Dində məcburiyyət yoxdursa, uşaqları namaza niyə məcbur edirik?
Salam aleykum. Uşaqlar onlara xeyirli olan şeyləri başa düşmədikləri üçün bir çox şeyləri valideynlər onlara məcburi etdirirlər. Məsələn, xeyirli qidalar yemək, vaxtında yatmaq, oxumaq və s. işlərdə məcburiyyət olduğu kimi, namaza da məcburiyyət ola bilər. Təbii ki, məcburiyyət son addımdır. Buna ehtiyac qalmaması üçün valideynlər özləri evdə namaz qılmalı, dini yaşamağa çalışmalı, saleh insanları uşaqlara nümunə göstərməli, onların kiminlə dostluq etdiyinə fikir verməli, uşaqlarda İslama rəğbət oyatmalıdırlar ki, onları məcbur etməyə ehtiyac qalmasın. Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) buyurmuşdur: "Heç bir ata övladına gözəl ədəb və tərbiyədən daha dəyərli və üstün bir sərvət qoymaz". (ət-Tirmizi).
"Övladlarınız yeddi yaşda ikən namazı əmr edin, on yaşa çatdıqda isə (əgər namaz qılmazlarsa) vurun (yüngülcə, üzə vurmaq olmaz), yataqlarını da ayırın!". (Əhməd, 3/201; Əbu Dəvud, 494; ət-Tirmizi, 407).
Övladları gözəl tərbiyə etmək valideynlərin borcudur və buna görə sorğu-sual olunacaqlar. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Hər biriniz çobansınız və öz rəiyyəti altında olanlara görə məsuliyyət daşıyırsınız. Kişi öz ailəsinin (ailə fərdlərinin) çobanıdır (himayəçisidir) və himayəsi altında olanlardan məsuldur. Qadın öz ərinin evində himayəçidir və ailəsinə görə məsuldur. Qulluqçu öz ağasının mal dövlətinə baxımından himayəçidir və buna görə məsuliyyət daşıyır. Hər biriniz çobansınız və himayəsi altında olanlara görə məsulsunuz". (əl-Buxari, 2554; Muslim, 1829).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun!" (ət-Təhrim, 6).
Həmçinin oxuyun: Nə edim ki, övladım əməli salehlərdən olsun?