Ərimin səhhəti ilə əlaqədar övladımız olmadığı üçün ondan boşanmalıyammı?
Va aleykum Salam. Müsəlmanların evlənməsində ən böyük məqsədlərindən biri də əməli saleh övlad sahibi olaraq nəslin çoxalmasıdır. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Həyat yoldaşını sevən və qısır olmayan qadınlarla evlənin. Mən sizin çoxluğunuzla başqa ümmətlər qarşısında öyünəcəyəm". (Səhih əl-Cami əs-Sağir: №: 2940; Əbu Davud, №: 2035). Məlum olduğu kimi istər kişidə istərsə də qadında sonsuzluğun olması evliliyi bitirə biləcək nöqsanlardan hesab edilir. Ona görə də evlilikdə uşağın tələb edilməsi həm kişinin həm də qadının haqqıdır və onları bu haqqdan məhrum etmək qadağandır. Ancaq hər bir halda İslam dini övladı olmayan ailələrdə kişi və qadına ayrılıb-ayrılmamaq üzrə seçim azadlığı verib. Rəvayətlərdən birində xəbər verilir ki, Ömər ibn Xattab (Allah ondan razı olsun) sonsuz olan bir kişi evləndiyi zaman ondan bu haqda qadına deyib-demədiyini soruşaraq belə demişdir: "Evlənmək istədiyin qadına sonsuz olduğun barədə demisənmi?" Kişi: Xeyr, deməmişəm. Ömər: Onda get qadına bu haqda de, sonra səninlə qalıb-qalmamasına seçim elətdir". (İmam Abdurrazzaq əs-San'ani "əl-Musannəf" əsəri, №: 10346; Səid ibn Mənsur "əs-Sunən" kitabı, 2021).
Əgər qadın ailə quracağı kişidə belə bir qüsuru bildiyi halda evlənməyə razılıq verib yaxınlarının, ətrafındakı insanların qınaqlarına dözüb, övladının olmayacağını və tək qalacağını gözə alaraq səbr edərsə, həmin qadına ərinə etdiyi bu fədakarlıq və yaxşılığa görə Axirətdə böyük bir savab və mükafat vardır. Bu da yaxşlığın bir növüdür. Uca Allah buyurur: "Yaxşılıq edin! Həqiqətən, Allah yaxşılıq edənləri sevir". (əl-Bəqərə, 195).
İslam dini tövsiyə edir ki, belə hallarda insanın öz həyat yoldaşı ilə ailə həyatını davam etdirməsi daha xeyirlidir. Xüsusən də, əgər həyat yoldaşı dini və əxlaqı gözəl olan biridirsə, bu zaman ailə həyatının davam etməsinə üstünlük verməsi daha xeyirli və savabdır. Övlad Allahın verdiyi paydır, onu istədiyinə verir, istədiyinə vermir, istədiyinə də övlad verməyi gecikdirir. Uca Allah buyurur: "Göylərdə və yerdə səltənət Allahındır. O, istədiyini yaradır; kimə qız uşaqları, kimə də oğlan uşaqları bəxş edir. Yaxud hər ikisindən – oğlan və qız uşaqları verir, istədiyini də sonsuz edir. Həqiqətən, O, Biləndir, Qadirdir". (əş-Şura, 49-50). Odur ki, səbr edin və Allahdan ümidinizi üzməyin. Allaha çoxlu dua edin, dualarınızın qəbul olunması üçün xeyirli əməllər edin, günahlardan çəkinin və şəriətdə buyurulmuş vasitələrdən istifadə edin. Habelə əgər övlad məsələsində konkret bir problem tapılmırsa, bu halda İslam tibbindən olan ruqyə müalicəsi almaq olar. Allahdan sizə xeyirli övladlar nəsib etməsini diləyirik! Həmçinin oxuyun:
Övlad duası olurmu?
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Ruqyə (Quranla müalicə)