Saxta nəzəriyyənin süqutu

    30.11.2013

Təkamül nəzəriyyəsinin darvinsayağı izahı 1. Təbii seçmə: zəif fərdlər ətraf mühitin dağıdıcı amillərinin təsiri ilə məhv olur və yalnız güclü fərdlər qala bilir. Darvinistlərin görüşünə görə təbii seçmə ətraf mühitə daha çox uyğunlaşa bilən orqanizmlərin qorunub qalmasıdır. Güclü və sağlam fərdlər qalaraq öz güclü xüsusiyyətlərini irsən ötürür. Zaman keçdikcə güclü xüsusiyyətlər birləşərək yeni xüsusiyyətləri əmələ gətirir. Bu cür təkamül orqanizmlərin qazandıqları xüsusiyyətləri sayəsində onların daha çox inkişaf edən varlıqlara təkamül etməsinə imkan verir. 2. Cinsi seçmə isə erkəklərin və dişilərin daha güclü fərdlərlə cütləşməyə meyl etməsi sayəsində meydana gəlir. Beləcə daha güclü fərdlərin xüsusiyyətləri irsən keçir, zəif fərdlərin xüsusiyyətləri isə yox olur. Çünki, digər orqanizmlər onlarla cütləşməyə meyl etmirlər. 3. Hər bir yeni xüsusiyyət irsən keçir. Təkamül nəzəriyyəsinin darvinsayağı izahının təkzib edilməsi 1. Darvinə görə təbiətdə təbii seçmə qanunu vardır. Bu qanuna əsasən canlı varlıqlar məhv olur və yalnız ətraf mühitə uyğunlaşa bilən orqanizmlər öz xüsusiyyətlərini irsən ötürərək qalır. Güclü xüsusiyyətlər yığılaraq yeni növlərin yaranmasına gətirib çıxardır. Bizim görüşümüzə görə təbiətdə zəif və güclü bütün canlılar məhv olur, çünki Allah bütün canlıları öldürür. Bu qanuna müqabil başqa qanun – həyatı qoruma qanunu vardır. Bu qanuna həm ətraf mühit, həm də bütün canlı varlıqlar tabedir. Allah həyatı və onu qoruyan həyat amillərini də yaratmışdır. Ona görə də biz görürük ki, günəş, dəniz, külək, yağış, bitkilər, qravitasiya və çoxlu digər amillər insanın və başqa canlıların həyatının qorunmasını təmin edir. Ətraf mühitin dağıdıcı amillərini nəzərə almaq və həyatı qoruyan amilləri isə nəzərdən qaçırtmaq düzgün fikir ardıcıllığını pozur. Həyatı məhv edən qanunlarla yanaşı onu qoruyan qanunlar da vardır və onların hər biri müəyyən vəzifə icra edir. Əgər külək, göy gurultusu, istilik, sel, tufan və s. kimi təbiət hadisələri insanlara və onların həyat fəaliyyətinə zərər verməyi, məsələn onları kor etməyi və ya evlərini dağıtmağı bacarırsa, onda bu şüursuz təbiət hadisələrinin görmə qabiliyyətini və dağılan evləri bərpa etməsini güman etmək ağılsızlıq olardı. Sağlam düşüncə təbiət hadisələrinin dağıntı və ölümə gətirib çıxartdığını qəbul edir, lakin sağlam düşüncə bu ecazkar dünyanın necə yaranmasını, varlıqların xarici görünüşü və quruluşu necə qazanmasını, bu mükəmməl nizamın haradan meydana gəlməsini təbiət hadisələri ilə izah etməkdən imtina edr. Canlı varlıqların hər bir orqanı mükəmməl görünüşə və düşünülmüş quruluşa malikdir, onun bütün hissələri mükəmməl və ecazkar tərzdə birləşdirilmişdir. Onun funksiyaları digər orqanların fəaliyyəti ilə əlaqəlidir. Bu kamilliyin və ecazkar nizamın kor-təbii hadisələrin nəticəsində meydana gəldiyini bəyan etmək yolverilməzdir. Cəmaləddin əl-Əfqani “ər-Radd aləd-dəhriyyə” (Materialistlərə cavab) adlı məqaləsində bu nəzəriyyəni tənqid edərək belə yazır: “Mən soruşmaq istəyirəm: maddənin hər bir hissəciyi başqa hissəciklərdən ayrı ola-ola onların məqsədini necə bilmişdir? Hər bir hissəcik digərlərinə öz məqsədini hansı üsulla xəbər vermişdir? Bu gözəl quruluşa malik olan dünyanın