Zikr nədir?

    28.02.2014

Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah buyurur: "Məni yad edin (zikr edin) ki, Mən də sizi yad edim!" (əl-Bəqərə, 152). "Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır" (əl-Əhzəb, 35)

Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər demişdir: “Allah kəlmələrdən dördünü seçdi: “Subhənəllah, əlhəmdulilləh, lə iləhə illəllah, Allahu Əkbər”. Kim “Subhənəllah”- deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim “Allahu Əkbər”- deyərsə, eynilə olar. Kim “Lə iləhə illəllah”- deyərsə, eynilə olar. Kim ürəkdən “Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)”- deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər.”

Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Peyğəmbər yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır.
Uca Allahı zikr etmək insanı Allaha yaxınlaşdırır. Peyğəmbər salləllahu aleyhi və səlləm demişdir: “Uca Allah buyurur: “Qulum Mənim barəmdə nə zənn edərsə, onu da edəcəyəm. Məni yad etdikcə onunlayam. O, Məni öz-özlüyündə yad etsə, Mən də onu Öz-Özlüyümdə yad edərəm. O, Məni camaatın yanın­da yad etsə, Mən onu onlardan daha xeyirli bir camaatın (mələklərin) yanında yad edərəm. O, Mənə bir qarış yaxınlaşsa, Mən ona bir dirsək yaxınlaşaram. O, Mənə bir dirsək yaxınlaşsa, Mən ona bir qulac yaxın­laşaram. O, Mənə doğru yeri­yərək gəlsə, Mən ona doğ­ru yüyürərək gələrəm”. (əl-Buxari, 6856).

Böyük İslam alimi imam ən-Nəvəvi bu hədisi şərh edərkən belə demişdir: “Bəndə Allaha itaət etməklə yaxınlaşarsa, Allah da ona mərhəməti və yardımı ilə yaxınlaşar. Bəndə Allaha nə qədər çox müti olarsa, Onun mərhəməti də bir o qədər çox olar. Bəndə Allahın itaətinə tələsərək gələrsə, Allah da ona mərhəmətini yağdırar, onu  qabaqlayıb məqsədinə çatmaqda çox addım atmamaq üçün əziyyətə salmaz. Bəndənin Allaha yaxınlaşmasının dərəcəsinə görə mükafatı qat-qat verilir”.
Həmçinin oxuyun:
Allahı zikr etməyin fəziləti
Müsəlmanın qalası - dua və zikrlər

Paylaş: