Keyfiyyətsiz maldan olan sədəqə haqda - əl-Bəqərə surəsi 267 - ci ayə
“Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, Tərifəlayiqdir”
Bəra ibn Azib (Allah ondan razı olsun) rəvayət edir ki, bu ayə biz ənsarlar haqqında nazil olmuşdur. O zaman bizim xurma ağaclarımız var idi və hər kəs özündə olan xurmanın miqdarına görə az və ya çox xurma gətirərdi. Bizlərdən bəziləri bir və ya iki salxım xurma gətirib məscidin yanından asardıq. Suffə əhlinin[1] isə yeməyə heç nəyi yox idi. Odur ki, onlar gəlib həmin salxımı ağacla vurar və yerə düşmüş yetişmiş və tam yetişməmiş xurmalardan yeyərdilər. Xeyirxah işlərə can atmayan bəzilərimiz isə bir salxım bürüşmüş və keyfiyyətsiz xurmanı gətirib məscidin qapısından asardı və Uca Allah da bu ayəni nazil etdi: “Ey iman gətirənlər! Qazandığınız və sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin yaxşısından Allah yolunda xərcləyin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın”. (əl-Bəqərə 267). Peyğəmbər – salləllahu aleyhi və səlləm - dedi: “Sizdən birinizə, verdiyiniz xurmalar kimi keyfiyyətsiz bir şey verilsə idi, siz onu gözünüzü yumaraq və ya utanaraq götürərdiniz!” Bəra ibn Azib (Allah ondan razı olsun) dedi: “Bundan sonra biz, ən keyfiyyətli malımızı Allah yolunda sərf etməyə başladıq”.
ət-Tirmizi, 2987, 3255; əl-Beyhəqi “Sunənul-Kubra” 7319, 7777. əl-Albani səhih olduğunu bildirmişdir.
Səhl atasından belə rəvayət edir: “Bir gün Peyğəmbər – salləllahu aleyhi və səlləm - səhabələrə Allah yolunda sədəqə verməyi əmr etdi. Onlardan biri bir salxım bürüşmüş xurma gətirdikdə Peyğəmbər – salləllahu aleyhi və səlləm: “Bunu kim gətirib?”- deyə soruşdu. Çünki hər bir xurmanın kim tərəfindən gətirildiyi ona xəbər verilirdi. Belə olduqda, bu ayə nazil oldu: “Ancaq göz yumaraq aldığınız pis, yaramaz şeylərdən vermək fikrində olmayın!” (əl-Bəqərə, 267). Sonra Peyğəmbər - saəlləllahu aleyhi və səlləm - iki növ - solğun qəhvəyi (bürüşmüş) və yarpıza oxşar (dəyməmiş) rənglərdə olan xurmadan sədəqə verməyi qadağan etdi”.
əl-Hakim, 1462; əl-Beyhəqi “Sunənul-Kubra” 7774; ət-Tabərani “Mucəmul-Kəbir” 5433; əd-Dəraqutni, 2063. Şeyx Muqbil şahidləri ilə birlikdə həsən olduğunu bildirmişdir.