Adəm peyğəmbər cənnətdən qovulmasaydı, biz orada əbədi qalacaqdıq?
Və aleykum Salam. Əvvəla bunu qeyd edək ki, Uca Allah Adəmi yer üzündə xəlifə etmək və orada yaşayıb Allahın ona yazdığı ömrü başa vurmaq üçün yaratmışdı. Necə ki Uca Allah bu xüsusda buyurur: "Bir zaman sənin Rəbbin mələklərə demişdir: "Mən yer üzündə bir xəlifə bərqərar edəcəyəm!" (əl-Bəqərə, 30). Adəm (Allahın ona salamı olsun) və onun zürriyyəti (nəsli) yer üzünə endirilmək üçün yaradılmışdı. Uca Allah bunu Adəm hələ yaradılmazdan əvvəl, məxluqatı yaratmazdan əlli min il əvvəl təqdir etmişdi. Necə ki, hədisdə Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Allah göyləri və yeri yaratmamışdan əlli min il əvvəl bütün məxluqatın qədərini yazmışdır. (Bu zaman) Onun Ərşi suyun üzərində idi". (Səhih Muslim, 5/509). Uca Allah bir şeyi təqdir etdikdə onun baş verməsi üçün səbəbləri təqdir edir. Uca Allahın təqdir etdiyi işlərdən biri də bu idi ki Adəm yer üzündə xəlifə olsun və yer üzündə onun nəsli yaşasın. Necə ki, buyurur: "O sizi torpaqdan yaratdı və sizi orada sakin etdi". (Hud, 61). Uca Allah Adəmin Həvva ilə birlikdə Cənnətdəki qadağan olunmuş ağacdan yemələrini yer üzünə enmələrinə səbəb etmişdir ki, bu hadisə onun zürriyyətinə ibrət olsun və düşmənlərinin İblis olduğunu bilsinlər, bununla da əcdadlarını azdıran bu şeytana tabe olmasınlar. Uca Allah bu xüsusda buyurur: "Biz dedik: "Ey Adəm! Bu, həm sənin, həm də zövcənin düşmənidir. O sizi Cənnətdən çıxartmasın, yoxsa bədbəxt olarsan. Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!" Şeytan ona vəsvəsə edib dedi: "Ey Adəm! Sənə əbədiyyət ağacını və tükənməyəcək bir mülkü göstərimmi?" İkisi də ondan yedilər və ayıb yerləri özlərinə göründü. Onlar üstlərinə Cənnət ağaclarının yarpaqlarından örtməyə başladılar. Beləliklə, Adəm Rəbbinə asi olub səhv yol tutdu. Sonra Rəbbi onu seçib tövbəsini qəbul etdi və onu doğru yola yönəltdi. Allah buyurdu: "Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstəricisi gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirəcəyik". (Taha, 117-124).
Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Adəm ilə Musa Allahın yanında mübahisə etdilər. Adəm Musaya qələbə çaldı. Musa dedi: "Sən o Adəmsən ki, Allah səni öz əli ilə yaratdı. Sənə Öz tərəfindən ruh üfürdü. Mələkləri sənə səcdə etdirdi və səni öz Cənnətində sakin etdi. Sonra etdiyin günahın səbəbi ilə insanları Yer üzərinə endirdin". Adəm isə ona: "Sən, Allahın Öz risaləsi və kəlamı ilə seçdiyi etdiyi Musasan və sənə işində hər şeyin bəyanı olan lövhələri verdi. Səni sirdaş olaraq özünə yaxınlaşdırdı. Tövratda Allahın məni yaratmazdan neçə il əvvəl yazdığına rast gəldınmi?" deyə söylədikdə, Musa belə buyurdu: "Qırx il (əvvəl)". Adəm ona: "Orada: "Adəm Rəbbinə asi oldu və yoldan çıxdı" (ayəsinə) rast gəldinmi?" deyə söylədi. Musa: "Bəli!" cavabını verdi. Adəm belə buyurdu: "İndi də məni yaratmazdan qırx il əvvəl qədərimə yazılmış işi etdiyimə görə qınayırsan?!" Peyğəmbər: "Beləliklə, Adəm Musaya qalib gəldi!" deyə buyurdu". (Səhih əl-Buxari, 6614; Səhih Muslim, 2652).
Odur ki, bir insanın: "Biz Adəmin günahına görə yer üzündəyik, onun günahına görə cəzalanırıq" deməsi səhv fikirdir. Hətta bəziləri belə deyirlər: "Adəm və Həvva qadağan olunmuş ağacdan yeməsəydilər yer üzünə enməzdilər", sözsüz ki bu da səhv fikirdir. Çünki, əgər bu səbəb olmasaydı Uca Allah Adəmin və Həvvanın yer üzünə enmələri üçün başqa bir səbəb edərdi. Adəm və Həvvanın yer üzünə enmələri Allahın əzəli qədərinə görə olmuşdur. Bu təqdir Adəm yaranmazdan əvvəl olmuşdur. Adəm və Həvvanın etdikləri bu günah sadəcə səbəb olmuşdur. Əgər bu səbəb olmasaydı başqa bir səbəb olardı. Həmçinin oxuyun:
İnsan nə üçün yaradılıb?
Qədərə iman
Qədərə iman gətirməyin faydaları