yaradılması üçün hansı parlament, senat və ya hansı ağsaqqallar şurası toplanmışdır? Yumurtada olan hissəciklər haradan bildi ki, onun içindən dənlə qidalanan, dimdiyi olan quş çıxmalıdır?” Darvinin təbii seçmə adlandırdığı prinsip insan həyatını məhv edir. Bu prinsip zalımların - istər ayrı-ayrı şəxslər və ya dövlətlər olsun - fəaliyyətlərinə bəraət qazandırır. Zəiflər deyil, məhz zalım hökmdarlar insanların mülkiyyətini müsadirə edir, insanlara zülm edir, müharibələr yaradır və sui-qəsdlər hazırlayırlar. Bu haqsızlıqları edərkən onlar elə güman edirlər ki, Darvinin təbii seçmə qanunu adlandırdığı təbiət qanunlarının birinə əsasən hərəkət edirlər. Bu zənn onları müstəmləkəçiliyin ən eybəcər təzahürlərinə gətirib çıxartdı. 2. Güclü fərdlərin cütləşmə yolu ilə güclülərin qalmasına və zəiflərin məhv olmasına gətirib çıxarmasını nəzərdə tutan təbii seçməyə gəlincə, bu, növlərin təkamülünə dəlalət etmir. Bu ancaq o deməkdir ki, bir növün fərdləri arasında daha güclü olanlar qalır, zəif olanlar isə məhv olur. Əgər kimsə təkamülün yalnız ayrı-ayrı fərdlərə şamil edildiyini deyərsə, bu, onların cinsi meyllərini aşağı salır. Çünki, erkəklərlə dişilər arasında olan fərqlilik artdıqca aralarındakı cinsi meyl etmə də zəifləyir. Darvinin zamanından yüz il keçdikdən sonra məşhur bioloq Dvayer Zanski 1958-ci ildə bunu bəyan edərək belə yazmışdır: “Zahiri fərqlilik cinsi meyli azaldır və fərdlərlə növlərin arasındakı fərq nə qədər böyük olarsa, bir o qədər də onların bir-biri ilə cütləşməyə meyli azalır. Ona görə də hər hansı bir fərdin kamil xüsusiyyətlərinin irsən keçdiyni təsdiq etmək doğru deyildir. Məsələn, fiziki cəhətdən güclü dəmirçi əzələ gücünü öz nəslinə ötürmür, eləcə də dərin biliklərə sahib olan alim biliklərini övladlarına irsən ötürmür. 3. Bəzi xüsusiyyətlərin təsadüf nəticəsində qazanılaraq irsən keçdiyini iddia etmək müasir genetika tərəfindən təkzib edilir. Genlərdə olmayan hər bir xüsusiyyət sonradan qazanılan adlanır və həmin xüsusiyyət gələcək nəsilə irsən keçə bilmir. Bu sahədə görkəmli alim Professor Nabil Corc belə yazır: “Bu səbəbdən təbii seçmə təkamül nəzəriyyəsini izah edə bilmir. O ancaq ətraf mühitə uyğunlaşa bilməyən fərdlərin məhv olmasını və növ daxili bəzi xüsusiyyətlərin yayılmasını izah edir. Təkamül tərafdarları demək istəyirlər ki, gözü olmayan bir heyvanda hansısa şüaların təsiri ilə gözlənilmədən gözləri əmələ gəlmişdir. Alimlər sübut etmişlər ki, rentgen şüaları genlərin kəmiyyət dəyişikliyinə təsir göstərə bilir, amma bu dəyişikliklər mövcud olan genlərdə meydana gəlir və bunun nəticəsində yeni heç nə əmələ gəlmir. Meymunun və insanın genlərinin sayı fərqlidir. Şüalanma ancaq mövcud olan genlərə təsir edir. Şüuru və düşüncə qabiliyyəti olmayan bu şüalar insanı meymundan və bütün digər heyvanlardan fərqləndirən şüuru yaratmağa qadir deyildir. Şüalanma genə müsbət təsirdən çox radioloji şüalanmada olduğu kimi dağıdıcı təsir göstərir. Lakin Darvin nəzəriyyəsi təkcə genetika elmi ilə deyil, həm də həyat təcrübəsi ilə təkzib edilir. Yəhudilər və onlardan sonra gələn müsəlmanlar oğlan uşaqlarını sünnət edirlər. Buna baxmayaraq onların uşaqları sünnət olunmadan dünyaya gəlirlər. Elm inkişaf etdikcə, Darvin nəzəriyyəsinin yanlış olmasının sübutları artır.

Paylaş: