Namazda və ya dəstəmaz aldıqda "Ayətul-Kursi"-ni oxumaq olar?
Aleykum salam. Namazda qiyam halında əl-Fatihə surəsindən sonra istənilən surəni və ya ayəni oxumaq olar. Həmçinin "Ayətul-Kursi" (əl-Bəqərə, 255) bura daxildir. Lakin səcdədə surə və ayə oxumaq olmaz. Səcdədə "subhanə rabbiyəl-azim" duasını və Peyğəmbərimizin (salləllahu aleyhi və səllm) səhih hədislərində gələn digər duaları demək olar. Hədislərdə namazda qiyam vəziyyətində Quran oxumaq, rükuda çox zikr etmək, səcdədə isə çox dualar etmək buyurulur. Qiyam vəziyyətində və rükuda dua etmək, səcdədə də Quran oxumaq qadağan edilir.
Dəstəmaz alanda da Ayətul-Kursini oxumaq olmaz. Çünki Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) hədislərində dəstəmaz aldıqda Quran ayələri oxumaq buyurulmamışdır. Hədislərdə bildirilir ki, dəstəmaza başlayanda "Bismilləh - Allahın adı ilə!" demək və dəstəmaz alıb qurtardıqdan sonra isə bu duaları "Əşhədu əl lə iləhə illəllahu vahdəhu lə şərikə ləhu va əşhədu ənnə Muhəmmədən abduhu va rasuluhu - Şəhadət verirəm ki, Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O təkdir, şəriksizdir. Və şəhadət verirəm ki, Məhəmməd Onun qulu və elçisidir". (Muslim, 1/209).
"Allahummə-calni minə-t-təvvabin vacalni minəl mutatahhirin - Allahım! Məni tövbə edənlərdən və təmizlənənlərdən et". (ət-Tirmizi, 1/78).
"Subhanəkə Allahummə va bihəmdikə, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə va ətubu ileykə - Ey nöqsansız və pak olan Allahım, Sənə həmd olsun! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlanmağımı diləyir və Sənə tövbə edirəm". (İrvaul-Ğalil, 1/135 və 2/94) oxumaq olar.