onlar üçün hazırladığı mükafatlara baxacaqlar. Kafirlər isə etdiklərinin cəzasını haqq-ədalətlə alacaqlar.  
 

Paylaş: