Quranda İsa peyğəmbərin ölməsini necə başa düşək?

    02.10.2016
Sual: 
Salamu aleykum.«Allah dedi: “Ey İsa! Mən sənin həyatına son qoyub Özümə tərəf ucaldacağam. Səni inkar edənlərdən uzaqlaşdırıb təmizləyəcəyəm. Və sənə tabe olanları inkar edənlərin üstündə tutacağam. Sonra sizin dönüşünüz Mənə olacaq. Mən də ixtilafa düşdüyünüz şeylər barəsində sizin aranızda hökm verəcəyəm“» («Ali-İmran» surəsi, 3/55). “Mən onlara ancaq Sənin mənə əmr etdiyini: “Mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha qulluq edin!”– demişəm. Nə qədər ki, onların arasında idim, mən onlara şahid idim. Sən məni vəfat etdirəndən sonra isə onlara nəzarət edən Özün oldun. Sən hər şeyə Şahidsən” («Maidə» surəsi, 5/117).bu ayələrdə Allah İsa peyğəmbərin öldüyünü deyir.bu barədə açıqlamaverin
Cavab: 
Və aleykum Salam. Qurani-kərimdə və səhih hədislərdə İsanın (Allah ondan razı olsun) öldürülmədiyini, Allahın dərgahına qaldırıldığını və Qiyamətə yaxın yenidən yer üzünə göndəriləcəyini xəbər vermişdir. Uca Allah buyurur: "Onlar həm də küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!"– dediklərinə görə lənətə düçar edildilər. Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq İsanın bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir". (ən-Nisa, 156-158).
Qiyamətin 10 böyük əlamətindən biri də odur ki, İsa peyğəmbər Qiyamətdən əvvəl təkrar yer üzünə enəcək və Dəccalı öldürəcək: "Həqiqətən, (İsanın yer üzünə enməsi) Saatın (yaxınlaşmasının) əlamətidir. (Qiyamətə) şəkk etməyin və Mənə tabe olun. Budur, düz yol!" (əz-Zuxruf, 61). Daha ətraflı: Qiyamətin böyük əlamətləri
Qeyd etdiyiniz Ali-İmran surəsinin 55-ci ayəsi haqqında təfsir alimləri ixtilaf etmişlər. Qatadə və başqaları burada əvvəlcə Allahın yanına ucalmaq, sonra ölmək mənasının olduğunu demişlər. Digərləri isə burada ölməyin yuxu mənasında olduğunu demişlər, çünki yuxu və ölüm qardaşdır. Uca Allah buyurur: "Allah ölənlərin canını ölüm anında, ölməyənlərin canını isə onlar yuxuda ikən alır. Ölümünə hökm verdiyi kəsin canını saxlayır, digərini isə müəyyən olunmuş vaxtadək buraxır. Həqiqətən, bunda ağıl sahibləri üçün dəlillər vardır". (əz-Zumər, 42). Həmçinin oxuyun: İsa peyğəmbərin doğum və vəfat etmə tarixi nə vaxtdır?
Paylaş: