1. Müqəddimə
Mərhəmətli, Rəhmli Allahın adı ilə!
Şübhəsiz ki, həmd Allaha məxsusdur! Biz Ona həmd edir, Onu köməyə çağırır, Ondan bağışlanma və bizi doğru yola yönəltməyi diləyir, nəfslərimizin şərindən və pis əməllərimizdən qorunmaq üçün yalnız Ona pənah aparırıq. Allah kimə hidayət verərsə o, doğru yolda olar, kimi azdırarsa onu doğru yola yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, təkdir, şəriki yoxdur və şahidlik edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Ona, onun ailəsinə, onun əshabələrinə və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərə Allahın salavatı və çoxlu salamı olsun!
Bu, mənim “Quran və Sünnədən götürülmüş zikrlər, dualar və ovsunla müalicə” kitabımdan ixtisar etdiyim müxtəsər variantdır. Səfərdə daşınması asan olsun deyə onun “zikrlər” bölməsini saxlayıb qalan hissəsini ixtisar etdim.
Mən bu kitabda ancaq zikrlərin mətnini yazmış və hər zikrin mənbəsini göstərmək üçün orijinalda olan bir və ya iki mənbəni qeyd etməklə kifayətlənmişəm. Hədisi rəvayət edən əshabənin kim olduğunu öyrənmək və ya daha çox mənbəni bilmək istəyən kəs orijinala müraciət etsin. Qüdrət və qüvvət sahibi olan Allaha – Onun gözəl adları və uca sifətləri ilə yalvarıram ki, bunu Kəramətli Üzü xatirinə olan xalis əməllərdən etsin, həyatımda və ölümümdən sonra onunla mənə, habelə onu oxuyan, çap edən və yayılmasına can atan hər kəsə fayda versin. Şübhəsiz ki, pak və müqəddəs Allah bunlara hamidir və buna qadirdir. Peyğəmbərimiz Muhəmmədə, onun ailəsinə, onun əshabələrinə və Qiyamət gününədək gözəl tərzdə onların ardınca gedənlərə Allahın salavatı və salamı olsun!
Müəllif.
Hicri 1409-cu il, Səfər ayı