Bitaqa hədisi
Abdullah ibn Amr ibn əl-As (Allah ondan razı olsun) rəvayət edir ki, Allah Elçisi - salləllahu aleyhi və səlləm - buyurdu: “Ümmətimdən olan bir kişi Qiyamət günü məxluqatın qarşısına çağırılacaq və ona doxsan doqquz ədəd kitab göstəriləcək. Hər bir kitabın ölçüsü gözün gördüyü son məsafəyə qədər olacaq. Sonra Uca Allah buyuracaq: “Bunlardan birini inkar edə bilərsənmi?” O: “Xeyr, ey Rəbbim!”- deyə cavab verəcək. Allah buyuracaq: “(Əməlləri) yazan gözətçi mələklərim sənə zülm ediblərmi? Bu qədər kitabın qabağında sənin savabın ola bilərmi?” O, qorxu içində: “Xeyr!”- deyə cavab verəcək. Allah buyuracaq: “Əksinə, dərgahımızda sənin üçün savab vardır. Odur ki, bu gün sənə zülm edilməyəcək”. Bu vaxt onun qarşısına içində “əşhədu əl-lə iləhə illəllah və ənnə Muhəmmədən abduhu və rəsuluhu” yazılmış bir kağız parçası qoyulacaq. O deyəcək: “Ey Rəbbim! Bu qədər kitabın qabağında bu kağız parçası nə fayda verə bilər?” Allah buyuracaq: “Sənə zülm olunmayacaq!” Sonra kitablar tərəzinin bir gözünə, kağız parçası isə digər gözünə qoyulacaq və bu kağız parçasının ağırlığından o kitablar havaya qalxacaq”.[1]