Qiyamət qopacağı zaman
Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir: “Amalı eyni olan iki böyük ordu bir-birilə vuruşmayınca qiyamət qopmayacaq. Onların arasında böyük bir döyüş olacaqdır. Nəhayət, otuza yaxın yalançı dəccal meydana çıxacaq və onlardan hər biri Allahın rəsulu olduğunu iddia edəcəkdir. Habelə, (alimlərin vəfat etməsi ilə dini) elm aradan qaldırılmayınca, zəlzələlər çoxalmayınca, zaman yaxınlaşmayınca (bərəkəti azalmayınca), fitnələr baş qaldırmayınca, hərc – yəni qətl hadisələri artmayınca, əlinizdə olan var-dövlət artmayınca qiyamət qopmayacaq. İş o yerə gəlib çatacaq ki, mal sahibi zəkatını verməyə adam axtaracaq, hətta onu bir kimsəyə təklif etdikdə həmin adam: “Mənim zəkata ehtiyacım yoxdur”– deyəcəkdir.
Həmçinin, insanlar hündür binalar tikməkdə bir-biriləri ilə yarışmayınca, adam birisinin qəbrinin yanından keçdikdə: “Kaş mən onun yerində olaydım” deməyincə, günəş batdığı yerdən doğmayınca qiyamət qopmayacaq. Günəş məğribdən doğduğu zaman insanlar onu görəcək, yəni hamısı bu həqiqətə inanacaq, lakin artıq iş işdən keçmiş olacaq.
Həmin vaxt: “....əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir” (əl-Ənam, 158). Qiyamət qopacağı zaman parçalarını qarşılarına sərmiş iki kişi nə alış-verişlərini tamamlamağa, nə də o parçanı büküb yığışdırmağa imkan tapmayacaqlar.
Qiyamət qopacağı zaman dəvəsinin südünü sağıb aparan adam o süddən içməyə fürsət tapmayacaq.
Qiyamət qopacağı zaman hovuzunu suvayan adama ondan su içmək nəsib olmayacaq.
Qiyamət qopacağı zaman loxmasını ağzına aparan adam onu yeməyə macal tapmayacaq.” (əl-Buxari, 7121)