Atanın övladına "oruc tutmasan, səni övladlıqdan siləcəm" deməsi doğrudurmu?
Va aleykum Salam. İbadət yalnız Allah üçün edilməlidir. Digər niyyətlərlə edilən ibadətlər batildir. Valideynin bu şəkildə övladını ibadətə məcbur etməsi, övladının niyyətinin Allah üçün deyil, atasından qorxmasına görə ibadət etməsinə gətirib çıxara bilər. Bu ixlasa (səmimiyyətə) zidd olduğu üçün belə ibadət batil ola bilər. Valideyn səbir edərək övladına İslamı sevdirməli, ibadətlərin əhəmiyyətini ona bildirməli, onun kimlərlə dostluq etdiyinə nəzarət etməli və özü də xeyirli əməllərdə ona nümunə olmalıdır. Valideyn övladına görə məsuliyyət daşıyır və övladının ibadətə başlamasını əsas məqsədlərdən biri etməlidir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829). Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6). Övladın da borcu günah olmayan məsələlərdə, xüsusən də Allahın əmrlərinin yerinə yetirilməsində və qadağalarından çəkindirilməsində valideynini eşidib itaət etməsidir. Həmçinin oxuyun:
Nə edim ki, övladım əməli salehlərdən olsun?
Dində məcburiyyət yoxdursa, uşaqları namaza niyə məcbur edirik?