Adəmin yaradılması

    29.01.2014

Uca Allah yer üzərində yalnız Ona ibadət edəcək şüurlu bir varlıq yaratmaq istəyərkən mələklərinə xitab edərək belə demişdir:
“Sənin Rəbbin mələklərə: "Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!"– dedikdə, - 
Uca Allah Adəmi və onun zürriyyətini yaratması haqda öyünmək üçün əvvəlcədən onlara xəbər verir. Mələklər isə bu yaradılışın hikmətini bilmək üçün: 
onlar: "Biz Səni həmd-səna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?"– söylədilər.
Deyilənə görə mələklər Adəmdən əvvəl yaradılmış cinlərdən bu cür pis əməlləri gördükləri üçün yer üzərində yaradılanların çox vaxt eyni xüsusiyyətə sahib olduqlarını düşündülər.  Amma Uca Allah bunların yaradılmasında mələklərin bilmədiyi xeyirli məqsədləri bildiyini, bunların arasında peyğəmbərlər, elçilər, sadiqlər, şəhidllər və əməlisalehlərin olacağını nəzərdə tutaraq:   

O dedi: "Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!" (əl-Bəqərə, 30).
 

Adəmin yaradılması

Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Günəşin üzərinə doğduğu ən xeyirli gün Cümə günüdür. O gün Adəm yaradılmış, o gün yer üzünə endirilmiş, o gün tövbəsi qəbul edilmiş və o gün vəfat etmişdir. Qiyamət günü də o gün qopacaqdır...”
Peyğəmbər demişdir: “Allah Adəmi boyu altmış ərəş uzunluğunda yaratdı. Sonra buyurdu: “Get oradakı mələklərə salam ver və dinlə gör sənin salamı­nı necə alacaqlar. Çünki bu həm sənin, həm də sənin zürriyyə­tinin salamıdır.” Adəm onlara: “Əssəlamu aley­kum!”– dedi. Onlar da: “Əssəlamu aleykə və rah­mətullah!”– deyib, buna “və rah­mətul­lah” kəlməsini əlavə etdilər. Cənnətə girəcək hər kəs ora Adəmin su­rə­tində girəcəkdir. Məlumunuz olsun ki, indiyə qədər insan­ların xilqəti na­qis­ləş­məkdədir” (əl-Buxari, 3326)
 

İblisin Adəmə paxıllıq etməsi

Peyğəmbər salləllahu aleyhi və səlləm demiş­dir: “Həqiqətən, Allah Adəmi torpaqdan yaratdı, sonra onu palçığa çevirib bir müddət saxladı. O, başqa şəkilə düşmüş qara palçıq olduqda, onu yaradıb surət verdi. Sonra onu toxunduqda saxsı kimi səs çıxaran quru gilə çevrilənə qədər saxladı. İblis onun yanından keçər və deyərdi: “Həqiqətən, sən böyük bir iş üçün yaradılmısan!” Sonra Allah ona Öz ruhunu üfürdü. Ruhun ilk cərəyan etdiyi gözləri və burun deşikləri oldu. Bu vaxt Adəm asqırdı və Allah ona Rəbbinə həmd etməyi təlqin etdi. Rəbb dedi: “Rəbbin sənə rəhm etsin...”
Burada "Öz ruhundan" ifadəsində ruhun Allaha nisbət edilməsi şərəfləndirmək üçün deyilir. Məsələn, Allahın qulu, Allahın evi ifadələri kimi.       

Adəm əşyaların adlarını öyrənir 

"Allah Adəmə bütün şeylərin adlarını öyrətdi Sonra onları mələklərə göstərib dedi: "Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!" Onlar dedilər: "Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!" Allah dedi: "Ey Adəm, bunların adlarını onlara bildir!" O, bunların adlarını onlara bildirdikdə Allah dedi: "Mən sizə demədim ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?" (əl-Bəqərə, 31-33).
Allah Adəmə hər bir əşyanın adını, keyfiyyətini, vəsfini və faydasını öyrətmişdir. 

Mələklərə Adəmə səcdə etmələri əmr edilir 

"Bir zaman Biz mələklərə: "Adəmə səcdə edin!"– dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu. Biz dedik: "Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız" (əl-Bəqərə, 34-35).
Uca Allahın Adəmi öz əli ilə yaratması, ona Öz dərgahından olan ruhu üfürməsi, mələklərə səcdə etmələrini əmr etməsi və ona əşyaların adlarını öyrətməsi böyük lütfkarlıqdır. 
Böyük təfsir alimi İbn Abbas demişdir: "Adəm yatarkən Həvva onun sol kiçik qabırğasından yaradıldı və qabırğanın yeri ət ilə əvəz olundu".
Peyğəmbər demişdir: “Kim Allaha və Axi­rət gününə iman gətirirsə, qonşusuna əziyyət verməsin! Qadınlarla da yaxşı davranın! Çünki onlar qabırğadan xəlq edilmişlər. Qabırğanın əyri tərəfi isə yu­xarı hissəsidir. Sən onu düzəltmək istəsən, sındıracaqsan, düzəlt­mə­sən, əyri qalacaq. Odur ki, qadınlarla yaxşı davranın!” (əl-Buxari, 5186)
Həmçinin, Peyğəmbər Cənnət haqqında belə demişdir: “Uca Allah Cənnəti yaratdıqda mələklər dedilər: “Ey Rəbbimiz, bunu bizim üçün et, Adəm oğulları üçün dünyanı yarat­mı­san. Onlar orada yeyir və içirlər”. Uca Allah buyurdu: “İzzətimə və Ucalı­ğıma and olsun ki, Öz əllərimlə yaratdığım bəndənin əməlisaleh nəslini, “Ol!”- deməklə olan bir tayfaya bərabər tutmaram”.

İblisin Adəm və Həvvaya vəsvəsə verməsi

“Şeytan isə o ağacla onları çaşdırıb olduqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır" (əl-Bəqərə, 36).
Şeytan onları naz-nemət və sevinc yurdu olan Cənnətdən çıxardıb yorğunluq və əzab-əziyyətlə dolu olan dünyaya enmələrinə səbəb oldu. Buna səbəb şeytanın onlara vəsvəsə etməsi olmuşdur. Uca Allah bu haqda buyurur:
"Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: "Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız" (əl-Əraf, 20).
O, dediyinə inandırmaq üçün: "Üstəlik onlara: "Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm"– deyə and içdi" (əl-Əraf, 21).
Başqa bir ayədə isə belə deyilir: "Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" (Ta ha, 120).
"Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: "Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?" (əl-Əraf, 22).

Adəmin tövbəsi

"Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir" (əl-Bəqərə, 37).
Allah Elçisi salləllahu aleyhi və səlləm demişdir: “Atanız Adəm uca xurma ağacı kimi, boyu altmış dirsək, saçı uzun, övrəti bağlı idi. Cənnətdə xəta edəndə övrəti açıldı. Adəm Cənnət­dən çıxıb getdikdə qarşısına bir ağac çıxdı. Ağac onu tutub saxladı və Rəbbi ona: “Məndən qaçırsan, ey Adəm?”- deyərək xitab etdi. Adəm dedi: “Ey Rəbbim, Sənə and olsun ki, etdiyimə görə Səndən həya edib qaçıram”.

Adəmin yer üzərinə enməsi

“Biz dedik: "Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridirlər Onlar orada əbədi qalacaqlar!" (əl-Bəqərə, 38-39).

İnsan dünyada qəribdir, çünki onun əsl vətəni Cənnətdir. Həmçinin, insan bu dünyada müsafirdir. Müsafir yola çıxdıqda özü ilə ona lazım olan azuqəni götürür. Çünki, bu dünya müvəqqəti, Axirət isə əbədi məskəndir. Odur ki, Allaha iman gətirib yaxşı işlər görməklə müvəqqəti məskəninizdən əbədi məskəniniz üçün tədarük edin! “Ey qövmüm! Bu dünya həyatı ancaq fani bir zövqdür, Axirət isə qərar tutacağınız yurddur” (Ğafir, 39).
Paylaş: