10. Yunus surəsi

"Yunus" surəsi, 109 ayə,
  Məkkədə nazil olub.

  Mərhəmətli və Rəhmli Allahın adı ilə!                                                                                  

 

1. Əlif. Ləm. Ra. Bu, hikmətli Kitabın ayələridir.

2. İçərilərindən bir adama: "İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların mükafatı vardır!"– deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: "Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!"– dedilər.

3. Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?

4. Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

5. Günəşi işıqlı, ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə ona mənzillər (səfhələr) müəyyən edən Odur. Allah bunları yalnız haqq naminə yaratmışdır. O, ayələri bilən adamlara belə izah edir.

6. Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan adamlar üçün dəlillər vardır.

7. Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların –

8. məhz onların qazandıqları günahlara görə sığınacaqları yer Oddur.

9. İman gətirib saleh əməllər işlədənləri Rəbbi imanlarına görə doğru yola yönəldər. Nəim bağlarında onların ayaqları altından çaylar axar.

10. Onların oradakı duası: "Allahım! Sən pak və müqəddəssən!", orada bir-birlərini salamlaması: "Salam!" sözü və dualarının sonu: "Həmd olsun aləmlərin Rəbbi Allaha!" sözləri olacaq.

11. Əgər Allah insanlara istədikləri xeyri tez verdiyi kimi, şəri də tez versəydi, əlbəttə, onların əcəli çatmış olardı. Bizimlə qarşılaşacaqlarına ümid etməyənləri isə azğınlıqları içində sərgərdan dolaşan vəziyyətdə tərk edərik.

12. İnsana bəla üz verdikdə uzananda da, oturanda da, ayaq üstə olanda da Bizi çağırar. Bu bəlanı ondan sovuşdurduqda isə sanki ona üz vermiş bəladan ötrü Bizi çağırmamış kimi çıxıb gedər. Həddi aşanlara etdikləri əməllər beləcə gözəl göstərildi.

13. Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq.

14. Sonra onların ardınca sizi yer üzündə xələflər etdik ki, görək necə davranacaqsınız.

15. Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: "Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!" De: "Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram".

16. De: "Əgər Allah istəsəydi, mən onu sizə oxumazdım, O da onu sizə bildirməzdi. Mən axı bundan öncə də sizin aranızda yaşamışam. Məgər bilmirsiniz?"

17. Allaha qarşı yalan uydurandan və ya Onun ayələrini yalan hesab edəndən daha zalım kim ola bilər? Doğrudan da, günahkarlar nicat tapmazlar.

18. Onlar Allahı qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilənlərə ibadət edir və: "Onlar Allah yanında bizim şəfaətçilərimizdir!"– deyirlər. De: "Yoxsa Allaha göylərdə və yerdə bilmədiyi bir şeyimi xəbər verirsiniz?" Allah onların qoşduqları şəriklərdən uzaqdır və ucadır.

19. İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.

20. Onlar deyirlər: "Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?" De: "Qeyb ancaq Allaha aiddir. Gözləyin, şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm".

21. İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: "Allah daha tez hiylə qurar". Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.

22. Sizi quruda və dənizdə hərəkət etdirən Odur. Siz gəmilərdə olduğunuz, gəmilər də içindəkiləri xoş bir küləklə apardığı və onlar buna sevindikləri zaman birdən fırtına qopar və dalğalar hər yandan onların üstünə gələr. Dalğaların onları bürüyəcəyini yəqin etdikdə isə Allaha – dini məhz Ona aid edərək yalvarıb deyərlər: "Əgər bizi bundan xilas etsən, əlbəttə, şükür edənlərdən olarıq".

23. Allah onları xilas etdikdə isə dərhal haqsız olaraq yer üzündə azğınlıq edərlər. Ey insanlar! Azğınlığınız yalnız sizin öz əleyhinizədir. Bunlar dünya həyatının keçici zövqləridir. Sonra isə dönüşünüz Bizə olacaq, Biz də nə etdikləriniz barədə sizə xəbər verəcəyik.

