İstəyirəm 15 yaşım olandan sonra namaz qılım
Sual:
Salam aleykum. Mənim 12 yaşım var. Mən 11 yaşımdan bəri namaz qılırdım. Amma sonra qılmadım. Yəni dərslərim heç imkan vermədi. Bundan başqa nə isə şeytan da məni aldadırdı və mən artıq namaz qılmaqdan bezmişdim. Həmçinin mənim anam 3,4 ildir ki, namaz qılır. O, mənə tövsiyə etdi ki, namazı atım. Yəni hələ mənim namaz qılan yaşım deyil. Əslində mən də düşünürəm ki, 15 yaşım olanda namaz qılıb, hicab bağlayım. Amma ola bilsin ki, yenə məni şeytan aldatsın və mən günaha düşəm. Mən isə bunu istəmirəm sizin mənə tövsiyəniz nədir? Mən nə edə bilərəm?
Cavab:
Aleykum salam. Əvvala tövsiyəmiz budur ki, siz çalışın ki, Allah Təalanın əmrlərini yerinə yetirərək onları hər şeydən üstün tutasınız və Onun razılığını qazanasız. Bundan əlavə, insanın nə işlə məşğul olmasından asılı olmayaraq həddi büluğa çatmış hər bir şəxs namaz qılaraq Allaha ibadət etməlidir. Allah Təalanın yanında ən hörmətli bəndə, ən qiymətli insan Onun əmrlərinə tabe olandır. Yadda saxlayın ki, siz ibadət etməməklə günah qazanırsınz və bir gün Uca Allahın qarşısında buna görə cavab verməli olacaqsınız. Ona görə çalışın ki, bacardığınız qədər Uca Allahın əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinəsiniz. Həmçinin oxuyun: Nə edim ki, imanım əvvəlki kimi güclü olsun?