Dəlillərə əsaslanmayan nəzəriyyə

    01.12.2013

1. Əgər Darvin nəzəriyyəsi doğru olsaydı, biz insanın və müxtəlif heyvanların təkcə cinsiyyətli yolla çoxalma ilə deyil, həm də növlərin təkamülü nəticəsində yaranmasını müşahidə edərdik. Əgər təkamül etmək üçün yüz illərin keçməsi belə lazım gələrdisə, bu yenə də bizə bir qrup meymunun bir-birinin ardınca insanlara çevrildiyi görməyə mane olmazdı. 2. Əgər biz ətraf mühitin və təbbi seçmənin meymunu kişiyə çevirməsini fərz etsək, biz yenə təsəvvür edə bilmərik ki, həmin şərait həmin kişiyə tay olacaq qadının yaranmasına, bunun sayəsində onların nəsli davam etdirib birgə yaşamalarına gətirib çıxartmışdır. 3. Heyvanlarda, məsələn şəraitə görə öz rəngini dəyişən buqələmunda müşahidə edirik ki, dəyişkən şəraitə uyğunlaşma qabiliyyəti əvvəlcədən təqdir edilmiş və təbiətə yerləşdirilmişdir. Canlı orqanizmlər anadangəlmə bu qabiliyyətlərə malikdir. Bəzi heyvanlarda bu qabiliyyət yaxşı inkişaf etmiş, başqalarında isə mövcud deyildir, lakin bu qabiliyyət bütün məxluqlarda müəyyən həddə özünü göstərir. Beləliklə, darvinistlərin iddialarına zidd olaraq dəyişkən şəraitə uyğunlaşma qabiliyyəti fitri keyfiyyətdir, ətraf mühitin təsiri ilə qazanılan xüsusiyyət deyildir. Əks təqdirdə ətraf mühit daşların, torpağın və digər cansız varlıqların da xüsusiyyətlərini dəyişdirərdi. 4. Qurbağalar suda və quruda yaşamaq, quşlar isə uçmaq və məkanı sürətlə dəyişmək baxımından insandan daha üstün qabiliyyətə malikdir. İtlər iy bilməkdə insandan daha yaxşıdır. Məgər bu o deməkdir ki, itlərdə iy bilmə qabiliyyəti insandakından daha yaxşı inkişaf etmişdir? Qurbağalar və quşlar bəzi xüsusiyyətlərə görə insandan daha çox inkişaf etmişdir? Dəvələr və atlar gecə də, gündüz də yaxşı görür, insanın görmə qabiliyyəti isə qaranlıqda zəifləyir. Şahin insandan daha iti görür. Məgər bu o deməkdir ki, atlar və şahinlər insandan daha çox inkişaf etmişdir? Əgər özünü təmin etməni dövlətlərin inkişafına qiymət verməkdə istifadə edildiyi kimi canlılarda da inkişafın meyarı olaraq qəbul etsək, onda bitkilər insandan və bütün heyvanlardan üstündür. Çünki, onlar həm özləri, həm də başqa canlılar üçün qida məhsulu hazırlayır, özləri isə yemlənməyə möhtac olmur. Əgər ölçüləri inkişafın meyarı olaraq qəbul etsək, onda dəvələr, fillər və qədim heyvanlar insandan daha çox inkişaf etməliydi.

Paylaş: