Kürsü ayəsinin fəziləti

    04.05.2014

Əbu Hureyra demişdir: “Bir dəfə Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - ramazan ayında yığılmış zəkatı qoruyub saxlamağı mənə tapşırdı. Bu əsnada bir nəfər yanıma gəldi və ərzaqdan ovuclayıb qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Vallahi, mən səni mütləq Peyğəmbərin yanına aparacağam.” O yalvarıb: “Mən buna möhtacam, mənim külfətim var, özümün də bu yeməyə olduqca ehtiyacım var”– dedi, mən də onu buraxdım.
      Ertəsi gün Peyğəmbər məndən soruşdu: “Ey Əbu Hureyra! Tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O mənə həm ehtiyaclı, həm də külfət sahibi olduğundan gileyləndi. Buna görə də mənim ona yazığım gəldi və onu buraxdım.” Peyğəmbər dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq.” Mən bilirdim ki, o qayıdacaq, çünki Peyğəmbər: “...o yenə qayıdacaq”– deyə xəbər vermişdi. Odur ki, pusquda durub onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Səni hökmən Peyğəmbərin yanına aparacağam.” O yalvarıb dedi: “Burax məni! Doğrudan da, mən buna möhtacam və mənim külfətim var. Söz verirəm ki, bir daha bura qayıtmayacağam.” Mənim ona yazığım gəldi və mən yenə onu buraxdım.
      Ertəsi gün Peyğəmbər məndən soruşdu: “Ey Əbu Hureyra! Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O, mənə həm möhtac, həm də külfət sahibi olduğundan giley-güzar elədi. Buna görə də mənim ona yazığım gəldi və mən onu buraxdım.” Peyğəmbər dedi: “O sənə yalan danışıb və o yenə qayıdacaq.” Mən üçüncü dəfə pusquda dayanıb onu gözlədim. O, yenə gəlib ərzaqdan ovuclayaraq qabına yığmağa başladı. Mən onu yaxalayıb dedim: “Mən səni hökmən Peyğəmbərin yanına aparacağam. Artıq üçüncü dəfədir ki, sən qayıtmayacağına söz verir, sonra da qayıdırsan.” O yalvarıb dedi: “Məni buraxsan, sənə elə sözlər öyrədərəm ki, Allah onların vasitəsilə sənə fayda verər.” Mən: “O nə sözdür?”– deyə soruşdum. O dedi: “Yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” (əl-Bəqərə surəsinin 255-ci) – ayəsini axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi bir mələk durar və şeytan sənə yaxınlaşmaz.” Mən yenə onu buraxdım.
      Səhəri gün Peyğəmbər məndən soruşdu: “Dünən tutduğun əsir nə etdi?” Mən dedim: “Ya Rəsulallah! O, Allahın izni ilə mənə faydası olacaq sözlər öyrədəcəyini söylədi və mən də onu buraxdım.” Peyğəmbər: “Nədir o?”– deyə soruşdu. Mən dedim: “O mənə söylədi ki, yatağına uzananda Kürsü – “Allah, Ondan başqa ilah yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur...” – ayəsini əvvəldən axıra qədər oxu. Əgər bunu etsən, səhər yuxudan oyananadək sənin yanında Allahın təyin etdiyi gözətçi bir mələk durar və şeytan sənə yaxınlaşmaz.” Səhabələr xeyirli işlərə ən çox can atan insanlar idi. Peyğəmbər dedi: “O sənə doğru söylədi, halbuki özü qatı yalançıdır. Sən üç gecədir kiminlə söhbət etdiyini bilirsənmi, ey Əbu Hureyra?” Mən: “Xeyr!”– deyə cavab verdikdə, Peyğəmbər dedi: “Bu, şeytan idi!” (əl-Buxari, 2311).

Paylaş: