Namaza başlamağa mane olan şübhələr...

    12.12.2017
Kimdən: 
Ads
Sual: 
Salam aleykum. Namaz qılmaq istəyirəm? amma fikirləşirəm ki, birdən haçansa namazı tərk edərəm və daha böyük günah olar. Belə fikir düzdürmü?
Cavab: 

Və aleykum Salam. Namaza başlamaq istəyənə müxtəlif vəsvəsələr gəlir. Şeytan bu vəsvəsələrlə insanın namaz qılmasının qarşısını hər vəchlə almaq istəyir. Bu vəsvələrə fikir vermək lazım deyil. Bu vəsvəslərin bəzilərini qeyd etmək istəyirik:

1. "Namazın sözlərini əzbərləyə bilmədiyimə görə namaza başlaya bilmirəm" vəsvəsəsi; Namazın sözlərini əzbərləyə bilməkdə çətinlik çəkən insan namazın sözləri olan kağızı əldə tutub və ya yanına qoyub ora baxa-baxa namazını qıla bilər. Belə etsə Allahın izni ilə bir müddətdən sonra namazın sözləri yadında qalacaq. 

2. "Namaza başlasan birdən nə vaxtsa ata bilərsən" vəsvəsəsi; Namaza başlamaq istəyən insana şeytan tərəfindən şübhələr gəlir ki, "namaza başlasan birdən nə vaxtsa ata bilərsən" və ya "birdən davamlı qıla bilməsən namazı atacaqsan, bu isə daha böyük günahdır". Bu kimi fikirlər şeytanın vəsvəsələrindən sayılır. Ona görə də bu vəsvəsələrə fikir verməyərək tezliklə namaza başlayın. Uca Allah buyurur: "Biz səndən əvvəl elə bir elçi, elə bir peyğəmbər göndərməmişik ki, o, (ayələrimizi) (oxumaq) istədikdə və ya arzu etdikdə Şeytan onun arzusuna (diləyinə vəsvəsə yolu ilə) bir xələl qatmasın! (Yaxud o, ayələrimizi oxumaq istədiyi zaman Şeytan onu çaşdırıb oxuduğu ayə barəsində pis bir fikir təlqin etməsin!) Lakin Allah Şeytanın gizlicə təlqin etdiyi vəsvəsəsini yoxa çıxarar. Sonra isə Allah Öz ayələrini möhkəmlədər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!" (əl-Həcc, 52). 

Siz namaza başlayın ki, namaz vasitəsi ilə siz o vəsəvələrədən və digər günahlardan Allahı izni ilə uzaqlaşacaqsınız: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək (Allahın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir!" (əl-Ənkəbut, 45). 
Uca Allah insanları imana və bağışlanmaya çağırır. Açıq-aşkar düşmən olan şeytan isə öz vəsvəsələrilə onun əksinə dəvət edir: "Allah günahlarınızı bağışlamaq və sizə müəyyən bir vaxta qədər möhlət vermək üçün imana dəvət edir". (İbrahim,10).
"...Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa dəvət edir. O, Öz ayələrini insanlara bəyan edir ki, bəlkə, düşünüb ibrət alsınlar...". (əl-Bəqərə, 221).
"Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır". (Fatir, 6).

"İman gətirənlər Allah yolunda, inkar edənlər isə şeytan yolunda vuruşurlar. O halda, şeytanın dostları ilə vuruşun! Şübhəsiz ki, şeytanın hiyləsi (vəsvəsəsi) zəifdir!" (ən Nisa, 76); "(Şeytan deyəcək) ... Əslində, mənim sizin üzərinizdə heç bir hakimiyyətim yox idi. Lakin mən sizi (günah işləməyə, Allah`a asi olmağa çağırdım), siz də mənə uydunuz. İndi məni yox, özünüzü qınayın. Nə mən sizin dadınıza çata bilərəm, nə də siz mənim dadıma. Mən öncə sizin məni Allah`a şərik qoşmanızı da inkar etmişdim”. Həqiqətən, zalımları şiddətli əzab gözləyir... "(İbrahim, 22).