24. Dünya həyatının məsəli göydən endirdiyimiz suyun məsəlinə bənzəyir ki, onun sayəsində insanların və heyvanların yediyi yer bitkiləri bir-birinə qatışır. Nəhayət, yer öz bərbəzəyinə bürünüb rövnəqləndiyi və onun sakinləri ona (onun məhsulunu yığmağa) qadir olduqlarını güman etdikləri zaman gecə yaxud gündüz əmrimiz yerə yetişər. Biz onu, elə bir biçilmiş sahəyə döndərərik ki, sanki dünən heç bol məhsulu olmamışdı. Biz ayələri düşünən adamlar üçün beləcə izah edirik.

25. Allah əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola yönəldir.

26. Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.

27. Pis işlər görənlərə isə pisliyin cəzası onun misli qədər verilər. Onları zillət bürüyər. Onları Allahdan qoruya bilən bir kimsə də yoxdur. Onların üzləri sanki zülmət gecənin parçalarına bürünmüşdür. Onlar Od sakinləridir və orada əbədi qalacaqlar.

28. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə: "Siz də, şərikləriniz də yerinizdə qalın!"– deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: "Siz bizə ibadət etmirdiniz.

29. Bizimlə sizin aranızda Allahın şahid olması yetər. Doğrudan da biz sizin ibadətinizdən xəbərsiz idik".

30. Orada hər bir nəfər keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.

31. De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!" De: "Bəs belə olduğu halda Allahdan qorxmursunuz?"

32. O sizin Haqq Rəbbiniz olan Allahdır. Haqdan sonra zəlalətdən başqa nə ola bilər? Siz necə də haqdan döndərilirsiniz!

33. Beləliklə fasiqlərin iman gətirməyəcəyinə dair Rəbbinin Sözü doğru çıxdı.

34. De: "Allaha qoşduğunuz şəriklərdən eləsi varmı ki, hər hansı bir məxluqu ilk dəfə yaratsın, öldükdən sonra onu əvvəlki halına qaytarsın?" De: "Məxluqu ilk dəfə Allah yaradır, öldükdən sonra onu əvvəlki halına qaytarır. Siz necə də haqdan döndərilirsiniz!"

35. De: "Allaha qoşduğunuz şəriklər arasında haqqa yönəldən bir kimsə varmı?" De: "Allah Öz qullarını haqqa yönəldir. Elə isə deyin görək haqqa yönəldən kəs arxasınca gedilməyə daha çox layiqdir, yoxsa özünə doğru yol göstərilməyincə onu tapa bilməyən kəs? Sizə nə olub? Necə mühakimə edirsiniz?"

36. Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir.

37. Bu Quran Allahdandır, Ondan başqası tərəfindən uydurula bilməz. Lakin o, özündən əvvəlkiləri təsdiqləyən və aləmlərin Rəbbi tərəfindən nazil edilmiş, içində də heç bir şəkk-şübhə olmayan kitabları müfəssəl izah edəndir.

38. Yoxsa: "Muhəmməd onu özündən uydurdu!"– deyirlər. De: "Əgər doğru danışırsınızsa, ona bənzər bir surə də siz gətirin və Allahdan başqa, kimi bacarırsınızsa, köməyə çağırın!"

39. Xeyr! Onlar elmini qavraya bilmədikləri və hələ yozumu onlara gəlməmiş bir şeyi (Quranı) yalan hesab etdilər. Onlardan əvvəlkilər də yalan hesab etmişdilər. Bir gör zalımların aqibəti necə oldu.

40. İçərilərində ona (Qurana) inananlar da var, ona inanmayanlar da. Rəbbin fitnə-fəsad törədənləri daha yaxşı tanıyır.

41. Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam".

42. Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa, sənmi eşitdirəcəksən?

43. Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə, sənmi doğru yola yönəldəcəksən?

44. Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.

45. Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.

46. Onlara vəd etdiyimiz əzabın bəzisini sənə göstərsək və yaxud da göstərmədən öncə səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə Şahiddir.

47. Hər ümmətin bir elçisi vardır. Elçiləri gəldikdə onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

48. Kafirlər deyirlər: "Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?"

49. De: "Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər".

50. Müşriklərə de: "Söyləyin görüm, əgər Onun əzabı sizə gecə yaxud gündüz gələcəksə, onda günahkarlar bunlardan hansını tələsik istəyəcəklər?

51. Əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!"

52. Sonra zalımlara deyiləcəkdir: "Dadın əbədi əzabı! Məgər siz ancaq qazandığınız günahlara görə cəzalandırılmırsınızmı?"

53. Səndən: "O əzab doğrudurmu?"– deyə xəbər alırlar. De: "Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz də ondan yaxa qurtara bilməyəcəksiniz".

54. Əgər zalım olan hər kəs yer üzündə olanların hamısına sahib olsaydı, mütləq onu əzabdan qurtarmaq üçün fidyə verərdi. Onlar əzabı gördükdə dərindən peşman olarlar. Onların arasında ədalətlə hökm verilər və onlara zülm edilməz.

55. Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Bilin ki, Allahın vədi haqdır, lakin onların çoxu bunu bilmir.

56. O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız.

57. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstəricisi və mərhəmət gəlmişdir.

58. De: "Bunlar Allahın lütfü və mərhəməti sayəsindədir!" Qoy onlar buna sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir.

59. De: "Allahın sizə nazil etdiyi ruzi barədə söyləyin görüm, onun bir qismini haram, bir qismini isə halal saydınız". De: "Allahmı sizə izin verdi, yoxsa Allaha iftira yaxırsınız?"

60. Allaha qarşı yalan uyduranların Qiyamət günü barədə fikirləri nədir? Həqiqətən, Allah insanlara qarşı lütfkardır, lakin onların çoxu şükür etmir.

61. Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

62. Şübhəsiz ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

63. Onlar iman gətirmiş və Allahdan qorxmuşlar.

64. Dünya həyatında da, axirətdə də onlara müjdə vardır. Allahın kəlmələri əsla dəyişilməz. Bu, böyük uğurdur.

65. Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.

66. Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.

67. Gecəni rahatlanmanız üçün yaradan, gündüzü də ruzi qazanmanız üçün işıqlı edən Odur. Həqiqətən, bunda eşidən adamlar üçün dəlillər vardır.

68. Onlar: "Allah Özünə övlad götürmüşdü!"– dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?

69. De: "Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar".

70. Onlar bir müddət dünyada faydalanar; sonra onların dönüşü Bizə olar. Sonra da küfr etdiklərinə görə onlara şiddətli əzab daddırarıq.

71. Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: "Ey qövmüm! Əgər aranızda qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. Allaha qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.

72. Əgər üz çevirsəniz, bilin ki, mən sizdən heç bir mükafat istəmirəm. Mənim mükafatım ancaq Allahdadır. Mənə müsəlmanlardan olmaq əmr edilmişdir".

73. Onlar onu yalançı hesab etdilər. Biz də onu və onunla birlikdə gəmidə olanları xilas etdik, onları yer üzünə xələflər təyin etdik. Ayələrimizi yalan hesab edənləri isə suda batırdıq. Bir gör qorxudulanların aqibəti necə oldu!

74. Sonra onun arxasınca elçiləri öz ümmətlərinə göndərdik. Elçilər onlara açıq-aydın dəlillər gətirdilər. Onlar isə öncə yalan hesab etdiklərinə iman gətirmədilər. Biz həddi aşanların qəlblərini beləcə möhürləyirik.

75. Sonra onların arxasınca Musanı və Harunu Firona və onun əyanlarına açıq-aydın dəlillərimizlə elçi göndərdik, lakin onlar təkəbbürlük göstərdilər. Onlar günahkar bir tayfa idilər.

76. Onlara Bizim tərəfimizdən haqq gəldikdə: "Şübhəsiz ki, bu, açıq-aydın bir sehrdir!"– dedilər.

77. Musa dedi: "Əcəba, sizə haqq gəldikdə: "Bu sehrdirmi?" deyirsiniz? Halbuki sehrbazlar uğur qazanmazlar".

78. Onlar dedilər: "Gəlmisiniz ki, bizi atalarımızın tutduğu yoldan döndərəsiniz və yer üzündə böyüklük etmək ikinizə qalsın? Biz sizə iman gətirən deyilik".

79. Firon dedi: "Bütün bilikli sehrbazları yanıma gətirin!"

80. Sehrbazlar gəldikdə Musa onlara dedi: "Nə atacaqsınızsa, atın!"

81. Onlar əllərindəki ipləri və dəyənəkləri atdıqda Musa dedi: "Sizin gördüyünüz iş sehrdir. Həqiqətən, Allah onu boşa çıxaracaq. Çünki Allah fitnə-fəsad törədənlərin işini düzəltməz".

82. Günahkarlar istəməsələr də Allah Öz kəlmələri ilə haqqı bərqərar edəcək.

83. Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.

84. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmişsinizsə və müsəlman olmuşsunuzsa, Ona təvəkkül edin!"

85. Onlar dedilər: "Biz ancaq Allaha təvəkkül edirik. Ey Rəbbimiz! Bizi zalım qövmün əlində sınağa çəkmə!

86. Və bizi Öz mərhəmətinlə kafir qövmün əlindən qurtar".

87. Biz Musaya və onun qardaşına: "Camaatınız üçün Misirdə evlər hazırlayın, evlərinizi namazgah edin və namaz qılın. Möminləri müjdələ!"– deyə vəhy etdik.

88. Musa dedi: "Ey Rəbbimiz! Sən Firona və onun əyanlarına dünya həyatında zinət və mal-dövlət bəxş etdin. Ey Rəbbimiz! Onlar insanları Sənin yolundan sapdırırlar. Ey Rəbbimiz! Onların mal-dövlətini məhv et və qəlbini sərtləşdir ki, ağrılı-acılı əzabı görməyincə iman gətirməsinlər".

89. Allah dedi: "Hər ikinizin duası qəbul olundu. Dəvətinizdə möhkəm olun və nadanların yoluna uymayın!"

90. Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət Firon dənizdə batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!"

91. Firona deyildi: "İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun.

92. Bu gün sənin bədənini xilas edəcəyik (sahilə çıxaracağıq) ki, səndən sonra gələnlərə ibrət olasan". Həqiqətən də, insanların çoxu ayələrimizdən xəbərsizdir.

93. Biz İsrail oğullarını gözəl bir yurda sakin etdik və onlara pak ruzilərdən verdik. Onlar özlərinə elm gələnə qədər ixtilafa düşmədilər. Şübhəsiz ki, Rəbbin, ixtilafa düşdükləri şey barəsində Qiyamət günü onların arasında hökm verəcəkdir.

94. Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma.

95. Allahın ayələrini yalan sayanlardan da olma, yoxsa ziyana uğrayanlardan olarsan.

96. Həqiqətən, sənin Rəbbinin Sözü özlərinin əleyhinə doğru çıxmış kimsələr iman gətirməzlər.

97. Onlara ayələrin hamısı gəlsə belə, ağrılı-acılı əzabı görməyincə iman gətirməzlər.

98. Əzab gəldiyi an, Yunusun qövmündən başqa, iman gətirib imanı özünə fayda verən bir məmləkət əhli olubmu? Yunusun qövmü iman gətirəndə onlardan dünya həyatında rüsvayçılıq əzabını sovuşdurduq və onlara müəyyən vaxta qədər fani nemətlərdən faydalanmaq imkanı verdik.

99. Əgər Rəbbin istəsəydi, yer üzündə olanların hamısı iman gətirərdi. İnsanları mömin olmağa sənmi məcbur edəcəksən?

100. Allahın icazəsi olmadan heç kəs iman gətirə bilməz. Allah anlamayanları qəzəbə uğradar.

101. De: "Görün göylərdə və yerdə nələr var". Lakin iman gətirməyən adamlara dəlillər və xəbərdarlıqlar heç bir fayda vermir.

102. Yoxsa onlar özlərindən əvvəl gəlib-gedənlərə üz vermiş əzablı günlərin bənzərinimi gözləyirlər? De: "Gözləyin! Şübhəsiz ki, mən də sizinlə birlikdə gözləyənlərdənəm".

103. Sonra elçilərimizi və möminləri xilas edərik. Möminləri xilas etmək Bizə vacibdir.

104. De: "Ey insanlar! Dinimə şəkk edirsinizsə, bilin ki, mən Allahdan başqa tapındıqlarınıza deyil, canınızı alacaq Allaha ibadət edirəm. Mənə möminlərdən olmaq əmr edilmişdir".

105. Sən hənif olaraq üzünü dinə tərəf çevir və müşriklərdən olma.

106. Allahı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan.

107. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

108. De: "Ey insanlar! Rəbbinizdən sizə haqq gəlmişdir. Kim doğru yolla getsə, xeyri onun özünə dəyər, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Mən sizi qoruyan deyiləm".

109. Sənə nazil edilən vəhylərə tabe ol və Allah Öz hökmünü verənə qədər səbir et. O, hökmranların ən yaxşısıdır.