40 gün ərzində bütün namazları məsciddə qılan Cəhənnəmdən qorunacaqmı?
Va aleykum Salam. Ənəs ibn Malik (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi (salləllahu aleyhi və səlləm) demişdir: "Kim qırx gün birinci təkbirə çataraq camaatla namaz qılarsa, ona iki bəraət yazılar; Cəhənnəmdən və nifaqdan bəraət". (ət-Tirmizi, 241; əl-Albani "Sahihul-Camius-Sağir" əsərində (№: 6365) və Silsilətul-Əhadisis-Sahihə" kitabında (№: 2652) hədisi "həsən" olaraq təsnif etmişdir). Ümumiyyətlə Allahın öz qullarına fərz etdiyi beş vaxt namaz vardır ki, onları vaxtında, camaatla, məscidlərdə, Allahın əmr etdiyi və peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) öyrətdiyi kimi qılmaqda böyük savab vardır. Bu namazların savabı camaatla məsciddə imam arxasında qılındıqda isə daha da artar və çoxalar. Bu üstünlük və fəziləti də əldə etmək üçün daim çalışmaq lazımdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Camaat namazı tək qılınan namazdan iyirmi yeddi dərəcə üstündür". (əl-Buxari, 2/131/ №: 647; Muslim, 1/450/ №: 650).
"Kişinin camaat ilə qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi beş dəfə üstündür. Demək kimsə gözəl şəkildə dəstəmaz alar, sonra yalnız namaza getmək məqsədi ilə evindən çıxıb məscidə gedərsə, atdığı hər addımla bir dərəcə yüksələr, bir günahı bağışlanar. O namaz qıldığı müddətdə mələklər də onun üçün dua edər və deyərlər: Ey Allahım, ona xeyir-bərəkət ver və onu bağışla. Siz namazı gözlədiyiniz müddətdə namazda olmuş kimi sayılırsınız". (əl-Buxari, 2/131/ №: 647; Muslim, 1/459/ №: 649).
"Kim məscidə gedib qayıdarsa, Allah onun üçün cənnətdə ziyafət qurar. Hər dəfə gedib-gəldikdə bu təkrarlanar". (əl-Buxari, 2/148/ №: 662; Muslim, 1/463/ №: 669). Həmçinin oxuyun: İslam fiqhi: Camaat namazı