3. "Həyəcanlı olduğuna görə namaza başlamaq üçün ilk addımı ata bilməmək" vəsvəsəsi; Namaza başlamaq istəyən insan müəyyən həyəcan keçirir, bunun da nəticəsində namaza başlamaq üçün ilk addım ata bilmir. Hər bir namaza başlamaq istəyən kəs bu həyəcanı keçirir. Bu özü yaxşı bir haldır. Yadda saxlamaq lazımdır ki, bu istək hər şeyi bilən və hər şeydən xəbərdar olan Allaha ibadət etməyə başlamaq istəyidir. Uca Allah Qurani-Kərimdə insanı daima Özünə tərəf gəlməyə səsləyir və Onun çağırışını qəbul edənlərə öz qayğısını və mərhəmətini göstərəcəyini vəd edir. Uca Allah bu dünyada hər kəsə yardım edir, lakin İslamı qəbul etmək, namaz qılmaq, Ona üz tutmaq istəyən hər kəsə xüsusi yardım edir. Namaza başlayan insan Allahın izni ilə bunun şahidi olacaq. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah buyurur: "Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm". (əl-Buxari, 6856).

4. "Şərait olmadığına görə namaza başlaya bilmirəm" vəsvəsəsi; Namaza başlamaq istəyən insan şəraitsizlikdən qorxmamalıdır. Belə ki, Namaz qılmaq üçün insandan hansısa şəraitin olmasını gözləmək lazım deyil. Minlərlə insan qızmar günəş altında, kəskin soyuqda və digər çətin şəraitlərdə namaz qılır. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaqdır və namazı əvəz edə biləcək bir əməl də yoxdur. Xəstəlik təhlükəsi olduqda və ya su tapmadıqda dəstəmaz əvəzinə təyəmmüm almaq olar. Ayaq üstə dura bilmədikdə oturaraq, otura bilmədikdə isə uzanaraq namaz qılınmalıdır. Həmçinin, bilmək lazımdır ki, Uca Allah ibadəti yorğun halda, xəstə olduqda və ya çətin şəraitdə yerinə yetirənin savablarını qat-qat artırır. Bu haqda çoxlu hədislər vardır. Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Çətin şəraitdə dəstəmazı kamil şəkildə almaq, məscidə piyada getmək və bir namazdan sonra digər namazı gözləmək günahları yuyub aparır". (ət-Tirmizi, 3235, 3543).

5. "Bütün günahlardan xilas olduqdan sonra namaza başlamaq" şübhəsi; Namaz qılmaq istəyən insanlardan bəziləri elə bilirlər ki, namaza başlamaq üçün əvvəlcə bütün günahlardan çəkinmək lazımdır. Buna görə də namaza başlamaq onlara ağır gəlir. Bu səhvdir, çünki əslində Uca Allah bizə əvvəlcə namaza başlamağı və namaz vasitəsilə günahlardan çəkinməyi buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).

6. "Nəsə namaz qılmağa qoymur" vəsvəsəsi; Namaza başlamaq istəyən insana şeytan səbəbsiz olaraq hissi bir vəsvəsə verir və onun vəsvəsəsi də o hissdir ki, sanki nəsə namaz qılmağa qoymur. Bu, şeytanın vəsvəsəsidir, ona önəm verməyərək təcili namaza başlamaq lazımdır. 

7. "Əri içki içən qadın namaz qıla bilməz" şübhəsi; Namaz qılmaq istəyən, lakin buna müyəssər olmayan insanlar arasında qadınlardan elələri də var ki, əri içki içir. Həmin qadın elə bilir ki, əri içki içirsə, o qadın namaz qıla bilməz. Namaz müstəqil ibadət növüdür. Qadının ərinin içki içməsi həmin qadının namaz qılmasına maneə deyildir. Uca Allah buyurur: "Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz". (əl-İsra, 15).

8. "Hansı namazı - şiə, yoxsa sünni namazını – seçməyə görə namaz qılmağa başlaya bilməmək" vəsvəsi; Bəzi hallarda namaz qılmaq istəyən insan nə cür namaz qılmağı seçmək arasında qalır. Bilmir ki, şiə, yoxsa sünni namazı qılsın. Daha ətraflı: Sünni namazı, yoxsa şiə namazı dinimizə daha uyğundur? 

9. "Namazda hansısa hərf və ya hərəkət səhvi etməkdən qorxaraq namaz qılmamaq" vəsvəsəsi; Namaz qılmamaq özü ən böyük səhvdir. Ona görə də siz səhv eləməkdən qorxmayaraq tezliklə namaza başlayın. Namaz qılmağın insana yalnız xeyri var. Namazın sözlərini əzbərləyənə qədər kağıza baxaraq üzündən də oxumaq olar.

Teqlər: 
Paylaş: