Valideynin ölümü ilə barışa bilməmək

    04.02.2014
Sual: 
Salam aleykum. Mən bir il dörd aydır ki, atamı itirmişəm, səbəbi bəlli olmayan xəstəlikdən. Onun ölümü ilə barışa bilmirəm. Düzdür həmişə Allaha şükr edirəm. Xeyir də şər də ondandir. Amma yenə də ürəyim yanır. Heç kəs məni başa düşmür. Hamı danlayır. Mən nə edim? Elə bilirəm ki, nə vaxt başa düşsəm ki, atam yoxdur, o gün hər şey bitəcək. Vəfat edəni unutmaqmı lazımdır? Vəfat edən adam ücün ağlamaq günahdırmı?
Cavab: 

Aleykum salam. Hər bir müsəlman bilməlidir ki, ölüm son deyil, Uca Allah ölmüş insanları qiyamət günü yenidən dirildəcək. Rəbbimiz buyurur: "Sizi (Adəmi) də ondan (torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çxaracağıq". (Ta Hə, 55).
"Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi. Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız". (əl-Bəqərə, 28).

Sizin atanız üçün edəcəyiniz ən xeyirli iş onun üçün Allaha dua etmək, onun günahlarının bağışlanmasını, sorğu-sualının asan olmasını, Cənnətə daxil edilməsini və s. istəməkdir. Namazlarınızda bu cür dua edə bilərsiniz, həmçinin duanın ən çox qəbul olunduğu vaxtlardan biri də gecə namazıdır. Gecə namazlarını da qıla bilərsiniz. Daha ətraflı: Gecə namazı necə qılınır?

Çalışın atanız üçün çox ağlamayasız. Çünki Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurduğuna görə "ölü, yaxınlarının qışqıraraq ağlamasından sıxılar və əziyyət çəkər". (əl-Buxari). Əbu Sələmənin qızı Zeynəb (Allah onlardan razı olsun) rəvayət edir ki, rəsulullahın xanımı Ummu Həbibə anamızın (Allah ondan razı olsun) atası ölüncə baş sağlığı diləmək üçün yanına getdiyim zaman dedi ki: "Rəsulullahın "Allaha və axirət gününə inanan bir qadının ölən yaxını üçün üç gündən çox yas tutması halal deyil" dediyini eşitdim". Cəhşin qızı Zeynəbin qardaşı şəhid olunca o da eyni şeyləri söylədi. (əl-Buxari). Amma ölən şəxs üçün səssizcə ağlamağa icazə verilir.

Həmçinin, siz yavaş-yavaş qəbul etməlisiniz ki, hər bir yaranan nə vaxtsa dünyasını dəyişəcək. Allah Təala buyurur: "Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)". (ər Rahmən, 26). "Hər bir kəs (hər bir canlı) ölümü dadacaqdır. (Dözüb-dözməyəcəyinizi, şükür edəcəyinizi, yaxud nankor olacağınızı) yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə (xəstəlik, yoxsulluq, ehtiyac və sağlamlıq, var-dövlət və cah-cəlalla) imtahana çəkərik. Və siz (qiyamət günü əməllərinizin əvəzini almaq üçün) ancaq Bizim hüzurumuza qaytarılacaqsınız!". (əl Ənbiya, 35). "Hər harada olsanız, ölüm sizi tapar; yüksək yerlərdə təhkim edilmiş qalalarda olsanız belə…". (ən-Nisə, 78). Bu üzdən insan öləni yox, ölümü unutmamalıdır. Əbu Hureyrənin (Allah ondan razı olsun) nəql etdiyinə görə, Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "Ləzzətləri dağıdıb acılaşdıran ölümü tez-tez xatırlayın". (ət-Tirmizi "Zuhd", 4). Həmçinin ölümdən sonrakı həyat üçün xeyir əməllərlə hazırlıq etmək və sevdiyi insanların da axirətdəki sonsuz həyatları üçün hazırlıq etmələrinə vəsilə olmaq lazımdır. 

Paylaş: