Günahların bağışlanması üçün hansı günlərdə çimmək lazımdır?

    23.06.2017
Kimdən: 
Elsa
Sual: 
Salam. Hansi gunler çimmek duzgundur gunahlari temizleyer? Onceden teşekkurler
Cavab: 

Və aleykum Salam. Günahların bağışlanması hansısa xüsusi gündə çimmək dinimizdə buyurulmayıb. Ancaq, cümə və bayram (Ramazan və Qurban) günlərində qüsl almaq savabı böyük olan əməllərdəndir. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir insan cümə günü qüsl alar (çimər), bacardığı qədər təmizlənər, evində olan ətirdən ətirlənər, sonra (evindən) çıxıb məscidə gələr və (ön tərəfə keçmək üçün) iki nəfəri ayırmaz, istədiyi qədər namaz qılar və imam xütbə verdiyi zaman susarsa, qıldığı cümə ilə qarşıdakı cümə arasında baş verəcək günahları bağışlanar". (əl-Buxari, 883).
Həmçinin, böyük günahlara görə tövbə, kiçik günahlara görə "əstəğfirullahə" (Allahdan bağışlanma diləyirəm) deyərək istiğfar (bağışlanma) diləmək və yaxşı əməlləri artırmaq da günahların bağılanmasına səbəblərdəndir. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Ey insanlar! Allaha tövbə edin! Mən Ona gündə yüz dəfə tövbə edirəm!" (Muslim, 4/2076).
Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayət edir ki, bir nəfər Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib, naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi. Uca Allah da bu ayəni nazil etdi: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır". (Hud, 114). Adam soruşdu: "Ey Allahın Elçisi! Bu hökm yalnız mənə aiddir?" Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu, ümmətimdən olan hər kəsə aiddir!" (əl-Buxari, 526). Həmçinin, Uca Allah buyurur: "Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir! Hər kəs tövbə edib yaxşı iş görsə, o, şübhəsiz ki, Allaha tərəf yaxşı bir dönüşlə (Allahın rizasını qazanmış halda) dönər". (əl-Furqan, 70-71). Habelə, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Harada olursan ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!" (ət-Tirmizi, 1987; İmam Əhməd, 21681). Həmçinin oxuyun:
Müsəlmanın qalası (dua və zikrlər) kitabçası: Günah edən kəs nə deməli və nə etməlidir?
Tövbə etsəm, Allah məni bağışlayarmı? 
Bağışlanma diləmək və tövbə etmək
Günahı necə tərgitmək olar?
Günahların bağışlanması üçün oruc tutmaq olarmı? 

Paylaş: